• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Ərəb qızlarının ərə verilməyi: Əmirliklərdə evlilik adətləri - "Min bir gecə" nağıllarındakı kimi...

Ərəb qızlarının ərə verilməyi: Əmirliklərdə evlilik adətləri - "Min bir gecə" nağıllarındakı kimi...


Hər bir millətin öz tarixi soy-kökünə, mədəniyyətinə, milli-mənəvi, dini dəyərlərinə söykənən fərqli adət-ənənələri var. Müxtəlif coğrafi məkanlarda yaşayan dünya xalqlarının yaşam tərzində mövcud olan ən qədim adətlərdən biri də toy-nişan mərasimidir. Evlilik ənənələri, toy-nişan adətləri, mərasimləri əsrlər boyu hər bir xalqın mədəniyyəti, öz spesifik milli-mənəvi dəyərləri əsasında formalaşmış və günümüzədək gəlib çatıb.
Modern.az saytının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) əməkdaşı bu ölkədə əsrlərdir mövcud olan evlilik adət-ənənələri, toy-nişan mərasimlərindən bəhs edən yazını oxuculara təqdim edir.

Ərəbistan yarımadasında yerləşən BƏƏ-də evlilik adət-ənənələri özünəməxsus xüsusiyyətləri ilə seçilir.

BƏƏ islam dövləti olduğu üçün, bu ölkədə evlilik adət-ənənələri dinimizin zəngin və bəşəri dəyərlərinə söykənir. Öncə onu qeyd etmək yerinə düşər ki, şəriətə görə, arvadları arasında heç bir fərq qoymayaraq, ədalətli davranan müsəlman kişi dörd qadınla evlənə bilər. Lakin müasir dövrdə BƏƏ cəmiyyətində nadir hallarda iki və ya üç arvadı olan kişilərə rast gəlinir. Çox arvadı və böyük "külfət yiyəsi" olanların əksəriyyəti yaşlı nəsildən olan kişilərdir. Çağdaş zəmanəmizdə isə cavan nəsildən olan yerli ərəb kişiləri birinci evlilikləri uğursuz olduqda və ya həyat yoldaşı dünyasını dəyişdikdə, "yüz ölçüb bir biçərək" ikinci dəfə evlənməyə qərar verirlər.
Müasir dövrdə BƏƏ-də kişilər 23-25 yaşda, qızlar isə 17-18 yaşda ailə həyatı qururlar. Bir çox ailələrdə qızlar erkən yaşda rəsmi nikaha daxil olsalar da, ailələrinin tələbi ilə təhsillərini bitirənə qədər ər evinə gəlin köçmürlər.

Qız bəyənmə

BƏƏ-də əvvəllər qəbilə daxili izdivaclara, qohum evliliklərinə xüsusi önəm verilirdi. Lakin son onillikdə bu tendensiya artıq öz aktuallığını itirməkdədir.

BƏƏ-də adətən oğlanlarını evləndirmək istəyən analar qızları toyda, qadın məclislərində görüb bəyənirlər.

Evlənmək istəyən oğlanın anası və ya böyük bacıları bacarıqlı, işgüzar, əsil-nəcabətli, savadlı, imanlı bir qızın axtarışına çıxır, bu işdə ailəyə yaxın insanlarla, qohum-qardaşla məsləhətləşir, qız seçimində yanlışlığa yol verilməsin deyə dərindən düşünür, götür-qoy edirlər.

"Qız axtarma" işində əvvəllər "xattaba" adlanan "ara düzəldən" qadın vasitəçilərin böyük rolu olurdu. "Xattaba" oğlanın ailəsinə tanıdığı qızlar barədə ətraflı məlumatlar verir, "razılığa gəlmə" prosesində mühüm rol oynayır, gördüyü iş uğurlu alındıqda isə gəlinin və ya bəyin anasından pul, qiymətli hədiyyələr alırdı. Lakin müasir dövrümüzdə "xattaba"lara bir o qədər də müraciət olunmur.

