Artıq bir aya yaxındır mənzillərin qapısına daşınmaz əmlakın sığortalanması ilə bağlı bildiriş kağızları yapışdırılır. Bildirişlərdə gələn il yanvarın 1-dən sığortanın bu növünün məcburiliyi, sığortadan yayınanların isə 30 manat cərimələnəcəkləri qeyd olunub. Ancaq bildirişi kimlərin və hansı məqsədlə yapışdırması məlum deyil. Yalnız kağızın aşağı hissəsində ad və əlaqə nömrəsi yazılıb.
Maraqlıdır, qapılara həmin bildirişləri kimlər yapışdırır? Bildirişlərin mənzillərin qapsıına yapışdırılmasına hansısa rəsmi qurumdan, yaxud rəsmi şəxsdən göstəriş verilibmi?
Turkustan.info bildirir ki, İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov Lent.az -a açıqlamasında bu bildirişlərdən məlumatsız olduğunu deyib:
“Onları kimlərin qapılara yapışdırdığı barədə məlumatım yoxdur. İcbari Sığorta Bürosu olaraq belə bir fəaliyyətlə məşğul deyilik. Daşınmaz əmlakın icbari sığortasını bu növ sığorta satmaq səlahiyyəti olan 12 qeyri-həyat şirkəti həyata keçirəcək. Daşınmaz əmlakın icbari sığortası 2011-ci ildən qüvvədədir və həmin ilin yanvarından daşınmaz əmlakını sığorta etdirməyən şəxslər cərimələnir. Bu, qanunun tələbidir”.
Bildirişdə qeyd olunan telefon nömrəsi ilə əlaqə saxladıq. “Atəşgah” sığorta şirkətinin satış meneceri Elnur Zeynalov, bildirişlərin nə üçün qapılara yapışdırılmasına aydınlıq gətirib. O, bildirişlərin paylanmasının hansı orqana tövsiyə edildiyini də bildirib:
“Məlumdur ki, gələn ilin yanvar ayından daşınmaz əmlakını sığorta etdirməyən şəxslər cərimələnəcək. Biz də vətəndaşların məlumatlı olması üçün bildirişlər yayırıq. Bizə bildirişlərin yayılmasını və əhalinin məlumatlandırılmasını yerli icra hakimiyyətləri tövsiyə ediblər. Vətəndaşlara bu informasiyaların çatdırılmasını təkcə biz yox, daşınmaz əmlak sığortası üçün icazəsi olan hər bir şirkət həyata keçirir. Burada hər hansı reklam niyyəti yoxdur və insanlara bizim müştərimiz olun da demirik. Bildirişlərdə şirkətin adı və ya simvolu qeyd olunmayıb. Məqsəd yalnız insanların məlumatlı olmasıdır. Bildiyimə görə, daşınmaz əmlakın icbari sığortasını həyata keçirən 12 qeyri-həyat şirkəti var. Həmin şirkətlər Mərkəzi Bankdan daşınmaz əmlakın sığortası üçün lisenziya alıblar”.
Qeyd edək ki, gələn il yanvarın 1-dən daşınmaz əmlakını sığorta etdirməyən fiziki şəxslər 30, vəzifəli şəxslər 80, hüquqi şəxslər isə 200 manat miqdarında cərimələnəcək. Bununla bağlı 2 həftədir mənzillərin qapısına bildirişlər yapışdırılmağa başlayıb.