Eldar Quliyev : Müstəqil Azərbaycan dövləti Heydər Əliyev ideyaları əsasında zirvələr fəth edir
- 30.03.2023, 12:19,
- Cəmiyyət
Baxılıb: 190
Facebook
Вконтакте
Одноклассники
Google+
Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev - “Tarixi şəxsiyyətlər yaradır, yoxsa tarix şəxsiyyətləri yaradır?” - bu sual uzun bir tarixi dövr ərzində tarixin və şəxsiyyətin fəlsəfəsini araşdıran mütəfəkkirlər üçün polemika mövzusu olmuşdur. Müasir dövrümüzdə belə bu suala birmənalı cavab vermək mümkün deyil. Tarixi şəxsiyyətlərin yaratdığını düşünənlərin də, tarixin şəxsiyyətləri yaratdığını düşünənlərin də özlərinə məxsus ciddi və əsaslı arqumentləri var. Hər halda dəqiq olan odur ki, tarixi şəxsiyyətlərsiz təsəvvür etmək qeyri mümkündür.
Xalqların böyüklüyü isə çox zaman onların sayı və kəmiyyəti, sərvəti və zənginlikləri ilə deyil, dünya sivilizasiyasına bəxş etdikləri şəxsiyyətlərlə ölçülür. Bu mənada müasir dünyada şəxsiyyətlərin tarixinin – həyat yolunun, siyasi və dövlətçilik baxışlarının, onların formalaşmasına təsir edən tarixi şəraitin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki tarix təkcə keçmişdə baş verənləri bilmək üçün deyil, həm də baş verənlərdən nəticə çıxarmaq üçün öyrənilir. Dünyanın ən qədim xalqlarından biri olan xalqımız bəşəriyyətə çox böyük dühalar, dahilər, elm, poeziya, sənət korifeyləri bəxş etmişdir. Azərbaycan torpağı çox görkəmli, yenilməz, zəkalı, istedadlı sərkərdələr, dövlət və ictimai-siyasi xadimlər yetirmişdir.
Belə böyük şəxsiyyətlərdən biri də zamanın dahisi, müasir Azərbaycanın qurucusu və xilaskarı ümummilli lider Heydər Əliyevdir. XX əsrin 70-ci illərindən indiyədək həyatımızın bütün sahələrindəki inkişaf və əldə olunan uğurlar birmənalı olaraq Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət və siyasi xadim, fenomen şəxsiyyət Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyəgəlişi və onun gərgin əməyi nəticəsində əldə olunmuşdur.
Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərdi. Ulu öndər ilk növbədə Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, bütün sahələrdə davamlı inkişafın əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı.
Naxçıvandan başlanan xilaskarlıq missiyası
Ulu öndər Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu öndərin 1990-cı ilin ortalarında, Naxçıvanın çətin vaxtlarında bura qayıtması bu qədim Azərbaycan torpağını təhlükələrdən sovuşdurdu. Ən əsası, bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. SSRİ hökumətinin hələ fəaliyyətdə olduğu dövrdə Naxçıvan MSSR-in adından "Sovet Sosialist” sözlərinin çıxarılması zamanın dahisi Heydər Əliyevin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində mümkün oldu. Eyni zamanda, həmin sessiyada dahi rəhbərin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə sözün redaktəsi deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Bütün bunlar yalnız və yalnız Naxçıvan Muxtar Respublika Ali Məclisinin sessiyasına sədrlik edən ulu öndərin həm böyük siyasi iradəsinin, yüksək azərbaycançılıq idealının, həm də qeyri-adi cəsarətinin sayəsində həyata keçirilmişdi.
