Avropa İttifaqı təşəbbüsü yenidən ələ almağa cəhd edə bilər; Azərbaycan Prezidenti danışıqlarda moderatorluq etmək istəyənlərə sözünü deyib və hələlik status-kvo dəyişməyib
Noyabrın 7-də Avropa Siyasi Birliyinin Macarıstanın paytaxtı Budapeştdə V sammiti keçiriləcək. Sammitə Avropa İttifaqının (Aİ) üzvləri, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan daxil olmaqla 50-yə yaxın ölkənin liderləri dəvət edilib.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin imzaladığı dəvət məktubunda deyilir ki, görüşdə Ukraynadakı vəziyyət, Avropada yaranan təhlükəsizlik çağırışları, miqrasiya və iqtisadi təhlükəsizlik mövzuları müzakirə ediləcək. Miqrasiya üzrə sessiyada miqrasiyanın bütün aspektləri əhatə ediləcək, iqtisadi təhlükəsizlik üzrə sessiyada isə enerji, nəqliyyat, İT və qlobal ticarət baxımından əlaqə müzakirə olunacaq. İclas çərçivəsində ikitərəfli və ya çoxtərəfli görüşlər üçün geniş imkanlar yaradılacaq.
Ermənistanın baş naziri Nikol Paşinyan tədbirdə iştirak edəcəyini təsdiqləyib. Azərbaycan Prezidenti İlham Əliyevin də sammitdə iştirak edəcəyi gözlənilir. İkitərəfli görüşün keçirilib-keçirilməyəcəyi isə məlum deyil.
Xatırladaq ki, Avropa Siyasi Birliyinin əsasları 2022-ci il Avropa Günündə qoyulub. Birliyin bundan əvvəlki iclasları Çexiya, Moldova, İspaniya və Britaniyada keçirilib. Londonda keçirilən sammitində Paşinyan İlham Əliyevlə görüşdən imtina etmişdi.
Bu yerdə Şarl Mişelin təşəbbüsü ilə yaradılan Brüssel formatını yada salmaqda fayda var. Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunaraq, bir sıra vacib məqamlardan bəhs etmişdi. Prezident qeyd etmişdi ki, Brüssel Ermənistanla Azərbaycan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə danışıqların uğurla keçirildiyi bir məkan kimi yadda qalıb və həqiqətən orada mühüm irəliləyişə nail olunub. “Lakin əfsuslar olsun ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi. Ancaq hər bir halda bu, çox yaxşı nəticə və təcrübə verən müsbət proses idi”.
Prezident İlham Əliyev vurğulayıb ki, hazırkı şəraitdə daha çox diqqət ikitərəfli müstəviyə cəmlənib. Dövlətimizin başçısı qeyd edib ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirib bu cür yanaşma presedentinin ona məlum olmadığını söyləmişdi.
Avropa Sülh Fondu” çərçivəsində Ermənistana hərbi yardım ilə bağlı mətbuat katibi Ayxan Hacızadənin medianın sualına cavabı
Dövlətimizin başçısı bir məqamı da xüsusi vurğulayıb ki, Avropa İttifaqı əvvəllər olduğu kimi, Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır. Sitat: “Belə ki, Avropa İttifaqı torpaqlarımızın işğalı dövründə bu məsələdə heç vaxt fəal olmamışdır. Bizim bununla bağlı o dövrdə Avropa İttifaqına və Avropa institutlarına xeyli sayda müraciətlərimiz belə cavablandırılırdı ki, bu məsələ ilə Minsk Qrupu məşğul olur, Avropa İttifaqının bu məsələyə aidiyyəti yoxdur. Hazırda isə Avropa İttifaqının bu məsələyə fəal cəlb olunduğu görünür. Lakin əfsus ki, Brüsseldə, Avropa İttifaqının mənzil-qərargahında bəziləri tərəfkeşlik edirlər. Bu, qeyri-məhsuldar bir mövqedir, yalnız etimadsızlıq yaradır və Avropa İttifaqını normallaşma prosesindən təcrid edir”. Dövlətimizin başçısı tövsiyəsini də səfirin diqqətinə çatdırmışdı ki, əgər mümkündürsə, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar. Çünki Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı siyasəti destruktiv siyasət olub və tamamilə bu cür də qalmaqdadır.
Prezident İlham Əliyev onu da qeyd etmişdi ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin bizim razılığımız olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılmasıdır. Sitat: “Buna nə ehtiyac var idi?! 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, "binokl diplomatiyası" heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi. Biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq".
Hələlik Aİ-nin Ermənistandakı casus şəbəkəsi regionu tərk etmək niyyətində deyil və son günlər şərti sərhədlərdə yenidən görünürlər. Belə bir durum isə təbii ki, Bakını qane etmir. Bəs bu kimi reallıqların fonunda Avropa Birliyi yenidən təşəbbüsü ələ ala bilərmi?
