Ekologiya və Təbii Sərvətlər Nazirliyi 28 noyabrda gözlənilən hava şəraitini açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 28-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 28-29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.