Aprelin 28-də Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Arzu Əliyeva konsertdə iştirak ediblər.
Konsertdən əvvəl görkəmli alim, həkim, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, bütün işlərdə ona dayaq olan Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş olunub.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanan konsert akademik Zərifə Əliyeva haqqında filmin nümayişi ilə başlayıb.
Sonra isə səhnə əfsanəvi “Dan ulduzu” instrumental ansamblının ixtiyarına verilib. Konsertdə ansamblın repertuarından sevilən mahnılar ifa olunub. Konsertin proqramına Elza İbrahimova, Emin Sabitoğlu, Firəngiz Babayeva, İbrahim Topçubaşov, Oqtay Kazımi, Sevil Əliyeva və Tofiq Əhmədovun əsərləri, “Dan ulduzu” instrumental ansamblının yaradıcısı Gülarə Əliyevanın “Şüştər” muğamı əsasında yazdığı “Şüştər” rapsodiyası daxil edilib.
Zalda quraşdırılan ekranlarda akademik Zərifə Əliyeva haqqında, “Dan ulduzu” ansamblının çıxışlarını, ötən illərin və müasir dövrün Azərbaycanını əks etdirən kadrlar yayımlanıb.
Konsert bəstəkar Emin Sabitoğlunun “Nə gözəldir Azərbaycan” mahnısının bütün müğənnilər tərəfindən birgə ifa olunması ilə yekunlaşıb.