Dünəndən bəri sosial şəbəkələrdə yayılan azyaşlı uşağın işgəncəyə məruz qalması ilə bağlı video böyük səs-küyə səbəb olub. Ağcabədidə baş verdiyi deyilən hadisəyə azərbaycanlı məşhurlar da səssiz qalmayıb.
Əməkdar artist Mətanət İsgəndərli pərişan halda kamera önünə keçərək sosial şəbəkədə yayılan görüntüdə azyaşlını lüt uzadıb, tapdalayan qadının tapılıb cəzalandırılmasını rica edib:
“Bir alçaq, bir Allahsız, şeytan uşağı qoyub ayağının altına tapdalayır. Ürəyim parçalandı. Buna insan tab gətirə bilməz. Nə olar onu tapın, o uşağa kömək edin, yalvarıram. Allah belələrinin cəzasını versin. Bayaqdan özümə gələ bilmirəm. Bunu heç düşmən düşmənə etməz”.
Əməkdar artist Mehriban Xanlarova da həmin görüntüləri paylaşaraq Daxili işlər naziri Vilayət Eyvazovdan yardım istəyib:
“Videonu ürək ağrısı ilə izlədim, dəhşətə gəldim. Və ən əsası isə mən anlaya bilmirəm necə olur ki, bu murdar məxluq uşağa bu cür işgəncə verir, kimsə də videoya çəkir? Videoya çəkən insan niyə müdaxilə etmir? Həqiqətən anlaya bilmirəm. İllərlə övlad həsrətində olan insanlar var. Qurban olum Allahın məsləhətinə. Mən aidiyyatı orqanlardan və şəxsən cənab nazir Vilayət Eyvazovdan öz adımdan bütün Azərbaycan xalqının adından xahiş edirəm bu məsələni araşdırsınlar”.
Videoya reaksiya verənlər arasında aparıcı Fira (Firuzə Cəlilova), ekstrassens Bayram Nurlu, aktyor Sərxan Kərəmoğlu da olub.
Tanınmış prodüsser-teleaparıcı Tarix Əliyev (Tolik) isə sosial şəbəkədə bu hadisənin Azərbaycanda baş vermədiyini iddia edib: “Deyirəm ki, bizə düşmən lazım deyil. Bilib-bilmədən hamıya hay gəldi, Ağcabədinin adını çıxardılar. Kimsə yazıb, hamı da Ağcabədi polisinə müraciət etdi. Bəsdir, “İnstagram”da özümüzü vəhşi kimi tanıtdıq. O hadisə Moskvada olub, Azərbaycanda yox!”