İyunun 21-i saat 9:00-a olan məlumatına əsasən iyunun 20-si günün ikinci yarısından başlayaraq əksər rayonlarda hava şəraiti dəyişib, yağıntılı və güclü küləkli hava şəraiti müşahidə olunub.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, əksər rayonlarda müşahidə olunan güclü qərb küləyi gecə saatlarından tədricən zəifləyib. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Şəkidə 32 mm, Ceyrançöldə 29 mm, Yevlaxda 28 mm, Gədəbəydə 19 mm, Qubada 17 mm, Göygöldə 16 mm, Ağstafa, Tovuzda 15 mm, Şahdağ, Daşkəsən, Şamaxıda 12 mm, Qaxda 11 mm, Gəncə, Bərdə, Mingəçevir, İsmayıllı, Şəmkir, Naftalan, Qrız, Qəbələ, Goranboy, Oğuz, Şahbuz, Ağdam, Zaqatala, Balakən, Zərdab, Ağsu, Sədərək, Qusar, İmişli, Naxçıvan, Şərur, Culfa, Ordubad, Tərtər, Göyçayda 10 mm-dək olub.
İyunun 20-də saat 19:00 radələrində Gədəbəy rayonunun Novo Saratovka kəndinə diametri 25-28 mm olan dolu düşüb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 23-ü gündüzədək fasilələrlə davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Qeyd olunub ki, iyunun 21-22-də bəzi bölgələrdə əvvəlcədən verilən sarı, narıncı və qırmızı xəbərdarlığa uyğun olaraq qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi gözlənilir.