Ötən əsrin 90-cı illərinin əvvəlindən etibarən ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər də bir daha təsdiqlədi ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Ölkədə 1991-1993-cü illərdə hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermişdi. Belə ağır şəraitdə respublikanın tərəqqipərvər qüvvələri, mütərəqqi ruhlu ziyalıları çıxış yolunu ulu öndər Heydər Əliyev kimi müdrik şəxsiyyətin hakimiyyətə gəlməsində görür, hər cür riskə rəğmən, bu istəklərini açıq ifadə etməkdən çəkinmirdilər. Həmin illərdə obyektiv səbəblərdən Naxçıvana gedə bilməyənlər isə muxtar respublikanın Ali Məclisinin Sədri Heydər Əliyevin ünvanına saysız-hesabsız müraciətlər, teleqramlar göndərərək xalqı düşdüyü bəlalardan qurtarmağı xahiş edirdilər. Azərbaycanın düçar ola biləcəyi fəlakətlərin qarşısının vaxtında alınması məqsədilə sağlam qüvvələrin ulu öndər Heydər Əliyevin ətrafında birləşmək niyyəti yalnız bir qrup ziyalının deyil, respublikamızın bütün bölgələrində, şəhər və kəndlərində ayrı-ayrı vətəndaşlar, müxtəlif sosial qruplar arasında eyni zamanda başlanmışdı. İlk dövrlərdə kortəbii, dağınıq fəaliyyət getdikcə daha mütəşəkkil xarakter almış və yeni partiyanın yaradılması üçün dahi liderə yazılı müraciət edilməsi zərurətini doğurmuşdu.
Xalqın rəyini ifadə edən bir qrup ziyalı ümummilli liderə müraciətində ölkəni anarxiya mühitindən çıxarıb aydın sabaha doğru aparacaq, müstəqilliyimizi əbədi və yenilməz edəcək, millətimizi bir bayraq, eyni amal ətrafında birləşdirəcək, milli həmrəyliyə, vətəndaş cəmiyyətinə qovuşduracaq siyasi partiyanın yaradılmasına yardımçı olmağı xahiş edirdilər. Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Vətənpərvər Azərbaycan ziyalılarının həmin müraciəti sonralar çağdaş tariximizə məşhur "91-lərin müraciəti" adı ilə daxil oldu. Bu tarixi müraciət, əslində, bütün Azərbaycan vətəndaşlarının istəyi, arzusu, haqlı tələbi idi. Xalqının taleyinə heç zaman biganə qalmayan, respublikanın dağılmasına dözməyən ulu öndər ziyalıların müraciətinə müsbət cavab verdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram".
Nəhayət, 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi, ulu öndər Heydər Əliyev yekdilliklə təşkilata sədr seçildi. Müstəqilliyə yenicə qovuşmuş respublikada milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlirdi.Yeni Azərbaycan Partiyasının qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz ulu öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. Qarşıda isə ulu öndəri daha çətin, eyni zamanda, şərəfli bir missiya gözləyirdi...
Qurtuluşdan intibaha...
1993-cü il iyun ayının 9-da xalqın təkidi ilə Bakıya qayıdan ulu öndər təbiətin ona bəxş etdiyi fövqəlidarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək ölkəni vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. İyunun 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı. Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçdi, bununla da ölkəmiz davamlı və dönməz inkişaf yoluna qədəm qoydu. Prezident seçilən Heydər Əliyev 1993-cü il oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində "Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm" deyərək müstəqil Azərbaycanın milli inkişaf strategiyasını irəli sürərək onun həyata keçirilməsinə başladı.
Ölkədə xalqın iradəsi ilə baş vermiş qanuni hakimiyyət dəyişikliyi nəticəsində Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrilməsi dövlətin müstəqilliyinin praktik müstəvidə möhkəmləndirilməsi üçün real əsaslar yaratdı. Ulu öndər Heydər Əliyevin Prezident seçiləndən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətləndi. Ulu öndər ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmalı oldu - qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm tədbirlər həyata keçirilməyə başlandı. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Ümummilli lider Heydər Əliyev cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri həyata keçirirdi. Məhz ulu öndərin gərgin səyi nəticəsində müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyuldu, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirildi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatı sahəsində Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsədləri özündə ehtiva edirdi. Eyni zamanda həmin gün paralel olaraq Milli Məclisə keçirilmiş seçkilər Yeni Azərbaycan Partiyasının cəmiyyətdə yüksək nüfuz və potensialını nümayiş etdirməklə, onu güclü iqtidar partiyasına çevirmiş, cəmiyyətdəki mövqelərini möhkəmləndirmişdi. Yeni Azərbaycan Partiyasının ideya məfkurəsini təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri partiyanın qarşısında duran vəzifələrin reallaşdırılmasının ideya təminatı olmaqla yanaşı, Azərbaycanın siyasi gələcəyini, inkişaf prioritetlərini də şərtləndirmişdir. Ulu öndərin yeritdiyi siyasət hər bir fərdin maraq və mənafeyini özündə ehtiva etdiyindən qısa zamanda cəmiyyətin ən müxtəlif zümrələrinin Yeni Azərbaycan Partiyasına sürətli axınına səbəb olmuş, onların ictimai-siyasi həyatda fəallığı əhəmiyyətli dərəcədə artmışdı. Partiyanın statusu tədricən yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında tutduğu mövqe möhkəmlənmişdir.
