• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Bankı, restoranı, şadlıq sarayı, villası olmayan nazirlər…

Bankı, restoranı, şadlıq sarayı, villası olmayan nazirlər…


Seymur VERDİZADƏ

Təxminən 8-9 il əvvəl Xızı rayonunun Qızılqazma kəndində olanda, bu ərazini yaxşı tanıyan tələbə dostum nəhəng bir villanı göstərib, belə demişdi: “Keçmiş Səhiyyə naziri Əli İnsanovun evidir. Gəlib-gedən olmadığı üçün baxımsız vəziyyətdədir”.

İki il əvvəl şimal bölgəsində qonaq olanda, dostlarla Qubadan Qusara getməyə qərar verdik. Mənzil başına çatmağa bir neçə kilometr qalmış yolun kənarındakı nəhəng villa diqqətimi cəlb etdi. Vaxtilə Nəqliyyat Nazirliyində məsul vəzifə tutmuş tanışım dərhal izahat verdi: “Ziya Məmmədovun villasıdır”.

Oxşar situasiya ilə iki il əvvəl Göygöl rayonunda da qarşılaşmışdım. Yerli əhali arasında Mixaylovka kimi məşhur olan Dəyirmanlar kəndindən keçəndə, samuxlu tələbə yoldaşım dəbdəbəli bir villanı göstərib, belə demişdi: “Sabiq Vergilər naziri Fazil Məmmədovundur. Amma çoxdandı gəlib-getmir. Bəlkə də burda villasının olduğu yadından çıxıb”.

Keçmiş Kənd təsərrüfatı naziri Heydər Əsədovun “Hökumət Evi”nin ekiz tayı olan villası haqda da yazmışam. Bakıda o cür nəhəng villa görmədiyim üçün yeri dəqiq yadımdadır; Binəqədi rayonundakı 30 nömrəli məktəbin yaxınlığında yerləşir. Bəzən nabələd adamlar villa ilə məktəbi dəyişik salırlar. Deyilənə görə, villanın ərazisi o qədər genişdir ki, 1360 şagird rahat təhsil ala bilər.

Burda təəccüblü, qeyri-adi heç nə yoxdur. Əgər Azərbaycanda yeddi il nazir işləmisənsə, yığdığın yeddi arxa dönəninə bəs etməlidir. Bizim ölkəmizdə nazir sözü uzun illər rüşvətxor və korrupsioner sözü ilə assosiasiya olunub…

Mən nikbin adamam. Sonuncu cümləni keçmiş zamanda tamamlamağım da sırf bu amillə bağlıdır. Son illər start götürən islahatların sayəsində Azərbaycanda korrupsioner məmurların “kökü” kəsiləcəyinə ümidim artıb. Ziya Məmmədov kimi nazirlər bir-birinin ardınca “arxivə” göndərilir. Elmar Məmmədyarovun biabırçı şəkildə işdən qovulması bu prosesin dönməz xarakter aldığını söyləməyə əsas verir.

Sizin Məmmədyarovun əməllərindən xəbəriniz varmı? Rüşvətxor məmurların, qudurğan biznesmenlərin yekəxana uşaqları neçə illərdi Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında kef edirlər. İnanıram ki, Ceyhun Bayramov bu haqsızlığa son qoyacaq. Əminəm ki, vaxtilə direktorları işə imtahanla götürən, təhsil müəssisələrinin rəhbərlərini vəzifəyə təmənnasız təyin edən Ceyhun müəllim bu dəfə də XİN-in qapılarını kasıb ailələrdə böyüyən savadlı gənclərin üzünə açacaq. Axı ortada istinad edə biləcəyimiz müsbət nümunə var…

Dünən ölkəmzidə daha bir gənc kadr nazir postuna təyinat aldı. Mən Emin Əmrullayevi tanımıram. Amma tanıyanlar yaxşı adam kimi xarakterizə edirlər. Bilirsiniz, diqqətimi ən çox cəlb edən nə oldu? Ən azı 30 nəfər Emin müəllimlə çəkdirdiyi şəkli sosial şəbəkələrdə paylaşdı. Ən azı 40 nəfər yeni nazirlə bağlı köhnə xatirələrini bölüşdü. Ən azı 50 nəfər Emin Əmrullayevə öz adı ilə müraciət edib, onunla dost olduğunu diqqətə çatdırdı. Deməli, əlçatandır. Deməli, “köhnə qvardiya”nın mühafizəkar nümayəndələri kimi ətrafına betondan hasar çəkməyib.

