Azərbaycan xalqı tam əmin idi ki, geç-tez tarixi torpaqlarına qovuşacaq
- 16.02.2024, 16:09,
- ---
Baxılıb: 26
Facebook
Вконтакте
Одноклассники
Google+

Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Bir qarış torpağımızı belə düşmənə verməyəcəyik. Bu bəyanatlar sırasında belə bir mühüm məqam da yer tutdu ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Qalib Liderimiz ədalətə və beynəlxalq hüquqa əsaslanan bu çağırışları bəyan etdi və bunu təsdiqlədi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərdən sonra üç il bu hədəfə sülh yolu ilə nail olmaq üçün addımlar atılsa da Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmədi, əksinə hərbi təxribatlar törətməkdə davam etdi. Hadisələrin gedişi lokal antiterror tədbirlərinin həyata keçirilməsini qaçılmaz etdi. Dövlət başçısı andiçmə mərasimində bildirdi ki, biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var. Ölkə Prezidentinin 7 fevral prezident seçkilərində Xankəndi şəhərində səs verməsini şərtləndirən amilləri açıqlaması və onların fonunda “ Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi” bəyanatı da Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj oldu.
Qalib Liderin rəhbərliyi ilə bu hədəflərə də yüksək səviyyədə nail olacağıq. Prezident İlham Əliyev hədəflərimiz sırasında hərbi gücümüzün artırılmasını, xarici siyasətimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsini, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasını, günümüzün əsas çağırışı olan və böyük ailə kimi dəyərləndirilən Türk dünyasının birliyinin daha da möhkəmləndirilməsini, tarixi Zəfərimizin yeni reallıqları fonunda Qarabağımızın və Şərqi Zəngəzurumuzun bərpası prosesinin sürətləndirilməsini ən vacib amillər kimi diqqətə çatdırdı. Bu məqam xüsusi qeyd olundu ki, biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir.
Prezident İlham Əliyev təkcə cari ilin arxada qalan bir ayının sosial-iqtisadi göstəriciləri əsasında Azərbaycanın davamlı inkişafının qaçılmaz olduğunu təsdiqlədi. Bu inkişaf işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin miqyasında da özünün aydın ifadəsini tapır. Dövlət başçısı cənab İlham Əliyev yeni dövr üçün bu hədəfi açıqladı ki, bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə köçürülüb. Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Böyük Qayıdış Proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq.
Mikayıl Məmmədov-Maştağa bələdiyyəsinin sədri
