Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.
Qeyd edək ki, oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar.
Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar.
"Ölkə.Az" xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleks barədə məlumat verib.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikasının İran və Ermənistanla dövlət sərhədlərinin Zəngilan rayonu ərazisindən keçən hissələrinin mühafizəsini həyata keçirən yeni hərbi hissə kompleksi 15 hektar ərazini əhatə edir. Buraya qərargah binası və əsgər yataqxanası, şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, yeməkxana və digər tikililər daxildir. Kompleksdə hərbi hissənin təyinatına uyğun xidməti-döyüş fəaliyyətinin təşkilinə, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətlərinin yüksəldilməsinə, şəxsi heyətin hərbi biliklərinin və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsinə imkan verən zəruri şərait yaradılıb.
Dövlətimizin başçısına hərbi hissənin xidməti istifadəsində olan zirehli döyüş maşınları, atıcı silahlar, qumbaraatanlar, iriçaplı pulemyotlar, zenit qurğuları və digər texniki vasitələr təqdim olundu. 44 günlük Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də torpaqlarımızın işğaldan azad olunmasında, dövlət sərhədinin bərpası kimi çox mühüm və müqəddəs bir missiyanın uğurla həyata keçirilməsində böyük şücaət və qəhrəmanlıq göstərib. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr vurub və işğalçıları torpaqlarımızdan qovub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər.
"Ölkə.Az" xəbər verir ki, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yarımstansiya barədə məlumat verib.
Bildirildi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi Zəngilan rayonunun elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən genişmiqyaslı işlər həyata keçirilib. Elektroenergetika infrastrukturu tamamilə dağıdılmış Zəngilan rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından ümumi uzunluğu 110 kilometr olan ikidövrəli 110 kV-luq elektrik verilişi xətti çəkilib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yarımstansiya binası müasir avadanlıqla təchiz olunub, 25 MVA gücündə 2 transformator quraşdırılıb. Gələcəkdə şəbəkənin genişləndirilməsi nəzərə alınaraq lazımi infrastruktur yaradılıb. Burada mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub ki, bu da yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunmasına və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsinə imkan verir.
Qeyd edək ki, işğala qədər 40 min nəfərdən çox əhalisi olan Zəngilan rayonunun ümumi enerji tələbatı orta hesabla 7 MVt olub. Hazırda ərazisində hava limanı, qızıl, mis yataqları, dağ-eko, aqro və mədəni turizm, “Ağıllı şəhər”, “Ağıllı kənd” də daxil olmaqla qeyri-əhali abonentlərin və 50 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Zəngilanda 2040-cı il üçün elektrik enerjisi tələbatının 40 MVt-dan artıq olacağı gözlənilir. Məhz bu səbəbdən də Zəngilan rayonunun və ümumilikdə Şərqi Zəngəzur iqtisadi rayonunun gələcək inkişaf istiqamətləri nəzərə alınaraq artacaq güc tələbatlarının qarşılanması məqsədilə yeni çəkilən 110 kV-luq ikidövrəli elektrik verilişi xəttinin gücötürmə qabiliyyəti 150-160 MVt-dır. “Zəngilan” yarımstansiyası, ilk növbədə, Zəngilan rayonunda yerləşən hərbi hissələri, sərhəd xidmətinin obyektlərini, bir sıra infrastruktur layihələri həyata keçirən müxtəlif dövlət strukturlarının, yol-tikinti şirkətlərinin obyektlərini elektrik enerjisi ilə təmin edəcək.
Prezident İlham Əliyev “Zəngilan” yarımstansiyasını işə salıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
"Ölkə.Az" xəbər verir ki, “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev dövlətimizin başçısına və birinci xanıma hava limanında görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə bu ilin may ayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq.
Qeyd edək ki, rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq. Tikinti işlərinin 2022-ci ildə tamamlanması planlaşdırılır.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimində iştirak ediblər.
"Ölkə.Az" xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma Zəngilanda tikiləcək Rəqəmsal Yarımstansiya və rayonun elektrik təchizatı sxemi barədə məlumat verdi. Bildirildi ki, 35/10 kV-luq 240 kilometrlik və 0.4 kV-luq 1050 kilometrlik elektrik veriliş xətti tamamilə yenidən qurulacaq. Ənənəvi təchizat sxemindən fərqli olaraq, yeni struktur şəbəkə iqtisadi baxımdan daha səmərəlidir. Yeni qurulacaq şəbəkədə “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin infrastrukturu üçün bütün imkanlar mövcud olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamında qarşıya qoyulan vəzifələrin icrası məqsədilə “Azərişıq” ASC tərəfindən Paylayıcı Şəbəkələrin Yaşıl Enerji Zonası tələbləri üzərində qurulmasına start verilib, “Ağıllı şəbəkələr” konsepsiyasının təməl elementlərindən biri olan Rəqəmsal Yarımstansiya layihəsi işlənib hazırlanıb. Bu cür yarımstansiyalar elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayır, emal edir, avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edir. Nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsi olan bu yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanması təmin edilir, bütün ölçülər yüksək dəqiqliklə aparılır. Avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri minimuma endirməyə imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Rəqəmsal yarımstansiyalarda iş alınan və ötürülən elektrik enerjisinin miqdarına görə multifunksional rejimdə qurulur, cihaz və avadanlıqlar bir-birilə koordinasiya vəziyyətində işləyir, əməliyyatlar paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılır, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti təmin edilir. Ən əsası, “Yaşıl enerji” mənbələri şəbəkəyə inteqrasiya olunur. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiyası rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. İstehlakçılar yarana biləcək texniki fasilə barədə məlumatı onlayn qaydada əvvəlcədən alır.
Diqqətə çatdırıldı ki, Kəlbəcərdə hərbi hissələri elektrik enerjisi ilə təchiz etmək üçün 132 kilometrlik yeni xətt çəkiləcək, 42 kilometrlik xətt isə bərpa olunacaq. Hazırda bu istiqamətdə işlər davam edir.
Prezident İlham Əliyev Rəqəmsal Yarımstansiyanın təməlini qoydu.
***
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonunda səfərdə olublar.
"Ölkə.Az" xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış oldular. İlk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub.
Kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verdi ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Yeraltı kommunikasiya işlərindən içməli su, çirkab və sel suları xətlərinin qazma işlərinə başlanılıb. Park meydanında nəzərdə tutulmuş fəvvarənin ərazisində abadlıq işləri yekunlaşıb. Fəvvarədə quraşdırılacaq memarlıq abidəsi hazırlıq mərhələsindədir. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait olacaq.
Onu da qeyd edək ki, burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Bundan əlavə, “Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.