Bakıda yüksək sürətlə hərəkətdə olan mikroavtobus dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Vito" markalı mikroavtobusun dəmir yolu xətti ilə hərəkətdə olan qatarla toqquşması nəticəsində qəza hadisəsinin baş verdiyi və avtomobildə olan sürücü və sərnişinin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə mikroavtobusda sıxılı vəziyyətdə qalan 2001-ci il təvəllüdlü Sərxan Taleh oğlu Rüstəmovu və 1954-cü il təvəllüdlü Püstəxanım Baba qızı Məmmədovanı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib ki, "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 21 oktyabr saat 02:30-da Xəzər rayonu, Qala stansiyası ərazisindən qatar ilə avtomobilin toqquşması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
1954-cü il və 2001-ci il təvəllüdlü şəxslər (qadın və kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar.
1954-cü il təvəllüdlü şəxsə (qadın cinsli) açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, üzün, alnın çoxsaylı cırılmış yarası, sağ bazu sümüyünün sınığı diaqnozları ilə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Cərrahi profilli reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
2001-ci il təvəllüdlü şəxsə isə sol bud sümüyünün və sol qamış sümüyünün sınığı, sol aşağı ətrafın çoxsaylı əzilmiş yaraları diaqnozları təyin edilib.
Göstərilən tibbi xidmətlərdən sonra vəziyyəti stabil qiymətləndirilən şəxs öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.