Əgər Rusiya Qərblə hazırkı qarşıdurmadan zəifləsə, o zaman Gürcüstan və Azərbaycandan qoşunlarını əvvəllər çıxardığı kimi, sülhməramlılarını da Qarabağdan çıxaracaq.
Bunu erməni ekspert Artur Martirosyan deyib.
Onun fikrincə, hər şey Qarabağda sülhməramlıların olmasının Rusiya üçün ekzistensial maraq olub-olmamasından asılıdır.
“Nədənsə biz hesab edirik ki, imzalanmış bəyanata əsasən onların mövcudluğu əbədi xarakter daşımalıdır. Beynəlxalq münasibətlərdə bu, baş vermir. 2025-ci ilə qədər Rusiyada nə dəyişəcək? Sabah Rusiyanın maraqları dəyişə bilər. Bakı sülhməramlıları gözdən salır və ola bilsin ki, bu, danışıqlarda müzakirə olunub ki, 2025-ci ildən sonra sülhməramlılar Qarabağdan çıxarılsın”, - ekspert qeyd edib.
Martirosyanın sözlərinə görə, ən pis varianta hazır olmalıdırlar.
“Siz başa düşməlisiniz ki, mövcud vəziyyətə əsasən, 2025-ci ildə sülhməramlılar Qarabağda etdiklərini etməyə bilər. Belə olan halda Azərbaycan güc tətbiq edə bilər”, - ekspert əlavə edib.