Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Füzuli 08.08.1930-cu ildə inzibati rayon statusu almış və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. Tarixi 1827-ci ildən hesablansa da, Azıx mağarasındakı tapıntılar buranın ən qədim insan məskəni olduğunu sübut edir.
Azərbaycanın qədim və çox böyük tarixə malik bölgələrindən biri olan Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər olan əraziləri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Bakıdan 325 kilometr aralıda yerləşən rayonun ərazisi 1386 kvadratkilometrdir.
Bu bölgənin tarixi çox qədimlərə gedib çıxır. Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə aparılan tədqiqatlar nəticəsində Füzulinin qədim yaşayış məskənlərindən biri olduğu təsdiqlənib. Şəhərdən 15 kilometr aralıda yerləşən Azıx mağarasında Azıxantrop adamının alt çənəsinin sümükləri tapılıb. Bu tapıntı Füzuli rayonu ərazisində qədim paleolit dövründə insan məskənlərinin mövcudluğunu təsdiqləyir. Azıx paleolit düşərgəsində aşkar olunan maddi-mədəniyyət nümunələri Parisin İnsan muzeyində “Avorpanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilib. Hər iki abidə qədim dövrün mədəni abidələri kimi UNESCO-nun siyahısında yer alır.
Bundan başqa, Füzuli ərazisində tunc dövrünə aid Qaraköpəktəpə, Meynətəpə və digər tarixi abidələr də var. Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan Əhmədalılar, Babı və Mirəli türbələri, Karvansaray, Hacı Ələkbər məscidi, “Məşədi Həbib” hamamı və digər tarixi abidələr erməni vandalizminin qurbanı olub. Ermənistanın işğalı nəticəsində dağıdılan abidələrimizin siyahısı bununla bitmir. Horadiz kəndində XIX əsrə aid məscid binası, İmamzadə türbəsi, Saracıq və Gorazıllı kəndlərindəki tarixi körpülər, XII əsr qəbiristanlığı və digər maddi-mədəniyyət nümunələri də ermənilər tərəfindən dağıdılıb.
Füzuli rayonu qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, qeyri-adi flora və faunası, füsunkar təbiəti, mineral maddələrlə zəngin bulaqları ilə də məşhur idi. İşıqlı, Böyük Bəhmənli və Seyidəhmədli kəndlərində yaşı 1400 ilə çatan şərq çinarları təbiət abidəsi kimi mühafizə edilirdi. 1993-cü il avqustun 23-ü Füzuli rayonu ermənilər tərəfindən işğal olundu. 2020-ci ilə qədər rayonun 1993-94-cü illərdə işğaldan azad olunmuş ərazilərində 13 qəsəbə və 24 kənd mövcud olub. 1994-cü ildə Milli Ordumuzun əks-hücumu nəticəsində Horadiz qəsəbəsi və Füzulinin bir hissəsi işğaldan azad edilib. Dağılan evlər bərpa olunub, sakinlərin bir çoxu yenidən öz ata–baba yurdlarına qayıdıb.
2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi.
Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. 2020-ci il 17 oktyabr tarixində Füzuli rayonu işğaldan tam azad olunmuşdur.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzuli rayonu, geosiyasi baxımdan Azərbaycan üçün əhəmiyyətlidir. Vətən müharibəsi zamanı Füzulinin azad edilməsi, Azərbaycan üçün yalnız strateji deyil, həm də mənəvi baxımdan böyük bir əhəmiyyətə sahib oldu. Düşmən işğalından azad edilən Füzuli'də Azərbaycan bayrağının qaldırılması, hər bir Azərbaycanlı üçün nə qədər dərin mənaya sahib olduğunu bilmək üçün tarixə nəzər salmağa ehtiyac yoxdu. Bu, yalnız bir torpaq parçasının azad edilməsi deyil, elə bir tarixi, mədəni və strateji əhəmiyyətə sahib rayonun geri qaytarılmasıdır. Bayrağın bu torpağa yenidən qaldırılması, dövlətin müstəqilliyi, ərazilərin bütövlüyü və xalqın iradəsinin simvoludur. Azadlığını qaytaran rayon, strateji məqsədlərə nail olmağın və öz mədəni mirasını bərpa etməyin nişanəsidir.
İşğaldan azad olunduqdan sonra Füzulidə bərpa və inkişaf layihələri sürətlə başlanılmışdır. Dövlət və xüsusi sektorun əməkdaşlığı ilə rayonun iqtisadi, sosial və infrastruktur inkişafı üçün bir çox layihələr reallaşdırılır. Buna əlavə, beynəlxalq tərəfdaşlıq çərçivəsində bir sıra layihələr də təşkil edilir. Füzuli, Azərbaycanın tarixi, mədəni və strateji potensialına sahib bölgəsidir. İşğaldan azad olunmasından sonra başlanılan bərpa və inkişaf işləri, rayonun həm tarixini, həm də gələcəyini təsvir edir. Bu işlər, Füzulinin yalnız Azərbaycan üçün deyil, bütün region üçün də önəmli olduğunu göstərir. Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi də bölgənin inkişafında mühüm bir addımdır. Bu yol, Füzuli ilə Azərbaycan'ın mədəni incisi Şuşa şəhərini birləşdirəcək. Adından da aydın olduğu kimi, "Zəfər Yolu", qələbənin və müstəqilliyin simvoludur. Bu yolun iqtisadi və strateji əhəmiyyətindən əlavə, mədəni və mənəvi əhəmiyyəti də böyükdür. Bu yolun açılması, iki tarixi şəhər arasında mədəni və iqtisadi əlaqələrin bərpası, turizmin inkişafı üçün yeni imkanlar yaradacaq.
Füzuli, yenidən qurma və inkişaf etməklə, Azərbaycanın müstəqil və parlaq gələcəyinə doğru addımlamasını sübut edir. Füzuli rayonu, Azərbaycanın dərin tarixi və mədəni mirasının təsviridir. İşğaldan azad olunmasının ardından başlanılan bərpa və inkişaf prosesləri, rayonun gələcəyində daha böyük rol oynayacağını göstərir. Tarixi kökləri, mədəni zənginlikləri və strateji əhəmiyyəti ilə Füzuli, Azərbaycanın dünəni, bu günü və sabahı arasında köprü kimi xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıla səfəri yaddaşlarda əbədi qalacaq bir hadisə oldu. Xalq qalib ordunun Ali Baş Komandanını böyük izdihamla qarşıladı. 16 noyabr tarixində Füzuli rayonuna səfər baş tutdu və bu zaman bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılandı. Qalib Prezidentə xalqın ehtiramının sonsuz olduğu aydın görünürdü.
Uzun illərdən sonra ona qələbə hisslərini yaşadan Prezidentə xalq öz sevgisini nümayiş etdirdi. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu. Cənab İlham Əliyev hər zaman xalqın yanında olan Prezident kimi tanınır. Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü.
Eyni zamanda Prezidentin Füzuli və Cəbrayıl rayonlarına səfəri qələbənin nidasıdır! Bir müharibənin fərqli nəticələri göz önündədir. Ermənistanda öz xalqından gizlənən Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlət başçısı İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər edib. “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir.
Qalib Prezident İlham Əliyev tarix yazan ordunun yanındadır. Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu.
Maştağa qəsəbəsi, 293 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Afət Məlikova