Qız bəyənmədə əvvəlcə qızın ailəsinin nəsli, nəcabəti öyrənilir. Qızın hansı qəbiləyə mənsub olması, atasının aşirədə tutduğu mövqe, hörməti oğlan evində əsas meyar kimi dəyərləndirilir. Oğlanın atası və anası qızın özü, valideynləri, eləcə də yaxın qohum-qardaşı barədə ətraflı məlumat toplayırlar. Bu proses uğurlu başa çatarsa, yəni qızın özü və ailəsi arzulanan "kriteriyalara" uyğun gələrsə, oğlan evindən olan xanımlar qızın anasına və ya nənəsinə niyyətləri barədə xəbər göndərirlər.

Kiçik elçilik

Qız bəyənildikdən sonra kiçik elçilik mərhələsi başlayır. Oğlanın anası yaxın qadın qohumu ilə bərabər qızın ailəsindəki xanımlarla yaxından təmas qurmaq üçün danışığa gedirlər. Adətə görə, "kiçik elçiliyə" oğlanın anası ailəyə yaxın bir neçə qadın qohumları ilə bərabər elçi gedir. İlk danışıqda qız evi fikirləşmək üçün təbii ki, vaxt istəyir. Qızın anası da öz növbəsində ailə üzvlərinə, qızın atasına, qardaşlarına, əmilərinə xəbər verir, oğlan haqqında ətraflı məlumat toplamaq üçün evdəkiləri necə deyərlər, "səfərbər" edir. Bu tapşırıqdan sonra qızın ailəsi, yaxın qohumları oğlanın özü, valideynləri, nəsli-nəcabəti barədə müəyyən məlumat əldə etməyə çalışır və yetərincə araşdırma apardıqdan sonra bu izdivaca razılıq verirlər.
Ərəb qızlarının ərə verilməyi: Əmirliklərdə evlilik adətləri - "Min bir gecə" nağıllarındakı kimi...
Təqribən bir həftə sonra oğlan evinin xanımları yenidən qız evinə danışığa gedirlər. Əgər hər iki tərəfdən olan qadınlar ümumi razılığa gələrlərsə, oğlan və qız evinin ailə başçılarının görüş günü təyin olunur.

"Youm əl-xutuba" - böyük elçilik

Oğlan evindən olan kişilər və qadınlar qız evinə "youm əl-xutuba" adlanan böyük elçiliyə gedir. "Youm əl-xutuba"da gələcək bəy mütləq iştirak etməlidir. İslam dini ailə quracaq şəxslərin qabaqcadan bir-birlərini görməsinə etiraz etmir. Lakin bu tanışlıq zamanı mütləq dinimizin qoyduğu qanunlara riayət edilməlidir. BƏƏ müsəlman ölkəsi olduğu üçün, evlənmək istəyən gənc oğlan islam dininin qanunlarına görə, ailə qurmaq istədiyi qızı başqa bir yerdə görə bilməz. Qızın ailə üzvlərindən birinin, yəni məhrəmin olması şərtilə, ayrıca otaqda oğlan qızı yaxından görüb tanış olur və bu görüş cavanların taleyində demək olar ki, həlledici rol oynayır.
"Youm əl-xutuba"da qızla oğlan bir-birlərini bəyənərsə və ailə başçıları razılığa gələrsə, "youm əl-milça" adlanan nikah mərasiminə hazırlıq görülür.

İslam dininin şərtlərinə görə, kəbin kəsilməyincə gənclər bir-birinə naməhrəm sayılır və kişi ilə qadın arasında naməhrəmlik yalnız "akd əl-zəvac" adlanan nikah müqaviləsindən sonra aradan götürülə bilər. Məhz bu səbəbdən BƏƏ-də adaxlı və ya nişanlı qalmaq söhbəti yoxdur, yəni qız oğlanın məhrəmi (halalı) deyilsə, onunla danışa və ya görüşə bilməz. Başqa sözlə desək, dinin bu məsələdə qoyduğu məhrəmlik və əxlaq qaydalarına BƏƏ-də riayət edildiyi üçün, ailə quran cütlüyün mütləq nikah aktı olmalı, kəbinləri kəsilməlidir.

