Əsas > Cəmiyyət > Övladlarını yaşından tez evləndirməyə çalışan valideynlərin DİQQƏTİNƏ – Bu cür cəzalanacaqsınız!

Övladlarını yaşından tez evləndirməyə çalışan valideynlərin DİQQƏTİNƏ – Bu cür cəzalanacaqsınız!


31-01-2020, 14:48. Разместил: xeberdaraz
Övladlarını yaşından tez evləndirməyə çalışan valideynlərin DİQQƏTİNƏ – Bu cür cəzalanacaqsınız!


Masallıda əri tərəfindən boğularaq qətlə yetirilən 16 yaşlı Fatimə Qəmbərova ilə bağlı hadisə yenidən erkən nikahlar məsələsini gündəmə gətirib.

Mediada bu istiqamətdə maarifləndirici fikirlər səsləndirilsə də, təəssüf ki, erkən nikahlar xüsusilə aran bölgələrində, cənub zonasında hələ də müşahidə edilir.

Psixoloq Fərqanə Mehmanqızı Primetime.az-a danışarkən deyib ki, erkən evlilik hər iki tərəfdə travmalar yaradır, müəyyən problemlərə səbəb olur:

“Və şəxslər yaşına uyğun olmayan məsuliyyətin ağırlığı altında həm şəxsiyyət, həm də psixoloji olaraq əzilir. Burada yeniyetmə, hələ tam formalaşmamış, özünü idarə etməyən, öz məsuliyyətini dərk etməyən şəxsiyyət tanımadığı bir ailənin atmosferinə düşür və ailə məsuliyyətini daşıyır. Nəzərə alsaq ki, ailədə gəlinin üzərinə düşən yük nə qədərdir, bunun travmasını da təsəvvür etməmək mümkün deyil. Erkən ana olmaq da həmçinin fərdi depressiyaya gətirib çıxarır. Adətən evlənərkən qız evi “sənin ancaq meyitin qayıda bilər” kimi cümlə qururlar. Bunu şüuraltına həkk edən qadın artıq qəbul edir və ona uyğun travma alır”.

Psixoloq qeyd edib ki, erkən nikahlar nəticəsində erkən ana olan qadın doğuşdan öncə, həmçinin sonra depressiya yaşayır:

“Belə bir psixoloji durumda olan gənc biri necə şəxsiyyət yetişdirə bilər? Sağlam cəmiyyət üçün necə sağlam fərd formalaşdıra bilər? Təbii ki, problem olacaq. Həyatda olan hər bir hadisənin, baxışın bir yaşı var. İnsan üçün anlayış yaşı mövcuddur. Ondan daha tez anlamaq insanda müəyyən problemlər yaradır. Ailə müqəddəs anlayışdır və məsuliyyətini daşıyaraq qurmaq lazımdır”.

Müsahibimiz bildirib ki, bu məsələdə əsas məsuliyyət valideyn üzərinə düşür:

“Amma valideynlər də bu istiqamətdə maarifləndirilməlidir. Düzdür, buna görə qeyri-hökumət təşkilatlarına qrant ayrılır, amma nə qədər bacarırlar göz qabağındadır. Valideynləri məlumatlandırmaq lazımdır ki, sənin övladın bu yaşda psixoloji olaraq nikaha hazır deyil. Onlar artıq dərk etməlidirlər. Çox adam deyir ki, “nənəm də, mən də bu yaşda ailə qurmuşam, nə olacaq ki”. Bunu deyərək adəti davam etdirirlər. Məktəb və ya hər hansı qurum sadəcə vasitədir. Bu baxımdan erkən nikahlarla bağlı layihə düşünülməlidir ki, qarşısı alınsın”.

Bəs qanunvericilik erkən yaşda nikahlarla bağlı nə deyir?

Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.

18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər isə uşaq-yeniyetmə hesab olunur. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə onların yaşadığı ərazinin müvafiq İcra Hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır.

Cinayət Məcəlləsinin (CM) 176.1-ci maddəsinə görə, qadını nikaha daxil olmağa məcbur etməyə görə şəxs iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə şəxs üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Digər tərəfdən CM-nin 152-ci maddəsində göstərilir ki, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olur. Belə ki, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə — üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Valideynlərin erkən yaşda və ya yetkinlik yaşına çatmış şəxsi ailə qurmağa məcbur etməsi, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaradır.
Geri qayıt