14 il əvvəl döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova 14 ildən sonra şəhidlik statusu verilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) "oxu.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, şəhidlik statusu ilə bağlı sənədlər F.Əsgərovun ailəsinə təqdim olunub.
Qeyd edək ki, 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot - polkovnik-leytenant Fəxrəddin Əsgərov və kapitan Əfqan Aslanov həlak olub. Ə.Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F.Əsgərovun nəşi tapılmayıb.
O, 31 yaşında ikən polkovnik-leytenant rütbəsinə yüksəlib.
Dövründə keçirilən hərbi paradların təşkilində yüksək fəallıq göstərmiş, Azərbaycan bayrağını Vətən səmasına çəkən ilk pilotlarımızdan olub. Həmin dövrün ən çox uçuş saatı olan pilotudur.
Xidmət müddətində 24 iyun 2003-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı, 25 iyun 2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından, Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub.
Fəxrəddin Əsgərovun iki övladı var.