Yeni və daha parlaq üfüqlərə doğru
Ulu Öndərin başladığı quruculuq, inkişaf, beynəlxalq birliyə açılma, ümummilli hədəflər naminə cəmiyyətin bütün sosial və siyasi kəsimlərini əhatə edən həmrəylik kursu onun siyasi varisi, 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev tərəfindən uğurla davam etdirildi. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”, - sözləri təkcə yeni dövr üçün verilmiş seçki vədi deyildir. Bu sözlərin xalqa xidmət üçün fəaliyyət proqramı, siyasi kredo olduğu hər gün real işlərlə təsdiqlənir. Azərbaycana rəhbərlik etdiyi illər ərzində Prezident İlham Əliyev elan etdiyi platformaya sadiq qalmış, ölkənin dini, etnik, sosial və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşının Prezidenti olduğunu əməldə nümayiş etdirmiş və bu gün də bu xəttə sədaqətini nümayiş etdirməkdədir. Prezident İlham Əliyevin genişmiqyaslı və uğurlu fəaliyyəti göstərir ki, dövlət başçısı ulu öndərin bütünlüklə Azərbaycana, onun sabahına həsr edilən hakimiyyət yolunu, zəfər və şərəf yolunu ləyaqətlə davam etdirir. Azərbaycan xalqının dahi öndəri Heydər Əliyev 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Yeni dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi Prezident İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində ulu öndər Heydər Əliyevin siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrədir. Bu gün möhtərəm İlham Əliyev hakimiyyəti həmin dövlətçilik bünövrəsi üzərində ucalır. Hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək ölkə rəhbəri İlham Əliyevin dövləti idarəetməsinin əsasını təşkil edir.
“Neft bizim üçün məqsəd deyil” və ya “Qara qızıl”ın insan kapitalına çevrilməsi
Prezident İlham Əliyevin ilk addımlarından biri Ümummilli Liderin əsasını qoyduğu neft siyasətini uğurla hədəf mərhələsinə çatdırmaq, daxil olan neft gəlirlərini nəzərdə tutulan məqsədlərə - böyük quruculuq işlərinə, əhalinin sosial rifahının yüksəldilməsinə yönəltmək oldu. Dövlətimizin başçısı demişdir: “Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir”. Azərbaycanda yoxsulluğun azaldılmasına, regionların inkişafına dair dövlət proqramları qəbul olundu, böyük sosial-iqtisadi və mədəni-mənəvi irəliləyiş əldə edildi, iqtisadiyyatın hər bir sahəsində ciddi nailiyyətlər qazanıldı.
Dövlətimizin başçısı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirirdi: “Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”. Ölkə rəhbəri İlham Əliyevin dövlətçilik fəlsəfəsinin qayəsini, siyasi fəaliyyətinin məhvərini məhz bu prinsip təşkil edir - xalqa ləyaqətlə xidmət etmək. Cənab Prezidentin leksikonunda tez-tez rastlaşdığımız “mən xalqın xidmətçisiyəm”, "hər bir məmur xalqının xidmətçisi olmalıdır” - fikirləri bu konseptual baxışın fəlsəfəsini dərk etmək üçün ən gözəl açar sözlərdir.
Bütün bu addımlar, aparılan quruculuq işləri, islahatlar, əlbəttə ki, insan amilinə dayanır. Prezidentin bu illər ərzində gənclərlə və təhsillə bağlı siyasəti onun “qara qızılı insan kapitalına çevirmək” çağırışına necə əməl edilməsinin sübutudur. Bu sahələr üzrə çoxsaylı dövlət proqramları qəbul edilərək həyata keçirilmiş, yeni təhsil müəssisləri, müasir dövrün tələblərinə uyğun ixtisaslar açılmış, xaricdə təhsil proqramlarından minlərlə Azərbaycan gənci bəhrələnmişdir.
