Dostluq və qardaşlıq bağlarına sədaqətin ən parlaq nümunələrindən birini prezident seçkilərindən sonra dövlət başçılarının - Türkiyə liderinin Azərbaycana, Azərbaycan liderinin isə Türkiyəyə ilk rəsmi xarici səfərləri adlandırmaq olar. Fevralın 7-də keçirilən tarixi seçkilərdən sonra da Prezident İlham Əliyev ilk xarici səfərini qardaş Türkiyəyə etdi. Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri zamanı mətbuat üçün bəyanatında bunun təbii və bir ənənə olduğunu diqqətə çatdırdı.
Artıq Azərbaycan regionun mühüm aktorlarından birinə çevrilib. Türkiyə ilə sıx əlaqələr ölkəmizin nüfuzunu daha da gücləndirir, iqtisadi və siyasi manevrlər üçün daha geniş imkanlar yaradır. Qeyd etmək ədalətli olardı ki, Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və həmrəylik üzərində qurulan münasibətlərin bu gün dünyada analoqu yoxdur. Münasibətlərimizin yüksək səviyyəsi əcdadların mənəvi irsinin nəticəsidir ki, bu da Azərbaycan və Türkiyə xalqları üçün həmişə örnək olmuş və bundan sonra da olacaqdır. Son 30 il ərzində Ankara bütün platformalarda Bakının ədalətli mövqeyini dəstəkləmiş, Qarabağın Ermənistan tərəfindən işğalına son qoymağa çağırmışdır. Azərbaycanda müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyədə Türkiyə ilə əlaqələrə xüsusi önəm verildiyi hər zaman qeyd olunur. Dövlət başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan xalqı tarixin ən mühüm anlarında, xüsusən İkinci Qarabağ müharibəsi zamanı qardaş Türkiyənin bizə diplomatik və mənəvi dəstəyini hər zaman yüksək qiymətləndirir və heç vaxt unutmur. Sirr deyil ki, bugünkü Türkiyə dünyanın ən güclü dövlətlərindən birinə çevrilib, ölkə sürətlə inkişaf edir. Son illər Türkiyə dünyanın qabaqcıl dövlətləri ilə bərabər siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə ciddi uğurlar qazanıb.
Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsində təsbit olunmuş ruhda münasibətlərin ən yüksək səviyyəsinə yüksələrək sülhə və inkişafa yol açmaqda davam edir. Dünyada analoqu olmayan bu nümunəvi münasibətlər modelini təkcə ölkələrimiz arasındakı strateji, müttəfiqlik, qardaşlıq əlaqələri deyil, həm də iki liderin şəxsi dostluğu müəyyən edir. Bunlar Azərbaycan-Türkiyə birliyinin daha da dərinləşməsi və genişlənməsi üçün ən mühüm komponentlərdir.
Vidadi Orucov-Bakı Dövlət Sosial iqtisad Kollecinin direktoru