"Youm əl-xutuba"dan bir neçə gün sonra hər iki tərəfin razılaşdığı vaxtda ailə quran cütlüyün "youm əl-milça" adlanan dini nikah günü təyin olunur.

"Youm əl-milça" - kəbin kəsdi günü

BƏƏ-də "youm-əl-milça" adətən cümə gününə təyin olunur. "Youm əl-milça"da qızın və oğlanın ailə üzvləri, yaxınları iştirak edirlər.

Ölkənin şəriət məhkəməsinin rəsmi nümayəndəsi olan "əl-məlliç" adlanan din xadimi ərə gedən xanımın evində ailə quran cütlüyün kəbinini kəsir.

"Akd əl-Kuran" adlanan nikah müqaviləsi kəsilərkən, qızın və "vali amr" adlanan şəxsin (qıza məsul olan şəxs: atası və ya böyük qardaşı) razılığı, hər iki tərəfdən olan şahidlərin iştirakı ilə "əl-məlliç" cütlüyün nikahını kəsir. Onu da nəzərinizə catdırım ki, BƏƏ qanunlarına əsasən ailə quran cütlük yaşından asılı olmayaraq mütləq tibbi müayinədən keçməlidir. Ölkənin Səhiyyə Nazirliyi tərəfindən bəy və gəlinə verilən sağlamlıq haqqında tibbi arayış olmadan kəsilən kəbin məhkəmə tərəfindən qəbul olunmur.

"Akd əl-zəvac" adlanan nikah aktı imzalanarkən gəlinə islam dininin evlilikdə qoyduğu şərtə uyğun olaraq, "əl-mahr" adlanan nikah pulu (kəbin kəsilərkən kişinin öz həyat yoldaşı qarşısında götürdüyü öhdəçilik, el dilində desək "başlıq pulu") təqdim olunur.

"Əl-mahr" pulu gəlinin özünə verilir. Adətən pul və qızıllar xüsusi bəzədilmiş nişan xonçasında təqdim olunur.

Nikah günü gəlinə verilən qızıllar

"Əl-milça" günündə qədim adətə görə, bəy tərəfindən gəlinə ərəb qızılından hazırlanan, yerli zərgərlərin əl işləri olan müxtəlif zinət əşyaları təqdim olunur.

Gəlinə verilən qızıllar içərisində mütləq başa taxılan "əl-tasa" adlanan qızıl başlıq, iri boyunbağı, qızıl kəmər, bilərzik-üzük, qolbaqlar, sırğa və üzüklər olmalıdır.

"Əl-milça" günündə gəlinə aparılan hədiyyələr arasında içində nişan üzüyü yerləşdirilmiş xüsusi bəzəkli xonça da olur.

Nikah aktı imzalanarkən ailə quran cütlük bir-birlərinə simvolik olaraq "xatım əl-diblə" adlanan nişan üzükləri taxır. Nişan üzüyü ənənəsi tarixi mənbələrə görə, məhz qədim Misirdə yaranıb və sag əlin adsız barmağına taxılır. Gəlin almaz qaşlarla bəzədilmiş qızıldan, bəy isə gümüşdən nişan üzüyü taxır.

Deyilənə görə, almaz daşı ən möhkəm və qiymətli daşlardan biri olduğu üçün, bəy tərəfdən gəlinə yeni qurulan ailənin möhkəm, sevgilərinin isə sarsılmaz olacağına inamın işarəsi kimi təqdim olunur. Lakin onlar evləndikdən sonra artıq "bəxt üzüyü"nə bir o qədər də lüzum qalmır.

Ərəb qızlarının ərə verilməyi: Əmirliklərdə evlilik adətləri - "Min bir gecə" nağıllarındakı kimi...
Kəbinləri kəsilən cütlük məhkəməyə müraciət edərək dövlət qeydiyyatına düşməli, nikah aktları təsdiq olunmalıdır.

