Yeni dövrdə Azərbaycanın qarşısında taleyüklü məsələlər dayanır
- 16.02.2024, 16:07,
- ---
Baxılıb: 73
Facebook
Вконтакте
Одноклассники
Google+

Dövlət başçısı cənab İlham Əliyevin fevralın 14-də Milli Məclisdə andiçmə mərasimi keçirildi. Mərasimdə möhtərəm Prezidentimiz yenidən böyük etimad və dəstək göstərdiyinə görə Azərbaycan xalqına dərin təşəkkürünü bildirərək belə bir əminliyi ifadə etdi ki, bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm. Yeni dövrün hədəflərindən bəhs etmədən öncə Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir müstəqil Azərbaycanın son 20 ildən artıq dövrdə keçdiyi inkişaf yoluna, imza atdığı zəfərlərə diqqət yetirməliyik. Bu gün qalib Azərbaycanın vətəndaşı olmağımız ilə qürur duyduğumuza görə qalib Liderimiz cənab İlham Əliyevə, rəşadətli ordumuza borcluyuq. 2003-cü ildən Ulu öndər Heydər Əliyev yolunun uğurlu davamı Azərbaycanı tarixi Zəfərinə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına qovuşdurdu. Cənab İlham Əliyev 2003-cü ildə xalqın 76,84 faiz səsini qazanaraq Prezident seçilməsindən sonra andiçmə mərasimində bu çağırışı etmişdi: “Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir.”
Dövlət başçısı 20 ildən sonra 2024-cü ilin fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən Zəfər seçkilərində xalqın 92,12 faiz səsini qazandı və andiçmə mərasimində böyük qürur və xoşbəxtlik hissi ilə bildirdi ki, qarşıda duran bütün vəzifələr icra edildi. Bu illər uğurlarla, qələbələrlə dolu illər oldu. Çətinliklər, problemlər olsa da Azərbaycan xalqı bir yumruq kimi birləşərək inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun Liderinə göstərdiyi inam və vahid amal ətrafında birləşmə bacarığıdır.
Ölkəsini daim zirvələrə aparan, müasir tariximizə adını qalib Lider kimi yazdıran Prezident İlham Əliyevin hər bir çağırışı Azərbaycanın daha möhtəşəm gələcəyinə xidmət edir. İrəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar xalqımız tərəfindən böyük dəstək qazanır. Yeni dövrə ölkədə prezident seçkiləri ilə başlanması, cənab İlham Əliyevin 92,12 faiz səs qazanaraq Prezident seçilməsi çoxəsrlik tariximizin növbəti möhtəşəm səhifəsi oldu.
Ramis Nəsibov-Bakıxanov bələdiyyəsinin sədri
