Azərbaycanda ilk dəfə elektrobus istehsal olunub - FOTO
Gəncə avtomobil zavodunda yeni yığım xəttinin açılış mərasimi təşkil olunub.
Beş.az xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq konveyerdən “PALESSE KZS-575” markalı taxılyığan kombayn və E-321 markalı elektrobus çıxıb.
Belə ki, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Belarusun “Belkommunaş”, eləcə də “Qomselmaş” müəssisələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqavilələri çərçivəsində ölkəmizdə E-321 markalı elektrobusların, həmçinin “PALESSE KZS-575” markalı taxılyığan kombaynların da yığımına başlanılıb.
Gəncə avtomobil zavodunda Belarus və Azərbaycan maşınqayıranlarının əməkdaşlığının birgə səylərinin növbəti nəticəsi kimi fəaliyyətə başlayan iki yeni yığım xəttinin açılışında Belarus Respublikasının baş nazirinin müavini Mixail Rusıy, Belarus ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç, Gəncə şəhər rəhbərliyi ictimaiyyəyətinin nümayəndələri də iştirak ediblər.
Taxılyığan kombaynın yığım xətti ilə taniş olduqdan sonra qonaqlar E-321 markalı elektrobusun təqdimatına qatılıblar, həmçinin onun akkumlyatorunun enerji ilə doldurulması prosesini izləyiblər.
Elektrobuslar həm ekoloji baxımdan, həm də yanacağa qənaət baxımından çox sərfəlidir.
83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub.
Saatda 60 kilometr sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində enerjidoldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur .
Mühərriki 155 at gücündə olan “PALESSE KZS-575” markalı taxılyığan kombaynı isə kənd təsərrüfatı texnikalarının son nəslindəndir. Bu kombayn kiçik və orta təsərrüfatlar üçün, kompakt və manevrli texnika istəyənlər üçün çox əlverişli bir texnikadır.