Xalqın, millətin taleyində dahi şəxsiyyətlərin, siyasi liderlərin müstəsna rolu vardır. Məhz həmin şəxsiyyətlər xilaskarlıq missiyasını uğurla həyata keçirib, zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək milli maraqları təmin edib, müdrik ideyaları millətin strateji inkişaf konsepsiyasına çevrilərək onun dünya miqyasında özünəməxsus yer tutmasına yol açıb. Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də insanları öz ideya və baxışları ətrafında toplayıb, zəngin təcrübəsi sayəsində idarəçilikdə ciddi uğurlara imza atıb, cəmiyyətin maraq və mənafelərini müdafiə etdiyi üçün xalqın dərin etimadını qazanıb.
XX əsrin sonlarına doğru Sovet İttifaqı kimi nəhəng imperiyanın süquta uğraması ictimai-siyasi vəziyyəti daha da ağırlaşdırmışdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı da uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistanın əsassız torpaq iddialarına rəvac verilmişdi. Ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxılmışdı. Yaranmış boşluqdan istifadə edən Ermənistan siyasi və hərbi təzyiqlərini getdikcə artırırdı. Vəziyyətin bu qədər gərgin olmasına baxmayaraq, Naxçıvanda əhali bütün sahələrdə çətinliklərə müqavimət göstərir, muxtar respublikanın ərazi bütövlüyünü qorumaq üçün mərdliklə mübarizə aparırdı. Bu cür çətin, mürəkkəb və məsuliyyətli məqamda ulu öndərimiz Heydər Əliyev kimi böyük və zəngin həyat məktəbi keçmiş təcrübəli dövlət xadiminin Azərbaycana qayıdışı, 1990-cı il iyulun 22-də Naxçıvana gəlməsi, həmin ilin 30 sentyabrında Azərbaycan Respublikasının Ali Sovetinə və muxtar respublikanın Ali Məclisinə deputat seçilməsi xalq arasında ölkənin gələcəyinə inamı gücləndirmişdi. Həmin vaxt Azərbaycanı idarə edənlərdən fərqli olaraq, Ulu öndər Heydər Əliyev respublikamızın gerçək müstəqilliyi uğrunda mübarizə aparırdı.
1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, "Sovet Sosialist" sözləri o addan götürüldü, sadəcə, Naxçıvan Muxtar Respublikası adlandırıldı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Eyni zamanda, Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar addımı Azərbaycan Ali Soveti də etsin. Ancaq o vaxtkı Azərbaycan rəhbərliyi bunu etmədi. Əksinə, 1991-ci ilin yazında Sovet İttifaqı çərçivəsində keçirilmiş referendumda, Sovet İttifaqının saxlanmasına dair referendumda xalqın iradəsinə zidd olaraq o referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi.
Qeyd etmək vacibdir ki, həmin vaxt respublikaya rəhbərlik edənlərin müti siyasət yürütməsinin əksinə olaraq Heydər Əliyev Naxçıvanda bu referendumun keçirilməsinə imkan vermədi.
Cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bizim müstəqilliyimizə gedən yol məhz 17 noyabr 1990-cı ildən başlamışdır ki, indi dövlət bayrağımız olan üçrəngli bayraq dövlət bayrağı kimi təsis edildi.
Heydər Əliyev siyasi xəttinə sədaqət nümunəsi olan Naxçıvan Muxtar Respublikası bu gün dinamik şəkildə inkişaf edir, Azərbaycanın sürətlə tərəqqi edən diyarı kimi şöhrət qazanır. İndi Naxçıvanın çox böyük dayanıqlı iqtisadiyyatı, güclü müdafiə potensialı var. Ötən illərdə muxtar respublikamız ölkəmizin ərazi bütövlüyünün qorunub daha da möhkəmləndirilməsinə, milli dövlətçiliyin inkişaf etdirilməsinə, quruculuq proseslərinin genişləndirilməsinə öz töhfələrini verib. Bu gün mühüm enerji potensialı olan Naxçıvan, həm də dünyaya əsrarəngiz turizm imkanlarına malik olan bir diyar kimi qapılarını açır.
Məhəmməd Ağayev,
Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbin direktor əvəzi