• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Vasif Talıbovun oğurladaraq Naxçıvana qaçırtdığı jurnalist DANIŞDI

  • 08.12.2022, 11:58,
  • Hadisə
  • Baxılıb: 43
Vasif Talıbovun oğurladaraq Naxçıvana qaçırtdığı jurnalist DANIŞDI


Xəbər verdiyimiz kimi, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov haqqında şok iddialar səsləndirib. O, indiyədək bir çox jurnalistlərin Vasif Talıbov tərəfindən təzyiqlərə məruz qaldığını deyib:

“Bizim Elbəyi Həsənli adlı əməkdaşımız var idi. Onu qandallayıb, təyyarəyə mindirib Naxçıvana apardılar. Elbəyini 3-4 gün əsir kimi saxladılar. Bu, Talıbovun sifarişi idi. Çünki Elbəyi onun haqqında yazı yazmışdı. Bir materiala görə Elbəyi ilə hərbi əsir kimi davranır, ona çörək-su vermirdilər”.

Hazırda İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli Publika.az-a açıqlamasında 22 il öncə baş verən hadisənin təfərrüatını danışıb:

Vasif Talıbovun oğurladaraq Naxçıvana qaçırtdığı jurnalist DANIŞDI


“Vasif Talıbov nehrəmli adı altında Naxçıvandan Bakıya “desant” göndərdi”

“Hadisə 2000-ci ildə baş vermişdi. Ola bilər ki, 1999-cu ilin sonu, 2000-ci ilin əvvəli olub. O vaxt mən “Yeni Müsvat”ın müxbiri olaraq Naxçıvanda olmuşdum. Təbii ki, qeyri-rəsmi şəkildə. Rəsmi qaydada bu, həm təhlükəli, həm də mümkünsüz idi. O vaxt “Yeni Müsvat” Müsavat Partiyasının orqanı idi, qatı müxalif mövqedən çıxış edirdi. Naxçıvanda gördüklərimi yazmışdım. Ancaq Vasif Talıbov həqiqətlərlə barışmaq fikrində deyildi. Məhz onun sifarişi ilə “nehrəmli” adı altında Naxçıvandan Bakıya 200 “desant” göndərdi.

Niyə nehrəmli adı altında? Çünki bir neçə səhifəlik yazıda stadionda tikinti ilə bağlı bir epizod vardı. Tikinti zamanı traktordan istifadə olunub. Tikinti başa çatdıqdan sonra isə görüblər ki, traktoru stadiondan çıxarmaq mümkün deyil. Traktorun çıxışına yol qoymayıblar. Vasif Talıbov bu məqamdan bəhanə kimi istifadə etdi. Nəticədə xüsusi reyslə Bakıya gələn qəzəbli dəstə bəlli adamlar tərəfindən Müsavat Partiyasının qərargahına doğru yönəldildi.

O vaxt “Yeni Müsavat” qəzeti də Müsavat Partiyasının qərargahında yerləşirdi. Müsavat Partiyasının qərargahı isə Bakının mərkəzində, indiki Səbail rayonu İcra Hakimiyyətinin binasının arxasında idi. Hücumun qarşısını almaq üçün qərargahın qapısını bağlamışdılar. Binada olan müsavatçılar və jurnalistlər damın çıxışından istifadə edərək təhlükədən uzaqlaşmağa çalışırdılar. Mənim bu hadisədən xəbərim olmayıb. Çünki o vaxt artıq mən tutulmuşdum”.

“Dəmir barmaqlığın o biri üzündə qoyulan oturacaqlara həsrətlə baxırdım”

Bakıdan Naxçıvana necə aparılmasından danışan Elbəyi Həsənli, Səbail rayon Polis İdarəsinin rəisi Nazim Nağıyevin onunla görüşdüyünü bildirib. Onu inandırıblar ki, Naxçıvanda müəyyən məsələlərə aydınlıq gətirilməlidir və buna görə də jurnalistin ora getməsi vacibdir:

“Az sonra məni təyyarəyə mindirdilər. Naxçıvan Daxili İşlər Nazirliyinin 2-3 yüksək rütbəli zabitinin müşayiəti altında biznes-klassda Naxçıvana uçduq. Naxçıvanda məni polis şöbəsinə apardılar. Rəis cavan oğlan idi. Dedilər ki, Vasif Talıbovun qohumudur. Mənimlə gah çox kobud, gah da çox mədəni davranırdılar. Sonra məlum oldu ki, mənimlə bağlı Bakıda ciddi danışıqlar gedir.

ABŞ səfiri başda olmaqla, Qərb diplomatları mənim dərhal həbsdən azad olunmağımı tələb edirdilər. Ancaq Vasif Talıbov geri çəkilmək istəmirdi. Özünü də, mərhum Heydər Əliyevi də, ölkəni də çıxılmaz vəziyyətə salmışdı.