Beynəlxalq aləmdə etibarlı tərəfdaş, lider dövlət
Ulu Öndərin müəyyənləşdirdiyi balanslaşdırılmış xarici siyasət kursunun ölkə rəhbəri tərəfindən uğurla davam etdirilməsinin nəticəsində dünyanın ən fərqli geosiyasi qütbləri ilə münasibətlər qorunmuş, beynəlxalq güc mərkəzlərindən gələn təzyiqlər nəinki uğurla neytrallaşdırılmış, həm də toqquşan maraqlar uzlaşdırılaraq Azərbaycan sabitliyin hökm sürdüyü əməkdaşlıq məkanına çevrilmişdir. Ermənistan istisna edilməklə Azərbaycanın heç bir region ölkəsi ilə problemləri yoxdur, bütün dövlətlərlə bərabərhüquqlu ikitərəfli, üçtərəfli formatlarda tərəfdaşlıq münasibətləri var. Bu gün regionla bağlı elə bir məsələ yoxdur ki, Azərbaycanın rəyi nəzərə alınmadan, iştirakı olmadan həll edilsin. Azərbaycan dünyada müsbət imicə malik olan etibarlı tərəfdaş kimi tanınır. Bunun ən bariz nümunəsi Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi idi. BMT, İslam Əməkdaşlıq Təşkilati, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, ISESCO, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər beynəlxalq və regional təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın işğalçılıq siyasətini pisləyən çoxsaylı qərar və qətnamələr qəbul etmişlər. Məhz beynəlxalq müstəvidə aparılan bu ölçüyəgəlməz fəaliyyətin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi yolla həll etmək üçün ciddi hüquqi baza yaratmışdır. Prezident işğaldan azad olunmuş Ağdama səfəri zamanı etdiyi çıxışda demişdir: “Bizim beynəlxalq nüfuzumuz kifayət qədər yüksəkdir və bu, münaqişənin həlli üçün xüsusi rol oynamışdır”.
Azərbaycanın yürütdüyü düşünülmüş siyasət, praktikada artıq özünü doğruldub. Göründüyü kimi, nəticədə Azərbaycan regionda lider dövlət, sabitliyin qarantı, humanizm ideallarının daşıyıcısı, beynəlxalq inteqrasiya prosesində etibarlı tərəfdaş imicini qazanıb. Beləliklə, Azərbaycan bu gün yerləşdiyi regionun həm lider dövləti, iqtisadi və mədəni mərkəzi, həm də təhlükəsizliyin, sabitliyin qarantı və beynəlxalq əməkdaşlığın fəal təşəbbüsçüsü, təminatçısı və təşkilatçısı mövqeyindədir.
İnkişaf məqsədimizdir: islahatların yeni dalğası
Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində islahatların yeni dalğasını anons etmiş, ölkənin ictimai-siyasi-mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlanmışdır. Dövlətimizin başçısı islahatlar modelini yığcam olaraq belə ifadə etmişdir: “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”.
Bu gün hakimiyyətin bütün qollarında-qanunverici, icraedici və məhkəmə hakimiyyətlərində islahatlar gedir, prosesi asanlaşdırmaq məqsədilə yeni hüquqi aktlar qəbul edilir, heç bir dövlət orqanı yenilənmə, islahat kursundan kənarda qalmır. Qanunverici hakimiyyətin islahatlar kursu ilə ayaqlaşması üçün hakim Yeni Azərbaycan Partiyası Mili Məclisin buraxılaraq seçkilərin vaxtının qabağa çəkilməsi təşəbbüsü ilə çıxış etmiş, islahatlara yeni sürət qazandırmışdır. 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərində bütün siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz iştirakına şərait yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşması islahatlara çox mühüm bir töhfədir. Həmin vaxt ölkədə rəsmən mövcud olan 55 siyasi partiyadan 20-si seçkilərdə iştirak etmişdir.
