Bir neçə gündür iki azyaşlı uşağa şiddət göstərməkdə ittiham olunan ata Xəqani Kazımov və ögey ana Nuranə "Səni axtarıram" proqramına qatılıb.
Qafqazinfo xəbər verir ki, onlar canlı yayıma çıxaraq iddialara cavab veriblər.
X. Kazımov qayınatasının ona böhtan atdığını bildirib: "Heç bir işgəncə verməmişik. Məhkəmə qərarı ilə uşaqlar bizdə idi. 15-ci polis bölməsinin əməkdaşları evə gəldilər, qapını qırdılar. Birinci xanımımın atası bizi döydü. Əlimizdə bununla bağlı ekspertiziya rəyi var. Hansı valideyn uşaqlarını belə döyər? Özləri uşaqları bu cür ediblər. Evdən övladlarımı aparanda heç bir şeyləri yox idi. Bir tək qolu şişmişdi. O da ağacdan yıxılmışdı, yoxlatdırmışdıq, qırığı-çatı yox idi. Bizi şantaj edirlər. Uşaqları oktyabrın 22-dən aparıblar".
Ögey ana Nuranə isə uşaqlara çox yaxşı baxdığını, uşaqları onlardan almaq üçün belə addım atdıqlarını qeyd edib: "Guya, yemək verməmişik. Allaha and olsun ki, belə şey yoxdur. Guya, ağızlarına istiot basmışam".
Qeyd edək ki, iddiaya görə, Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə ikən vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Əkbərov isə Nuranə adlı qadınla ailə qurub. Bundan sonra uşaqların atası həyat yoldaşı ilə birlikdə hər iki oğluna müxtəlif işgəncələr verib.
Hadisə ilə bağlı cinayət işi açılıb.