Uçuş zamanı hava şəraiti əlverişli idi, bulud örtüyü məhdud ərazidə idi.
Bunu Prezident İbrahim Rəisini müşayiət edən helikopterdə olan İran Prezident Aparatının rəhbəri Qulamhüseyn İsmaili prezident helikopterinin qəzaya uğramasının yeni təfərrüatları barədə IRIB agentliyinə danışarkən açıqlayıb.
“Günorta saat bir radələrində heç bir xüsusi hava hadisəsi olmadığı yaxşı və aydın havada Təbrizə uçuş başladı. 45 dəqiqəlik hərəkətdən sonra mədən yaxınlığındakı dərədə bulud ləkəsi müşahidə olunurdu. Prezidenti daşıyan helikopterin pilotu səhra komandiri kimi digər pilotlara bildirir ki, buludlardan yuxarı çatmaq üçün yüksəkliyə qalxsınlar. Ortadakı helikopter Prezidenti daşıyırdı. Pilotumuz 30 saniyə buludların üzərində yolu davam etdirdikdən sonra ortadakı helikopterin olmadığını anladı”, – İsmaili deyib.
Onun sözlərinə görə, “ortadakı helikopter yuxarı qalxmadığı üçün helikopterimizin pilotu dönərək geri qayıtdı”:
“Ondan qayıtmağının səbəbini soruşdum. Ortadakı helikopterin gəlmədiyini dedi. Qayıdaraq onları tapmaq qərarına gəldik. Bulud olan bu hissədə aşağını görə bilmirdik, buludun altına qayıtmaq mümkün deyildi. Nə qədər radio rabitəsi qurmağa çalışsaq da, mümkün olmadı. Bir-iki dəqiqədən sonra Süngün mis mədəninə endik və məsələni izləməyə başladıq”.
O, İranın mərhum xarici işlər naziri Hüseyn Əmir-Abdullahiana və mühafizə komandirinə “dəfələrlə zəng etdiyini, lakin heç birinin cavab vermədiyini” söyləyib:
“Uçuş heyəti bildirdi ki, kapitan Mustəfəvi ilə telefon əlaqəsi saxladıq, cənab Ali-Haşim cavab verdi və dedi ki, vəziyyətim yaxşı deyil və dərəyə düşmüşük. Xüsusi bir şey demədi. Sonra mən həmin telefona zəng etdim və cənab Ali-Haşim cavab verdi. Soruşdum ki, necəsən? Dedi ki, vəziyyətim yaxşı deyil. Onun ağrısı var idi. Nə baş verdiyini soruşdum. Dedi ki, nə baş verdiyini bilmirəm. Ağacların arasına düşdüyünü bildirdi. Digər yoldaşları haqda soruşdum. Dedi ki, onların heç birini görmürəm və ətrafımda heç kim yoxdur. Sonra meşənin xüsusiyyəti haqda məlumat verdi”.
Prezident Aparatının rəhbəri qeyd edib ki, “xilasedicilər dərhal qəzanın olduğunu təxmin etdiyimiz əraziyə yollandılar”:
“Sonradan qəza yerini tapdıqda cəsədlərin vəziyyəti Ayətullah Rəisi və digər yoldaşlarının dərhal dünyasını dəyişdiyini göstərirdi. Lakin Ali-Haşim bir neçə saat sonra şəhid olmuşdu”.