Mütləq çoxluqda olan Yeni Azərbaycan Partiyası üzvləri və bitərəflərlə yanaşı mandat qazanmış 8 müxalifət partiyasının üzvləri də müstəqil Azərbaycanın parlamentarizm tarixində ilk dəfə həm Milli Məclisin, həm də daimi komitələrin rəhbərliyində təmsil olunmuşlar.
Prezidentin daxili və xarici siyasətinin, apardığı Vətən müharibəsinin, eləcə də koronavirus pandemiyası ilə mübarizə sahəsində atılan məqsədyönlü addımların təbliği məqsədilə Milli Məclis, mərkəzi və yerli icra hakimiyyəti orqanları, siyasi partiyalar, ictimai-siyasi fəallar, müvafiq qeyri-hökumət təşkilatları və media ilə sıx əməkdaşlığa keçilmişdir. Aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi ötən il iyulun 15-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribatla əlaqədar müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-də Ermənistanın yeni hərbi təcavüzü, dinc sakinləri, uşaqları, mülki obyektləri, beynəlxalq nəqliyyat-kommunikasiya və tranzit xətlərini hədəfə alması haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tanınmış ziyalı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri beynəlxalq və regional təşkilatlara birgə bəyanat və müraciətlər ünvanlamışlar. Bəyanat və müraciətlərdə siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları Müzəffər Ali Baş Komandanın Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi-hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduqlarını bildirmiş, beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupu həmsədrlərinin ikili standartlardan çıxış etməsi tənqid olunmuşdur.
2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə 50 siyasi partiya Prezident, Müzəffər Ali Baş Komandanı təbrik edərək, bu qələbəni illərlə yürüdülmüş müdrik siyasətin, siyasi uzaqgörənliyin, iqtisadi islahatların, xalqın iqtidara göstərdiyi yüksək etimadın, xalq-dövlət vəhdətinin ən ali təcəssümü olduğunu bildirdilər.
Uğurlu diplomatiyadan zəfər meydanına
Ötən il sentyabr ayının sonlarından Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ədalətin bərpa olunması üçün müqəddəs tarixi savaşa başlamışdır. Danışıqları pozmaqla, Azərbaycana qarşı müxtəlif təxribatlar törətməklə Ermənistan özü bu tarixi müəyyənləşdirdi. İkinci Qarabağ müharibəsinin 44-cü günü, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat münaqişənin həlli istiqamətində son nöqtə oldu. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, məqsəd qan tökmək və ərazi qəsb etmək deyil, düşməni ədalətli sülhə məcbur etməkdir. Adətən, uğurlu döyüşlər uğurlu diplomatik danışıqlarla yekunlaşır. Azərbaycan diplomatiyasının belə danışıqlar aparmağa qadir olduğunun noyabrın 10-da bir daha şahid olduq. Cəmiyyətimiz “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır”, - deyən Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdi. Bu inam, bu həmrəylik də Qələbəmizlə nəticələndi. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bəzi mənfur xarici dairələrin öz çirkin planlarını həyata keçirmələrinə imkan vermədi. Azərbaycanın gücü milli birlikdədir, dini, etnik, regional, siyasi və sosial mənsubiyyətindən asılı olmayaq bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərib Vətən naminə, Qələbə naminə Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi. Nəticədə Müzəffər Ali Baş Komandamızın rəhbərliyi ilə hər günü, hər saatı, hər anı qızıl hərflərlə yazılmış tarixə çevrilən 44 gün tarixi qələbəmizi şərtləndirdi.
Hələ 2016-cı il Aprel döyüşlərindən sonra Azərbaycan Prezidenti Dağlıq Qarabağ məsələsində qəti və dönməz mövqeyini ifadə edərək düşmənə ciddi xəbərdarlıq edirdi: “Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir... Biz məsələni istədiyimiz kimi həll edəcəyik”.
