ABŞ Texas ştatında 21 nəfərin ölümü ilə nəticələnən hücumun görüntüləri üzə çıxıb.
Hadisə şahidləri məktəbə gələn polislərin müdaxilə etməyib gözlədiklərini iddia ediblər. Qısa müddətdə ölkə gündəmini zəbt edən bu iddianı dəstəkləyən yeni görüntülər mətbuata sızıb.
Görüntülərdə tüfəngli və ballistik qalxanlı çoxlu polis məmurunun məktəb daxilində dayandığı, lakin hücum edən şəxsə müdaxilə etmədiyi öz əksini tapıb.
“New York Post” qəzetinin yazdığına görə, yayılan 77 dəqiqəlik təhlükəsizlik kamerası görüntülərində təcavüzkar hələ məktəbdə olarkən bir polisin əl təmizləyicisindən istifadə etdiyi görülüb.
Hücum davam edərkən başqa bir polis məmurunun cib telefonu ilə oynadığı üzə çıxıb.
Qısa müddətdə internetdə yayılan görüntülərə reaksiyalar da gecikməyib. ABŞ-ın minlərlə sosial media istifadəçisi polisin etinasız münasibətini tənqid edib.
Hücumda ölən 10 yaşlı qurban Ceki Kazaresin atası Xavier Kazares “ABC News”a danışarkən deyib ki, hadisə yerində ən azı 40 polis əməkdaşı olub:
“Ancaq çox gec olana qədər heç nə etmədilər” - o bildirib.
İbtidai məktəblə üzbəüz binada yaşayan şahid bildirib ki, binanın içindən atəş səsləri eşidilərkən ətrafdakı insanlar məktəb qarşısındakı məmurlara müdaxilə etmələri üçün yalvarıblar.
Digər tərəfdən, hücumçunun Feysbukda törədəcəyi əməllə bağlı paylaşımlar etdiyi üzə çıxıb. Hücumla bağlı danışan Texas qubernatoru Qreq Abbot S.Ramosun ikinci postunda nənəsini öldürdüyünü, üçüncü postda isə ibtidai məktəbə silahlı hücum edəcəyini yazdığını bildirib.
Qeyd edək ki, ABŞ Texas ştatının Uvalde şəhərində 18 yaşlı Salvador Ramos Robb İbtidai Məktəbinə hücum edərək qətliam törədib. Hadisə nəticəsində Ramos 19-u şagird, 2-si müəllim olmaqla 21 nəfəri öldürüb.