Rus Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır. Onu göstərir ki, Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər.
1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Ulu öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. Onu da bildirməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır. Nizami ordu yaradılmışdır, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamışdır, dövlətçiliyin əsasları qoyulmuşdur, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdir. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi. Bu gün Azərbaycan bu strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün ölkəmiz müstəqil siyasət apararaq, milli maraqların təmin olunmasında çox böyük addımlar atıb, çox böyük uğurlar qazanıb. 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbəttə ki, o vaxtdan bu günə qədər çox böyük işlər görülüb, ancaq, eyni zamanda, dünya da, bölgə də dəyişib. Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir. Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik.
İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu bir qədər də möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, diktə edir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təkliflərini ortaya qoyur. Bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açan Prezident İlham Əliyev yeni reallıqların çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərdiyini bəyan edir. Dövlət başçımızın mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə çıxışı, həmçinin iştirakçıların suallarına dolğun cavabları da bu baxımdan mühüm önəm daşıyır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Cənubi Qafqaz regionunda kəskin dəyişikliklərlə müşayiət olunan yeni vəziyyətin və tələb olunan yeni yanaşmaların ilk dəfə beynəlxalq diskussiya açması, Qarabağla bağlı müzakirələrə cəlb etməsi bölgədə yaranan reallıqlar haqqında xarici ölkələrdə aydın, hərtərəfli təsəvvür yaradılması baxımında böyük əhəmiyyətə malikdir. Bu, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin artıq Cənubi Qafqazda dialoq və inkişaf üçün beynəlxalq səviyyəli platforma kimi tanınmasından xəbər verir.
Azərbaycanın humanist dövlət olması, eyni zamanda, regionda davamlı sülh və təhlükəsizlik naminə maraqlı olması, Ermənistanın revanşizm meyillərindən çəkilərək kommunikasiyaların açılmasına maraq göstərməsi bu ölkə üçün “xilas qapısını açılması” üçün son şans ola bilər. Xüsusilə, Zəngəzur dəhlizinin açılması region üçün mühüm əhəmiyyət kəsb edir. Bu dəhlizin açılması Ermənistan üçün də əlverişli olacaq, baxmayaraq ki, bu mövzuda Ermənistan hələdə siyasi manipulyasiyalar etməyə çalışır. Bunun da səbəbi hazırkı Ermənistan rəhbərliyinin keçiriləcək parlament seçkilərində siyasi dividentlər əldə edə bilmək cəhdləridir. Bir sözlə, Azərbaycanın Cənubi Qafqazdakı yeni əməkdaşlıq siyasəti həm ölkəmizə, həm də regiona böyük faydalar verəcək.