Nikah aktı məhkəmə tərəfindən təsdiqləndikdən sonra "Sanduq əl-Zavac" adlanan Evlilik Fonduna təqdim olunur. BƏƏ-də yeni ailə quran cütlüklərə hədiyyə olaraq "Sanduq əl-Zavac" tərəfindən iri məbləğdə pul verilir. Evlilik Fondu yeni ailə quran yerli vətəndaşlara yardım məqsədilə mərhum dövlət başçısı Şeyx Zayed bin Sultan əl-Naheyən tərəfindən 1992-ci ildə yaradılıb.

Kəbinləri kəsilən cütlüyün bu şad günü təqribən bir həftə sonra xüsusi mərasimlə qeyd olunur.

Ərəb qızlarının ərə verilməyi: Əmirliklərdə evlilik adətləri - "Min bir gecə" nağıllarındakı kimi...

"Haflətil-milça" - nikah mərasimi

Ərəbistanda milli və dini amillər ciddiliklə nəzərə alınaraq, kişi və qadın məclisləri ayrı-ayrılıqda keçirilir. BƏƏ-də "haflətil-milça" mərasimi adətən cümə axşamı və ya cümə gününə təyin olunur. Bu mərasim ailələrin zövqünə, istəyinə uyğun olaraq gəlinlərin ata evində, yaşadığı villaların həyətyanı sahəsində qurulan "xeymətil-ars" adlanan toy mağarında və ya otellərin ziyafət salonlarında xüsusi şənliklə, çal-çağırla qeyd edilir.Onu da qeyd edim ki, villaların həyətində keçirilən nikah mərasimlərinin bir ayrı ləzzəti olur.

BƏƏ-də toy adətlərinə görə, gəlinin və bəyin yaşadığı villalar istər nikah, istərsə də toy günündən bir neçə gün öncə parlaq işıqlarla bəzədilir. Büsbütün al-əlvan işıqlarla bəzədilən, çılçıraq kimi alışıb-yanan villa uzaqdan məhəlləyə xüsusi gözəllik verir.

Ərəb qızlarının ərə verilməyi: Əmirliklərdə evlilik adətləri - "Min bir gecə" nağıllarındakı kimi...

Müxtəlif effektli işıqlarla qurulan xüsusi dekorasiya, bir-birindən dadlı təamlar, cazibədarlıqları və bir-birindən rəngarəng libasları ilə göz qamaşdıran gözəl ərəb qızlarının musiqi sədaları altında rəqsi "Min bir gecə" nağıllarında təsvir olunan əsrarəngiz ərəb gecəsini xatırladır və insanı sanki bir neçə saatlıq başqa bir aləmə aparır.

Mərasimə təşrif buyuran qonaqlara bəzəkli bağlamalarda şirniyyatlar və bəylə gəlinin adı yazılmış xüsusi tərtibatlı kiçik xonçalarda yerli ətirlər hədiyyə verilir.

"Haflətil-milça"-da gəlinlər adətən qırmızı rəngli libas geyinir.

Villanın bir otağında oglan evinin gəlin üçün aldıqları hədiyyələr sərgilənir və gələn qonaqlara nümayiş olunur.

Mərasim başlayandan təqribən yarım saat sonra gəlin məclisə daxil olur və onun üçün hazırlanan xüsusi dekorasiyalı "taxt"da əyləşir.

Qadınlardan ibarət musiqi ansamblı xüsusi tərtibatla qurulan səhnədə ifa etdikləri bir-birindən şux, oynaq ərəb mahnıları ilə məclisi daha da canlandırır, qonaqları feyziyab edirlər.
"Haflətil-milça"-da iştirak edən xanımlar, gənc qızlar musiqiçilərin müşayiəti ilə qadın müğənnilərin ifa etdikləri yerli, eləcə də digər ərəb ölkələrində ən çox sevilən mahnıların sədaları altında rəqs edirlər.

Toy-nikah mərasimlərində cavan qızların BƏƏ-nin folklor musiqisini qrup halında rəqs etmələrinə tamaşa etmək insana xüsusi zövq verir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bakıda sabiq rəis həbs edildi

  • Dünən, 12:49
  • 24
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 127
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 828
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter