25 yaşlı Aydın Feyzullayev də Vətən müharibəsində itkin düşənlərdən biridir. Bu barədə “Qafqazinfo”ya qəhrəmanın atası Zakir Feyzullayev məlumat verib.
Onun sözlərinə görə, oğlu sentyabrda Suraxanı Səfərbərlik Xidməti tərəfindən təlimlərə çağırılıb. Döyüşlər başlananda onları Horadizə aparıblar. Müharibənin ilk günləri ailəsiylə əlaqə saxlasa da, oktyabrın 1-dən ondan xəbər ala bilmirlər:
“Sentyabrın 27-dən hər gün mənimlə danışıb. Sonuncu dəfə sentyabrın 30-u səhər saat 10-a işləmiş zəng eləmişdi. Dedi ki, “ata hücuma keçirik, amma buradan sağ-salamat gəlmək çətin məsələdir”. O gedən getdi və o vaxtdan əlaqə saxlaya bilmədik. Oktyabrın 1-dən telefonuna zəng çatmadı”.
Z. Feyzullayev deyir ki, oktyabrın 14-ü oğlunun dalınca Füzuliyə gedib, xidmət etdiyi hərbi hissəni, döyüşçü yoldaşlarını tapıb:
“Döyüşçü yoldaşları dedilər ki, ermənilərlə 30-40 metr məsafədə 500-600 əsgər üzbəüz vuruşub. Aydın da yanlarında olub, sonradan ətrafa baxıblar ki, Aydın yoxdur. Hara yox olub bilinmir. Deyilənə görə həmin gün, həmin yerdə şəhidimiz olub. Danışdığım uşaqlar qayıdıblar, oğlum isə itkin düşüb. Həmin ərazilər azad ediləndən sonra döyüşçü yoldaşları şəhidlərimizin nəşini ərazidən çıxarıblar. 3-4 nəfər dostu bütün ərazini axtarıb, qamışlığa qədər baxıblar, Aydının nə ölüsünü, nə də dirisini tapa bilməyiblər”.
Z. Feyzullayev deyir ki, Müdafiə Nazirliyinə, Hərbi Prokurorluğa, Səfərbərlik xidmətinə, Dövlət Təhlükəsizlik Xidmətinə oğlu ilə bağlı müraciət etsə də, ondan heç bir xəbər ala bilməyib. Əsgər atasına oğlunun əsir düşmə ehtimalının da olmadığı bildirilib.
Qeyd edək ki, Müdafiə Nazirliyi hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin identifikasiyası üzrə işlərin davam etdirildiyini açıqlayıb.