Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeronda ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək. İri şəhərlərdə tədris həftədə 3, digər rayonlarda isə 4 və 5 dəfə olmaqla bərpa olunacaq.
Oxu.az xəbər verir ki, tədris prosesinin bərpası vətəndaşların ictimai nəqliyyatda üzləşə biləcəyi problemləri gündəmə gətirib.
Sosial şəbəkədə müzakirələr zamanı vətəndaşlar avtobuslarda sıxlıqla qarşılaşmamaq üçün metronun da fəaliyyətinin bərpa edilməsini istəyirlər. Mövcud durumu nəzərə alaraq "Bakı Metropoliteni" QSC-yə müraciət etdik və hazırlıq işlərinin nə yerdə olduğunu öyrəndik.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirdi ki, bu dəqiqəyə qədər Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Bakı Metropoliteni" QSC-yə fəaliyyətini nə vaxt bərpa edəcəyi ilə bağlı hər hansı göstəriş və ya tapşırıq daxil olmayıb:
"Səlahiyyət Operativ Qərargahda olduğu üçün bu mövzuda bizim qurumun hər hansı açıqlama verməsi düzgün olmazdı. Amma ümumilikdə sərnişindaşımanın həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq metronun xüsusiyyəti həm mürəkkəbdir, həm də çoxşaxəlidir. Bu infrastrukturu qorumaq və saxlamaq məqsədilə "Bakı Metropoliteni" QSC gündəlik rejimdə işlər aparır.
Bu məsələdə texnoloji proseslər və təlimat tələbləri birmənalı şəkildə yerinə yetirilməlidir. Bu başqa cür mümkün də deyil. Çünki nə vaxtsa sərnişindaşıma fəaliyyətini bərpa edəcək. Buna optimal hazırlıq səviyyəsi gündəlik iş rejimi şəraitində aparılmalıdır.
Metroda dəyişiklərə gəldikdə isə bunu deyə bilərəm ki, bu, texnoloji proses və istismar müddəti ilə tənzimlənir. Eskalator və ya qatarın istismar müddəti başa çatmayıbsa, o yenisi ilə əvəz edilmir. Bütün avadanlıqların müəyyən olunmuş müddəti, texnoloji qulluq prosesi və təmir növləri var.
Bunların hər birinə həm pandemiya, həm də digər dövrlərdə müntəzəm iş şəraitində baxılır və nəzarət edilir ki, metropolitendə sərnişin təhlükəsizliyinə ən yüksək səviyyədə əməl olunsun”.
Millət vəkili Fazil Mustafa isə hesab edir ki, fevralın birindən metorunun fəaliyyətini bərpa etməsi ictimai nəqliyyatdan istifadə edənlərin durumunu yüngülləşdirə bilər: "Metronun fəaliyyəti əslində bərpa olunmalıdır. Çünki əhali çox əziyyət çəkir. Amma metronun girişində sayın müəyyən olunması çox vacibdir. Ayaq üstə durmamaq şərtilə, daha çox oturcaqlarda əyləşəcək vətəndaşların sayı qədər metroya insanların buraxılması mümkün ola bilər. Çünki bir stansiyada nə qədər insanın toplaşacağını müəyyən etmək çətindir.
Metroda bundan əlavə yer altında virusun yayılması ehtimalı daha çoxdur. Ona görə, buna təhlükə kimi baxırlar. Bütövlükdə vətəndaşların avtobuslardan istifadəsi daha təhlükəli olacaq. Çünki sıxlıq hədsiz dərəcədə böyükdür. Üstəlik də avtobusların öz yolunun olmaması acınacaqlı bir durumdur. Bu, Bakının bir reallığıdır.
Mövcud vəziyyətdə təhsili dayandırmaq mümkün deyil. Bu məsələdə şəxsi avtomobillərdən istifadə ilə də süıxlıq yaranacaq. Valideynlər uşaqları məktəbə daha tez çatdırmaq istəyəcək, bu, da əlavə problemdir. Şəxsi avtomobilləri olan şəxslərin vəziyyəti bir qədər rahat olur. Lakin aztəminatlı insanlarda bu fərqlidir. Buna görə, metorunun açılması vəziyyəti daha da yüngülləşdirə bilər".