DTX əməliyyat keçirib, Müdafiə Nazirliyinin hərbçisi tutulub
- 17.06.2022, 12:22,
- Hadisə
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Sumqayıt şəhərində tutulan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin növbə rəisinə hökm oxunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıtda yerləşən hərbi hissələrin birində xidmət aparan 1962-ci il təvəllüdlü Rəcəb Xəlilov naməlum mənbədən əldə etdiyi 100 qrama yaxın civəni 15 min manata satarkən tutulub. Ötən ilin oktyabrında keçirilmiş əməliyyat zamanı onunla birlikdə Sumqayıtda zərgər kimi fəaliyyət göstərən və civənin satışına vasitəçilik edən Vidadi adlı şəxs də həbs edilib.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddəsi ilə iş açılıb və 2021-ci il, oktyabrın 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs ediliblər.
Araşdırmalar zamanı məlum olub ki, hərbçi Vidadi adlı zərgərin ona kömək edə biləcəyini düşünüb. Daha sonra onlar birlikdə civəyə müştəri axtarıblar və şərti alıcıya həmin maddəni 15 min manata satmağa razılaşıblar. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki parkda müştəriyə civə satıldıqdan sonra onlar DTX əməkdaşları tərəfindən saxlanılıblar. Axtarış tədbirləri zamanı hərbçinin evindəki manometrin daxilində gizlədilmiş əlavə 6 qram civənin olması da müəyyən edilib.
Açılmış cinayət işinin materialları bir müddət əvvəl Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin 10 iyun 2022-ci il tarixli hökmü ilə Rəcəb Xəlilova 4 il, Vidadiyə isə 4 il 6 ay müddətinə həbs cəzası verilib.