Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkiləri maraqlı nüanslarla yadda qaldı. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlamentdə əzici üstünlüyə sahib olsa da, prezident kürsüsü uğrunda gedən mübarizə nəticəsiz qalıb. Türkiyənin yeni dövlət başçısının kimliyi mayın 28-də keçiriləcək növbəti turdan sonra bəlli olacaq.
Ötən bazar baş tutan seçkilər əsas 2 namizəd arasında keçib. Hazırkı ölkə başçısı Rəcəb Tayyip Ərdoğan və ana müxalifət lideri, CHP sədri Kemal Kılıçdaroğlu prezidentlik uğrunda yarışsalar da, tələb olunan 50,1% baryerini ilk turda onlardan heç biri keçə bilməyib.
Seçkinin nəticələri təkcə Türkiyədə deyil, dünyanın hər yerində ən müxtəlif kontekstlərdən təhlil olunur. Dövlət başçısı Ərdoğanın prezidentlik postunu 0,50% səslə əldən verməsi çoxsaylı suallar doğurub.
“Yeni Sabah” məsələnin təfərrüatlarını araşdıranda maraqlı məqamlar üzə çıxıb. Türkiyənin siyasi həyatına yaxın bələd olan adamların saytımıza bildirdiyinə görə, R. T. Ərdoğanın bu mübarizədən qalib ayrılması tamamilə mümkün idi. Belə ki, etibarsız sayılan səslərin sayı 1 milyondan çoxdur. Analitiklərin fikrincə, hakim AKP seçki məntəqələrində etiraz hüququndan istifadə edərək, etibarsız sayılan 1 milyon səsin ən azı yarısını öz namizədinin xeyrinə çevirə bilər. Bu zaman Ərdoğanın qələbəsini təmin etmək üçün tələb olunan 50,1%-i təmin etmək mümkün olacaqdı.
Bəs Türkiyə prezidenti niyə rəqibi ilə ikinci turda təkrar yarışmağa razı olub?
AKP-yə yaxın dairələr bizimlə söhbət zamanı bu məsləyə aydınlıq gətiriblər. Onların fikrincə, 2002-ci ildən bəri Türkiyəyə rəhbərlik edən R. T. Ərdoğan 50,1% səslə prezident seçilməyi özünə rəva bilməyib. Ərdoğanın ikinci turda rəqibi ilə yenidən qarşılaşmaq istəməsi 2 vacib amillə izah olunur.
Birinci və əsas amil dövlət başçısının ikinci turda səslərini artırmaq arzusudur. Ərdoğan seçicilərin ən azı 60%-nin səsini qazanmağa iddialıdır. Bu nəticə onun Türkiyə üzərindəki təsir imkanlarını artırmağa imkan verəcək.
İkinci amil isə Türkiyə Prezidentinin seçki dönəmində “başını ağrıdan” K. Kılıçdaroğlunun və onun timsalına ölkə müxalifətinə “dərs vermək” planıdır. Hakimiyyət ideoloqları hesab edirlər ki, Ərdoğan ikinci turda rəqibini ən azı 15-20% səslə qabaqlamaqla onun tamamilə sıradan çıxmasını təmin edə bilər. Prezidentlik uğrunda mübarizədə rəqibinə 15-20% fərqlə uduzan Kılıçdaroğlunun siyasətdə uzun müddət duruş gətirməsi inandırıcı görünmür. AKP rəsmiləri bunu bildikləri üçün Kılıçdaroğlunu “nokaut”a salmaqda israrlı görünürlər. Onların qənaətinə görə, ikinci turda qazanılan parlaq qalibiyyət ənənəvi müxalifətin tamamilə sıradan çıxması ilə nəticələnəcək.
Hadisələrin inkişafı Ərdoğanın və ətrafının bu planı reallaşdırmağa yaxın olduğunu göstərir.