Erməni əsirliyində saxlanılan Dilqəm Əsgərovun vəkili Əziz Qənbərov Dövlət Təhlükəsizlik Xidmətinə Melorasiya və Su Təsərrüfatı Acıq Səhimdar Cəmiyyətindən şikayət ərizəsi verib.
Bu barədə Konkret.az-a açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.
Onun sözlərinə görə, Dilqəm Əsgərovun vəkilinin şikayət ərizəsində Melorasiya və Su Təsərrüfatının özbaşınalığı qeyd olunub.
“Melorasiya və Su Təsərrüfatı ASC-nin rəsmiləri açıqlama veriblər ki, Dilqəm Əsgərova məxsus Şəmkir və Daşkəsən rayonları ərazilərində torpaq sahələri, torpaq sahələrində ferma və digər olacaqları “olmayıb və bu, ağ yalandır”. Bildirmək istəyirəm ki, sonuncu dəfə Kəlbəcər rayonuna ziyarətə getməzdən bir gün qabaq, yəni 2014-cü ilin may ayında atam bizə 100 illik etibarnamə verib. Biz də o etibarnamədən istifadə edərək atamın adından Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirik ki, bu məsələ ədalətli şəkildə araşdırılsın” – deyə K.Əsgərov qeyd edib.
O, həmçinin vurğulayıb ki, qaldırılan məsələ “ağ yalandırsa”, torpaq sahələrinin icarəyə götürülməsi ilə bağlı müqavilələr necə imzalanıb?
“Bilmək istəyirik, icarə müqavilələrinə imza atanlar, rəsmi möhür vuranlar kimlərdir? Xahiş edirik ki, məsələ tam, ədalətli şəkildə araşdırılsın və düzgün şəkildə həllini tapsın” – deyə K.Əsgərov sözlərinə əlavə edib.