Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra minlərlə rusiyalı Ukrayna tərəfdən Rusiyaya qarşı döyüşlərdə iştirak edir.
“Lenta.ru” xəbər verir ki, hərbi əməliyyatlar başladıqdan sonra minlərlə rusiyalı könüllü olaraq Ukrayna tərəfinə keçərək ruslara qarşı savaşmaqdadır.
Nəşrin yazdığına görə, Ukrayna tərəfdən döyüşən rusiyalıların ideologiyası və etnik tərkibi müxtəlifdir.
“Bura müstəqil İçkeriya (yəni Çeçenistan) tərəfdarlarından tutmuş rus neonasist qruplarınadək daxildir. Çox vaxt Ukrayna komandanlığı onları Rusiya daxilində təxribat fəaliyyətinə cəlb edir. Onlar təkcə terror aktları və təxribatlar törətmir, həmçinin kəşfiyyat məlumatları toplayır, hətta Ukrayna ordusunun maliyyələşdirilməsi üçün vəsait axtarışında olurlar”, - Lenta yazır.
Nəşrin yazdığına görə, Rusiya kəşfiyyat orqanları xeyli sayda belə insanı saxlayıb və dindirib. Dindirilmələr zamanı saxlanılanlar tez-tez etiraf ediblər ki, onlar xaricdə gizlənən və Rusiya daxilində hökumət əleyhinə hərəkatlara rəhbərlik edən şəxslərin dəvəti ilə Ukrayna ordusunun sıralarında döyüşmək qərarına gəliblər.
Ukrayna tərəfindən döyüşən qruplardan ən məşhuru Rusiya vətəndaşlarından formalaşan mühacirət siyasi həyatı yaşayan “Rusiyanın azadlığı” legionudur. Legiona Rusiya Dövlət Dumasının qaçaq deputatı İlya Ponomarevin rəhbərlik etdiyi “Silahlı Rusiya Müxalifətinin Siyasi Mərkəzi” də qoşulub. Onların əsas məqsədlərindən biri də Rusiyada hakimiyyəti devirməkdir.
Növbəti silahlı qruplaşma “Rusiya könüllülər korpusu”dur. Bu radikal qruplaşma mart ayında Rusiyanın Bryansk vilayətinin sərhədində kəndlərə hücumlar təşkil edib.
“Rusiya könüllülər korpusu”, “Rusiyanın azadlığı” kimi, Ukrayna Silahlı Qüvvələrinin Beynəlxalq legionunun bir hissəsidir.
Korpusun lideri və təsisçisi Denis Kapustindir. “Rusiya könüllülər korpusu” özünün mövcudluğunu 2022-ci ilin avqustunda rəsmən elan edib. Burada döyüşənlər etnik ruslardan ibarətdir.
Ukraynada döyüşən digər hərbi qruplaşma “İçkeriya Çeçenistan Respublikası” qrupudur. Qrupun siyasi lideri 2003-cü ildə Londonda siyasi sığınacaq alan, Cövhər Dudayev hökumətində mədəniyyət naziri vəzifəsində çalışmış Əhməd Zakayevdir. Zakayev Ukraynaya döyüşlərdə dəstək vermək üçün prezident Zelenskiyə müraciət edib. Bu məqsədlə 2022-ci ilin may ayında Kiyevə rəsmi səfər edən Zakayev Ukrayna Silahlı Qüvvələrinin komandanlığının qanadı altında yeni çeçen birləşmələrinin yaradılması ilə bağlı müqavilə də imzalayıb.
Zakayevin əsas hədəfi Rusiyanın Ukraynada məğlubiyyətinə nail olub Çeçenistanın müstəqilliyini əldə etməkdir.O bununla bağlı fikrini də açıqca bəyan edib: “Rusiya Ukraynaya uduzsa, Çeçenistanın işğaldan azad edilməsi, bir neçə günün işidir. Mən buna tam əminəm”.
Məlumatlara görə, 2500-dək çeçen Zakayevin liderliyi altında Ukraynada Rusiyaya qarşı savaşır.
Bundan əlavə olaraq çeçen hərbi birləşmələrinin formal lideri radikal sələfi ideoloqu, terror hücumlarının təşkilatçısı və suriyalı cihadçıların liderlərindən biri kimi tanınan Abdul-Hakim Şişanidir (əsl adı Ruslan Ajiyevdir-red). Şişanı İkinci Çeçenistan müharibəsi zamanı Qafqazda rus bölmələri ilə döyüşlərdə xüsusi qəddarlığı ilə məşhurlaşıb.
“France 24” telekanalının məlumatına görə, yanvarın əvvəlində Ruslan Acıyev (Şişani) Baxmut yaxınlığında döyüşüb. Bir ay əvvəl o, Ukrayna vətəndaşlığını və İçkeriya Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini vəzifəsinə təyin olunub.
“Bizim üçün savaş yaşamaq məsələsidir. Nə qədər ki, Rusiya var, biz sülh içində yaşaya bilmərik” -“İçkeriya” Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Ruslan Acıyev (Şişani) deyib.