Beləliklə, İkinci Qarabağ müharibəsinə daxil olarkən Azərbaycanın yüksək təchizatlı ordusu, hərb elmini yaxşı mənimsəmiş, hətta ona yeniliklər gətirə bilən ali zabit korpusu, ən əsası, bu ordu ilə qələbə qazanmağı, Dağlıq Qarabağ problemini hərbi-siyasi yolla, milli maraqlarımız çərçivəsində həll etməyi qarşısına məqsəd qoymuş Ali Siyasi İradə var idi. Ordumuzun şanlı zəfərlərində Prezident İlham Əliyevin Ali Baş Komandan qətiyyəti ilə bərabər, əsl böyük dövlət xadiminə, strateji təfəkkürlü siyasətçiyə xas müdrik qərarları da mühüm rol oynadı: “İndi Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir”.
İki əsrlik münaqişəyə, 30 ilə yaxın həsrətə 27 sentyabrda başlanan Zəfər yürüşü ilə son qoyuldu. Oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı, noyabrın 8-də Şuşa təxminən üç onillikdən sonra düşmən əsarətindən qurtuldu, noyabrın 10-da Ermənistan kapitulyasiya sənədini imzalamağa məcbur oldu, noyabrın 20-si Ağdam, noyabrın 25-i Kəlbəcər, dekabrın 1-i Laçın rayonları Azərbaycana qaytarıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız qələbələr Ümummilli Liderin dediyi “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərini gerçəkləşdirdi. Azərbaycan qalib, məğrur və möhtəşəm dövlət kimi yenidən dünyayada söz sahibinə çevrilir.
Ermənistanın işğalçılıq siyasətini qınayan hüquqi aktların qəbuluna nail olan, sonradan bu fəaliyyəti daha mühüm beynəlxalq kürsülərdə davam etdirən, müxtəlif nüfuzlu beynəlxalq və regional təşkilatlarda Azərbaycanın haqq işini müdafiə edən qərar və qətnamələrin qəbuluna nail olan müdrik diplomat, Münhen Təhlükəsizlik Konfransında, Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabadda, Vyanada Ermənistan baş naziri Nikol Paşinyanı öz çıxışları ilə susduran milli təəssübkeş dövlət xadiminə, Vətən müharibəsini həm döyüş meydanında, həm də diplomatik danışıqlarda qalibiyyətlə başa çatdıraraq düşməni diz çökməyə məcbur etdi.
Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir
Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, keçdiyi 30 ilə yaxın şərəfli yolda Azərbayacanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirildiyi zamana diqqət yetirsək, bir daha bu reallığı böyük inam və qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsinin yaratdığı yeni reallıqlar bütün sahələrdə, o cümlədən siyasi sistemin təkmilləşdirilməsində yeni mərhələyə yol açıb. Dövlətimizin başçısının da vurğuladığı kimi, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Cənab İlham Əliyev qurultayda bu barədə demişdir: “Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur”. 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması da Yeni Azərbaycan Partiyasının siyasi mövqeyinin daha da güclənməsinə xidmət edən uğurlu bir addımdır. Çünki Yeni Azərbaycan Partiyasının ideoloji prinsipləri milli həmrəyliyə və inkişafa xidmət edir. Yeni Azərbaycan Partiyası ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Bu kimi qərarlar Yeni Azərbaycan Partiyasına gündən-günə artan inamın, etimadın göstəricisidir. Partiya bu illər ərzində tutduğu yola sadiqliyini sözdə deyil, əməldə sübut edib, xalqın partiyası imicini daha da möhkəmləndirib. Yeni Azərbaycan Partiyası dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul etməklə davamlı uğurlara imza atır.
Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixdə keçirilən VII qurultayında Prezident İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbimizin yaratdığı yeni reallıqları özündə əks etdirın nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Bu əminlik ifadə edildi ki, gələn il partiyanın 30 illik yubileyi qeyd olunacaq. Partiya yeniləşmiş formatda daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcək: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm.” Prezidentin qeyd etdiyi kimi, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə kimi yadaşlarda qaldı.
Ötən il noyabr ayının 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən yubiley tədbirində çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Ulu öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışaraq demişdir:
“Bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə həmişə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz çox böyük fəlakətlə, daha böyük fəlakətlə üzləşə bilərdi. Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır... İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!”
Bəli, Ulu öndərin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Cənab İlham Əliyevin dediyi kimi Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanacaq.
