“Crocus City Hall”da törədilən terror aktı itki və faciə ilə bərabər, bir çox gerçəklikləri də ortaya çıxardı. Məsələn, hadisənin məsuliyyətini üzərinə götürən İŞİD terror təşkilatının artıq ənənəvi Yaxın Şərq arealından çıxaraq, Asiya mərkəzli fəaliyyətə başlaması barədə deyilənlər ilkin təsdiqini tapdı. Qeyd edək ki, son 6 ildə bu təşkilatın Mərkəzi Asiyaya yayılmaq strategiyasının olduğu, hətta ilk olaraq Tacikistanda tərəfdarlarını artıracağı, Çinə hədəflənmiş fəaliyyət üçün qurumun daxilində uyğur türklərinin sayının məqsədli şəkildə artırıldığı barədə təhlillər vardı. İŞİD-Xorasan transformasiyası bu strategiyanın nəticəsi idi. “Crocus City Hall” İŞİD-in yeni arealda ilk açıq genişmiqyaslı əməliyyatı oldu…
İndi İŞİD Mərkəzi Asiyaya yerləşməklə və burada özünə daha böyük baza toplamaqla, həm Çin, həm də Rusiya üçün ciddi təhdid mənbəyinə çevrilir. İraq və Suriya təcrübələrində bu təşkilatın fəaliyyətinin nəticələri, təəccüblü də olsa, daha çox Qərbin maraqlarına cavab verdi. Yeni hədəflər də elə Qərbin “diqqətində” olan ünvanlardır – Moskva və Pekin. ABŞ və Britaniya Rusiyanın və Çinin zəifləməsini istəyir və buna çalışırmı? Çalışır. ABŞ və Britaniya orta dəhlizə nəzarəti ələ almaq və burada güclənməyə çalışırmı? Çalışır. Qərbin hədəfləri Yaxın Şərqdən Avrasiyaya yönələn kimi İŞİD də dislokasiya dəyişdirir. Uzağa gedən nəticələr çıxarmağa çalışmırıq, bu, sadəcə bir faktdır.
İndi Orta Dəhliz politoloji mətnlərdə həm də “Türk xətti”, hətta bəzi İran mənbələrində hətta “Turan dəhlizi” kimi də adlandırılır. Bu halda, Qərbin bölgəyə türk topluluqları üzərindən daxil olmağa çalışmasından təbii heç nə yoxdur. Elə İŞİD də tərəfdarlarını Mərkəzi Asiya əsilli, xüsusilə uyğur türklərindən olan döyüşçülər hesabına artırır.
Bu əsrarəngiz paralellik bölgənin gələcəyi ilə bağlı nələr vəd edir?
Moskvadakı terrordan sonra sosial şəbəkələrin Azərbaycan seqmentində bu məsələlər barədə geniş müzakirə də açılmışdı. Məsələn, jurnalist Asif Nərimanlı Facebook profilində yazır ki, terror aktını İŞİD-Xorasan qruplaşmasının üzərinə götürməsi, yaxud onun üzərinə qoyulması və terrorçuların xüsusilə tacik əsilli olması bir versiyanı önə çıxarır: Yaxın Şərqdə “missiyasını” başa vuran İŞİD-in yeni ünvanı Asiya ola bilər.
““İslam dövləti” planının Yaxın Şərqdə “məğlub” olmasından sonra bu “ideya” “Böyük Xorasan” adlandırılan Cənubi – Mərkəzi Asiya bölgəsinə daşındı. 2015-ci ildə polkovnik Gülmurod Halimovun İŞİD-ə qoşulması ilə terror təşkilatı daxilində ciddi gücə çevrilən “tacik qrup” Yaxın Şərqdəki “məğlubiyyətdən” sonra “Xorasanda” daha aktiv şəkildə ön plana çıxmağa başladı. Görünür ki, 2017-ci ildən sonra terror planı Yaxın Şərqdən Asiyaya köçürülüb. İŞİD-Xorasan qruplaşmasının aktiv terror hücumlarına ABŞ-in Əfqanıstandan çıxmasından sonra başlaması da diqqətçəkən məqamlardandır. Qruplaşmanın son illər əsasən Rusiyanı – birbaşa Putini təhdid etməsi təsadüfə bənzəmirdi”.
A.Nərimanlı qeyd edir ki, Yaxın Şərqdəki qeyri-stabilliyin Cənubi – Mərkəzi Asiya coğrafiyasına köçürülməsi həm Rusiya ətrafında, həm də Çin və bu ölkənin üstünlük verdiyi nəqliyyat dəhlizlərində qeyri-stabilliyin yaranması ilə nəticələnə bilər: “Baş verənləri dəhlizlər uğrunda mübarizənin tərkib hissəsi kimi də dəyərləndirmək mümkündür”.
Pressklub.az-ın sualını cavablandıran təhlükəsizlik üzrə ekspert İlham İsmayılın fikrincə, İŞİD Moskvada törədilən terror aktında Rusiyanı əsas hədəf kimi götürməyib.
“Suriyada bütövlükdə darmadağın və məğlub olandan sonra İŞİD-in müəyyən bir qismi Əfqanıstan-Tacikistan sərhədində yerləşməyə məcbur oldular. Eyni zamanda, qlobal güclər lazım gəldikdə İŞİD-dən təzyiq vasitəsi kimi də istifadə edirlər”.
Müsahibimiz hesab edir ki, İŞİD Tacikistan və Əfqanıstan sərhədlərində möhkəmlənərək, bütün Mərkəzi Asiyaya təsir edə bilər: “Həmçinin Mərkəzi Asiyada İŞİD-in bu və ya digər şəkildə möhkəmlənməsi gərginliyin yaranmasına səbəb olacaq. Çünki bu bölgə Çinlə Rusiya arasında yerləşir və yeri gəldikdə, ərazidən həm Çinə, həm Rusiyaya təzyiq göstərmək mümkündür. Qlobal güclər bundan istifadə edə bilər. Eyni zamanda, Qərbə qarşı da həmin böyük qüvvələrin İŞİD-dən istifadə etməsi mümkündür”.
Beləliklə, dünyanın ən qorxunc terror təşkilatlarından biri Avrasiyada böyük oyuna daxil olur. Bu amilin bölgədə hansı vəziyyəti yaradacağı, proseslərdə hansı rolu oynayacağı yaxın gələcəkdə daha aydın görünəcək. Bəlli olan bircə budur ki, bir şəri yıxmaq üçün başqa bir şərə arxalanmaq hələ heç vaxt, heç kimə xeyir gətirməyib…
Qabil Abbasoğlu,
Mədinə Useynova - Pressklub.az