Dünya Bankı Türkiyədə baş verən zəlzələ ilə bağlı zərəri qiymətləndirib.
Xarici KİV xəbər verir ki, hesabata əsasən zəlzələlərin birbaşa fiziki ziyanı 34,2 milyard dollar olaraq hesablanıb. Bu məbləğ Türkiyənin 2021-ci il ÜDM-nin 4%-nə bərabərdir.
Hesabatda, bərpa və yenidənqurma prosesinin dəyərinin yaşanan fiziki zərərdən çox, potensial olaraq iki dəfə çox olacağı ifadə edildi. İqtisadi təsirlərin ÜDM itkisinə gətirib çıxaracağı, bunun da zəlzələnin ümumi xərclərini artıracağı vurğulanıb.
Məlumata görə, 34,2 milyard dollarlıq birbaşa zərərin 53%-i, yəni 18 milyard dolları yaşayış yerlərinin payına düşüb. Dəymiş ziyanın 28%-i və ya 9,7 milyard dolları qeyri-yaşayış binalarına dəyən ziyan olub. İnfrastruktur ziyanı dəymiş ziyanın 19%-ni (6,4 milyard dollar) təşkil edib.
Zəlzələdən zərər çəkmiş 11 vilayətdə 1,7 milyon suriyalı qaçqının olduğu bildirilən hesabatda təbii fəlakət nəticəsində 1,25 milyon insanın müvəqqəti evsiz qaldığı təxmin edilib.
Dünya Bankı cari qeyri-müəyyənliklər və afterşoklar səbəbindən xərclərin hesablanmasının davam etdiyini bildirib.