Biz bu mövzuda çox mübahisə etmişik. Bəzən məndən kadr dəyişikliklərinin müsbət tərəflərinin nədən ibarət olduğunu soruşurlar. Fikrimi sadə misallarla izah etməyə çalışacam. Allaha ağır getməsin, yeməyə çörək tapmayan ailələr tanıyırdım ki, indi uşaqları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışırlar. Mikayıl Cabbarov 2017-ci ildə Vergilər naziri təyin olunandan sonra bu qurumun qapılarını bütün savadlı gənclərin üzünə açdı. Gənc və perspektivli kadrların işə qəbulu ilə bu nazirlik “papanın gül balaları”nın oylağı olmaqdan şıxdı. Siz də razılaşarsınız ki, vergi müfəttişləri Fazil Məmmədovun dövründə olduğu kimi indi camaatın qanını sormur.

İslahatların İqtisadiyyat Nazirliyində və bu qurumun tabeliyində olan idarə və müəssisələrdə davam etməsi iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək. Ola bilməz ki, çəkilən zəhmət yerdə qalsın…

Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız 15 gündə müxtəlif ölkələrdə yüzə yaxın aksiya keçirib. Fuad Muradovun rəhbərlik etdiyi Komitədən saytımızın elektron poçtuna hətta gecə 3-də də məlumatlar daxil olur. Diasporla İş üzrə Dövlət Komitəsi diaspor təşkilatları ilə birlikdə gecə-gündüz erməniləri ifşa etməklə məşğuldur. Bilirsiniz, effektiv işləmək niyə mümkün olur? Çünki sələfindən fərqli olaraq, Fuad Muradov pulla, tanışlıqla heç kimi işə götürməyib, kadr seçimində həmişə savada, peşəkarlığa üstünlük verib…

Mən inanıram ki, hətta ən qərəzli adam da Sahil Babayevin Füzuli Ələkbərovdan, İnam Kərimovun Heydər Əsədovdan pis işlədiyini iddia etməz. Sevindirici haldır ki, bu adamların heç birinin adı rüşvət və korrupsiyada hallanmayıb. Kim Mikayıl Cabbarovun, Fuad Muradovun, Ceyhun Bayramovun hansısa banka, restorana, şadlıq sarayına sahib olduğunu deyə, həmin obyektlərin yerini göstərə bilər? Şəxsən mənə belə bir fakt məlum deyil.

Mən jurnalistlərin binasından ev almayan, fəxri adı olmayan, sinəsindən orden-medal sallanmayan təmənnasız bir qələm adamıyam. Heç bir vəzifədə gözüm yoxdur. Tək istəyim odur ki, ölkəmiz haram pulu əlinin arxasıyla geri itələməyi bacaran məmurlar tərəfindən idarə olunsun. İstəyirəm ki, bu ölkədə insanlar savadına, qabiliyyətinə görə vəzifə tutsun. İstəmirəm ki, övladlarım hansısa korrupsioner məmurun “kruq”una daxil olmadığına görə gələcəkdə işsiz qalsın. İstəmirəm ki, nazirlərin, deputatların uşaqlarının üzünə taybatay açılan qapılar sıravi bir jurnalistin övladlarının üzünə bağlı olsun. İstəyirəm ki, savadlı, ləyaqətli gənclərin üzünə bütün qapılar açıq olsun…

Məncə, bunun yolu həm də korrupsioner və rüşvətxor məmurlarla mübarizədən keçir. İslahatçı məmurlara dəstək vermək bu kampaniyanın tərkib hissəsidir…

(yenisabah.az)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Əli Əsədov qərar imzaladı

  • Bu gün, 12:37
  • 9
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 091
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 789
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter