Putin vacib sənədə imza atdı, Rusiya hərəkətə keçdi - Hamısı müsadirə olunacaq
- 17.03.2022, 13:42,
- Dünya
Baxılıb: 16
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukraynaya hücum qərarından sonra sərt sanksiyalarla üzləşən Rusiya yeni qərar qəbul edib.
Xarici KİV xəbər verir ki, Rusiya ABŞ və Avropa lizinq şirkətlərinə məxsus yüzlərlə kommersiya təyyarəsini müsadirə etmək qərarına gəlib. Kremldən verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Rusiya aviaşirkətlərinə xarici şirkətlərdən icarəyə götürülmüş təyyarələri Rusiyada qeydiyyatdan keçirməyə və bu təyyarələrə yerli uçuşa yararlılıq sertifikatı verməyə icazə verən qanunu imzalayıb.
Analitiklər Putinin imzaladığı qərardan və dünən verdiyi sərt bəyanatdan sonra geniş təzyiq dalğasının başladığını və Putinin Qərblə hesablaşmağa hazırlaşdığını iddia edirlər.
ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalar lizinq şirkətlərindən ayın sonuna kimi Rusiya aviaşirkətlərinə icarəyə verdikləri bütün təyyarələri geri almağı tələb edir. Qanun layihəsi isə Rusiya aviaşirkətlərinin icarəyə götürdükləri təyyarələri ələ keçirib daxili marşrutlarda istifadə etməsinə imkan verəcək, eyni zamanda xarici şirkətlərin Rusiya hökumətinin icazəsi olmadan təyyarələrini geri almasını çətinləşdirəcək.
"Cirium" aviasiya şirkətinin məlumatına görə, Rusiya aviaşirkətləri 305 "Airbus" və 332 "Boeing" təyyarələrini istifadə edir. "Cirium" məlumatları göstərir ki, bu xarici təyyarələrin 85 faizi lizinq şirkətlərinə məxsusdur və ümumi dəyəri 12,4 milyard dollardır.
“Airbus” və “Boeing” kimi Qərb təyyarə istehsalçıları artıq Rusiya aviaşirkətlərinin öz təyyarələrinə texniki qulluq göstərməsi və uçması üçün lazım olan ehtiyat hissələrini əldə etməsinə mane olub. Bununla belə, şirkətlərin icarəyə götürdükləri təyyarələri Rusiya ərazisində olarkən necə geri ala biləcəyi bəlli deyil. Sözügedən şirkətlərdən indiyə qədər heç bir açıqlama verilməyib.