Ulu öndər siyasi xəttinə sədaqət: inkişaf edən NAXÇIVAN
Bu gün ölkəmizin, o cümlədən muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında əldə edilən böyük nailiyyətlərin əsasında fəal yaradıcı gücə malik olan ulu öndərin milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Naxçıvan Muxtar Respublikasında sosial həyatın bütün sahələrində uğurların qazanılmasında bir başlıca səbəb vardır: o da ulu öndərimizin yoluna sadiqlik.
Bu gün ölkə rəhbəri cənab İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində müasir Naxçıvanımız bu gün tərəqqi və inkişafın ən yüksək zirvəsindədir. Artıq naxçıvanlıları nə ərzaq və enerji qıtlığı, nə blokada çətinlikləri, nə də düşmən təhlükəsi qorxudur. Bu gün muxtar respublikada əhalinin həyat səviyyəsi getdikcə yüksəlir, insanların torpağa bağlılığı, yurd sevgisi artır, yaşayış məntəqələri müasirləşir, əsas ərzaq məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilir, torpaqlarımız güclü və nizami ordu hissələri tərəfindən qorunur, Naxçıvan şəhəri zirvə görüşlərinə, beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edir...
Ölkə rəhbəri cənab İlham Əliyev Muxtar Respublikamızda gedən inkişafı yüksək qiymətləndirərək demişdir: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir”.
Bəli bu gün Muxtar Respublikanın inkişafı müstəqilliyimizin və davamlı inkişafın qarantı olan ümummilli lider siyasi xəttinə sonsuz sədaqət və xalqa xidmət prinsipləri üzərində qurulmuşdur.
“Mənim yaratdığım hər bir şey mənim üçün əzizdir. Zavod da, fabrik də, elektrik stansiyaları da, yol da, körpü də, ev də, bina da, saray da-hər bir şey. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, - deyən Ulu öndər Heydər Əliyevin xalqımızın müstəqilliyinin qorunub yaşadılması uğrunda misilsiz xidmətidir.
Xalqın ümid çırağına çevrilərək ürəklərdə əbədi qalmaq heç də bütün liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş zamanın dahisi Heydər Əliyev xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımıza işıq salacaq, nur bəxş edəcəkdir.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 112
- 5 501
- 10-02-2022, 10:36
- 28 413
- 244
- 7-04-2022, 11:57
- 21 578
- 207
- 26-04-2019, 16:16
- 16 140
- 45
- 18-09-2019, 10:29
- 13 654
- 119
- 12-12-2020, 12:00
- 13 383
- 92
- 11-04-2022, 16:00
- 11 853
- 12
- 15-05-2019, 20:27
- 11 076
- 54
- 24-05-2020, 23:28
- 9 985
- 3
- 26-04-2019, 15:39
- 9 472
- 99
- 27-04-2019, 10:08
- 9 046
- 2
- 23-10-2019, 21:00
- 8 062
- 1
- 29-11-2019, 09:00
- 7 909
- 3
- 13-05-2020, 22:05
- 7 767
- 0
- 28-04-2019, 20:56
- 7 533
- 2
- 23-04-2019, 21:57
- 7 305
- 2
- 11-03-2022, 12:24
- 310 112
- 5 501
- 10-02-2022, 10:36
- 28 413
- 244
- 7-04-2022, 11:57
- 21 578
- 207
- 7-11-2019, 09:36
- 6 089
- 125
- 18-09-2019, 10:29
- 13 654
- 119
- 26-04-2019, 15:39
- 9 472
- 99
- 12-12-2020, 12:00
- 13 383
- 92
- 22-12-2021, 14:22
- 4 751
- 57
- 10-02-2023, 10:54
- 4 290
- 56
- 15-05-2019, 20:27
- 11 076
- 54
- 26-04-2019, 16:16
- 16 140
- 45
- 14-01-2020, 09:33
- 6 810
- 20
- 11-04-2022, 16:00
- 11 853
- 12
- 27-03-2021, 14:25
- 4 980
- 7
- 29-11-2021, 09:36
- 4 573
- 5
- 29-09-2020, 11:15
- 4 995
- 5
- 24-09-2020, 11:41
- 5 030
- 5
- 16-05-2019, 14:19
- 6 925
- 5
- 15-05-2019, 09:47
- 5 264
- 5
SOSİAL ŞƏBƏKƏLƏR