Heydər Əliyevin Zəngəzur və Naxçıvanın bir hissəsinin Ermənistana verilməsi ilə bağlı tarixi çıxışından parça Ümummilli liderin anım günündə sosial şəbəkələrdə yenidən gündəmə gətirilib.
Axar.az xəbər verir ki, çıxışda Heydər Əliyev işğal planını və torpaqlarımızın ermənilərə verilməsini tarixi detallarla, çox aydın şəkildə izah edir və bir çoxları üçün sensasiya sayıla biləcək faktları açıqlayır.
“Mehri rayonunda böyük Nüvədi kəndi var. Çoxminlik əhalisi olan bir kənddir. Sırf azərbaycanlıların kəndidir, Arazın qırağında, indi Ermənistanın olan Mehri rayonun Naxçıvanla Azərbaycanın böyük torpağı arasındakı ərazində yerləşir. Həmən bu Nüvədi kəndi ermənilərə 1929-cu ildə verilibdir. Qədim, çox böyük ənənələri olan kənddir.
Nüvədi kəndinin əhalisi də çox dəyanətli insanlardır. Onlar hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə, mənim xatirimdədir, Nüvədidən çıxmırdılar. Onları sonra zorla ordan çıxardılar, gətirdilər Zəngilanın Vejnəli kəndinin yanına, onlar orda çadırlarda yaşayırdılar. Onlar çıxmırdılar, mübarizə aparırdılar. Onları ordan çıxarda da bilmirdilər. Sonra onlar bir neçə dəfə Naxçıvana gəldilər mənim yanıma, məndən imdad istədilər. Amma mən özüm Naxçıvanı çox çətinliklə qoruyurdum, onlara nə edə bilərdim? Buna baxmayaraq, mən vertolyot vasitəsilə - onda bizim bu imkanımız vardı – bir neçə dəfə Zəngilan rayonunun Vejnəli kəndinin yanında yerləşən çadırlara, o nüvədililərin yanına nümayəndələr göndərdim, müəyyən yardımlar göndərdim. Onlarla əlaqə saxlayırdıq.
Yəni təkcə Baxçıvanın torpaqları yox, Azərbaycanın başqa ərazilərindən də torpaqlar sonrakı dövrlərdə (sovet hakimiyyətinin qurulmasından sonra – red.) təəssüflər olsun ki, əldən gedibdir.
İndi bizi Naxçıvandan ayıran - dəmir yolu ilə 40-46 km məsafə, Ermənistanı İrana bağlayan məsafə - hətta Zəngəzur Ermənistana verilən zaman da o qədər deyildi. Biz xəritələrə baxdıq dünən, o məsafə təxminən 10 km olubdur! Amma sonra o tərəfdən – Naxçıvana daxil olan kəndlər alınıb, bu tərəfdən, yəni Zəngilandan – o vaxt Zəngilan deyildi, Cəbrayıl qəzası hesab olunurdu – torpaqlar, kəndlər alıb, Ermənistana qataraq 10 km-lik məsafəni indi 46 kim ediblər”, - Ümummili lider hökumət üzvləri, PA rəsmiləri və bəzi deputatların da iştirak etdiyi toplantıda bildirir.