Elçin Mirzəbəyli Ağsu Mədəniyyət Sarayında seçicilərlə görüşüb (FOTO)
Elçin Mirzəbəyli
Deputat, ƏHD Partiyasının sədr müavini Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Avropa Siyasi Birliyinin Macarıstanda keçirilməsi nəzərdə tutulan V toplantısı, həm məkan, həm də müzakirə olunacaq mövzuların spektri baxımından əhəmiyyətlidir: “Dövlətimizin başçısının sözügedən sammitdə iştirak edə biləcəyi ehtimalının yüksək olduğunu düşünürəm. Bunu əsaslandıran amillər, əsasən sammitin dost və qlobal proseslərə baxış bucağı Azərbaycanla üst-üstə düşən, həmçinin ölkəmiz üçün prioritet təşkil edən Türk Dövlətləri Təşkilatında təmsil olunan Macarıstanda keçirilməsi, Avropa İttifaqının Prezidenti Şarl Mişelin Aİ-nin digər təsisatlarının rəhbərlərindən və təmsilçilərindən fərqli olaraq, daha obyektiv bir yanaşma sərgiləməyə çalışması, həmçinin hazırda regional və qlobal siyasi dialoqa duyulan ehtiyacla bağlıdır. Şübhəsiz ki, Azərbaycan istənilən məkanda və platformada Ermənistanla sülh müqaviləsinin razılaşdırılmayan prinsipləri və digər məsələlər ətrafında müzakirə aparmağa hazırdır. Çünki heç bir məkan, yaxud platforma dövlətimizin əsaslı, prinsipial mövqeyində dəyişikliklərə zəmin yaratmayacaq. Bu xüsusda bu və ya digər ölkənin, təsisatın rəhbərinin və ya təmsilçisinin Ermənistanla münasibətlərin tənzimlənməsində vasitəçi kimi yer almaq niyyətinin də ölkəmiz tərəfindən qəbul olunmadığını və olunmayacağını qeyd etmək istəyirəm”.
Belə hesab olunur ki, Azərbaycan Prezidenti ümumiyyətlə, COP29 hazırlığına görə Macarıstandakı tədbirə getməyə də bilər. Amma Azərbaycanla Macarıstan arasındakı, həmçinin Prezident Əliyevlə baş nazir Orbanın yüksək səviyyəli münasibətləri səfərin reallaşacağı barədə fikir söyləmək imkanı yaradır.
Bu barədə danışan E.Mirzəbəyli öncə Bakı-Budapeşt əlaqələrinə də diqqət çəkdi: “Bəlli olduğu kimi, Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır və ölkələrimiz arasındakı əlaqələr sürətlə inkişaf edir. Cənab Prezidentin bu ilin oktyabrın 21-də baş nazir Viktor Orbana Macarıstanın milli günü münasibətilə ünvanlandığı təbrik məktubunda yer alan fikirlər ikitərəfli əlaqələrin nə qədər yüksək səviyyədə olduğunu göstərir. Bütün bu məqamlar, həmçinin Azərbaycan Prezidentinin öz məktubunda Viktor Orbanla tezliklə görüşməyə ümid bəslədiyini qeyd etməsi, dövlət başçımızın Macarıstanda keçirilən zirvə toplantısında iştirak edə biləcəyi ehtimalını daha da artırır”. Deputatın fikrincə, şübhəsiz ki, əgər səfər baş tutarsa, baş nazir Nikol Paşinyanla keçirilməsi ehtimal olunan görüşdə Kazanda aparılan müzakirələrin davam etdirilməsi gözlənilir: “Amma sülh müqaviləsi ilə bağlı yekun qərarın qəbul olunması üçün Ermənistanın, təkrar sadalamağa ehtiyac duymadığım maneələrin həlli istiqamətində əməli addımlar atması zəruridir. Buraya ilk növbədə Azərbaycana qarşı ərazi iddialarının yer aldığı hüquqi-normativ aktların ləğvi də daxildir”.
Yeri gəlmişkən, Fransanın Ermənistandakı səfirinin son günlər yenidən “qaşınmayan yerdən qan çıxartmağa çalışması” Parisin patronajlığı altında olan Aİ missiyasının təxribatçı niyyətlərindən xəbər verir. COP29 konfransı ərəfəsində şərti sərhədboyu ərazilərə səfərlər Bakı-İrəvan danışıqlarını pozmağa daha çox xidmət edir, nəinki ikitərəfli formatda irəliləyişin əldə edilməsinə. Əgər Aİ rəhbərliyi Fransanın cızdığı plana qarşı çıxmağa cürət etmirsə, “özünü Fransa kimi aparmağa davam edirsə”, Avropa Parlamenti Azərbaycana qarşı qərəzli və heç bir əsası olmayan qətnamə qəbul edirsə, o halda Brüsselin hansısa təşəbbüsü dövlətimiz üçün cəlbedici ola bilməz...