Operativ qərargahın qərarına əsasən, bulvar və parklarda uşaq əyləncə mərkəzləri, atraksionlar işləməməlidir. Amma valideynlər övladları əyləncədən geri qalmasın deyə, bu qadağaya məhəl qoymur.
Baku Tv mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
“Olmaz, qoymasınlar. Açırlar, uşaqlar da istəyir”, - övladı virusdan bixəbər əylənən valideyn deyir.
Bu karuselləri işlədən şəxslərdən soruşduqda isə belə bir qərardan xəbərdar olmadıqlarını və açıq havada olan atraksionlarda virus təhlükəsinin olmadığını bildirdilər.
Baku TV-nin əməkdaşları üz tutduqları digər parkda da eyni mənzərə ilə qarşılaşıblar: Yenə biganə valideynlər, yenə qaydaları pozan atraksion işçiləri. Maraqlısı isə odur ki, atraksionları bir manat qarşılığında işlədən şəxslər burada heç bir problem olmadığını və uşaqların, özlərinin virusa yoluxmayacaqlarını zənn edirlər. Valideynlər isə soyuqqanlı şəkildə bu atraksiondan uşaqların istifadəsinə icazə verirlər.
Parkın işçisi deyir ki, açıq havada icazə verilir:
“Buradan 15-20 nəfər çörək qazanır. Böyük bir sıxlıq yoxdur”.
Dənizkənarı Bulvar ərazisində, Nərimanov, Hüseyn Cavid parkında isə operativ qərargahın qaydalarına tam əməl olunur.