O vaxt mərhum Sirus Təbrizli mətbuat naziri idi. Heydər Əliyevin ona xüsusi hörməti vardı. O, mənim azadlığa çıxmağım üçün ciddi addımlar atdı. Yadımdadır, məni kameraya salmışdılar. Oturmağa yer yox idi. Dəmir barmaqlığın o biri üzündə isə oturacaqlar qoyulmuşdu. Mən oturacaqlara elə həsrətlə baxırdım ki…

Bakıda gedən danışıqlar xeyli uzandı. Məni aparıb həbsxanaya saldılar. Həbsxananın rəisi mənimlə düşmən kimi rəftar etdi. Acı-acı danışdı. Ancaq həbsdə olanların mənə ciddi rəğbəti vardı. Hətta o vaxt həmin həbsxanada “qanuni oğru” kimi tanınan biri vardı. O, məsələdən xəbər tutan kimi qaldığım kameraya xəbər göndərdi ki, bəyə yaxşı baxın. Təəssüf ki, həmin adamın üzünü heç vaxt görmədim. Bəlkə də bu yazını oxuyacaq. Ona minnətdarlığımı çatdırmaq istərdim.

O vaxt cinayətkar dünya haqqında “Yeni Müsavat”da silsilə yazılar verirdim. Son dərəcə böyük maraqla qarşılanırdı. Həbsxanada da həmin yazılar əl-əl gəzirdi. Yəni cinayətkar dünya haqqında olan bilgilərim kamerada işimə xeyli yaradı. Bütün günüm kamera yoldaşlarımın verdiyi suallara cavab verməklə başa çatırdı. Naxçıvanlı məhbuslar ərzaq adına nələri vardısa, mənə verirdilər. Deyirdilər ki, sən qonaqsan. Həm də Vasif naxçıvanlılara zülm edir, sən isə ona etiraz etmisən. Deməli, kişi adamsan…”.

“O polis yox, Vasif Talıbov mənim üzümə durmuşdu”

E.Həsənli Naxçıvanda hakim qarşısına çıxarkən polis serjantının onun “üzünə durdu”ğunu söyləyib:

“Həmin serjant dedi ki, mən Naxçıvanda olarkən guya polisin tələbinə məhəl qoymamışam. Halbuki mən Naxçıvanda olanda polislə heç qarşılaşmamışdım. Düzü, o polisə yazığım gəldi. Günahsız birinin üzünə durmaq insan üçün böyük bir sarsıntıdır. Əslində, o polis yox, Vasif Talıbov mənim üzümə durmuşdu.

İndi “Xalq qəzeti”nin baş redaktoru olan Əflatun Amaşov və tanınmış vəkil, mərhum Elton Quliyev mənə dəstək vermək amacı ilə Naxçıvana gəlmişdilər. Xeyli bazarlıq da etmişdilər. Onların gətirdiyi ərzaq mənə veriləndən 1-2 saat sonra azadlığa çıxdım.

Həbsxanadan çıxanda belə bir hadisə baş verdi: həbsdən çıxmağım üçün müfaviq sənəd təqdim olunmalı idi. Ancaq sənəd təqdim olunmamışdı. Həbsxananın rəisi dedi ki, mən onu buraxa bilmərəm. Bu, qanuna ziddir. Kağızı gətirin, sonra hara istəyirsiz aparın. Məni aparmağa gələn adamlar isə rəisə etiraz etdilər.

Məni Naxçıvanın Baş prokurorunun qəbuluna apardılar. Sonra yerli daxili işlər naziri və təhlükəsizlik naziri ilə görüşdüm. Hər üçünün sözü o oldu ki, “ağıllı ol, bir də belə şeylər yazma. Vasif müəllim Naxçıvanda böyük işlər görüb, ondan yaz. Biz də sizə “ehtiram” göstərək…”

Gec saatlarında məni aparıb Bakıya uçan təyyarəyə mindirdilər. Gecənin bir aləmində Bakıya çatdım. Bir çox jurnalistlər, hüquq müdafiəçiləri, dostlar-tanışlar orada məni gözləyirdilər. O vaxt qızımın 4-5 yaşı olardı. Dostlar, qızıma vermək üçün iri bir oyuncaq almışdılar. Evə gələndə oyuncağı qızıma verdim…

Sonra ABŞ səfirini tədbirlərin birində gördüm. Onda ingilis dilini təzə-təzə öyrənirdim. Cənab səfirə yaxınlaşdım, həbsdən azad olmağıma töhfə verdiyinə görə təşəkkürümü bildirdim”.

Jurnalist əlavə edib ki, Naxçıvan Azərbaycan üçün xüsusi önəm kəsb edən bir bölgədir:

“Vasif Talıbovun gördüyü işlər sayəsində Naxçıvan əhalisinin az qala üçdə ikisi oranı tərk edib. II Qarabağ Müharibəsində hər birimiz qarabağlı olduğumuz kimi, bu gün hər birimiz naxçıvanlı olmalıyıq. Naxçıvanı xilas etməliyik. Azərbaycanda uzun illər ərzində belə bir rəy formalaşıb ki, bu ölkədə naxçıvanlılar yaxşı yaşayır. Əslində isə Naxçıvan Azərbaycanın ən zəif həlqəsidir, naxçıvanlılar zülm çəkirlər… Ümid edirəm ki, tezliklə Naxçıvan “nəqşi-cahan” imicini yenidən özünə qaytaracaq…”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 34
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 074
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 770
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter