2021-ci ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,8 milyon kVt-saat artaraq 2 milyard 364,3 milyon kVt-saat olub.
Energetika Nazirliyindən verilən məlumata əsasən, ay ərzində elektrik enerjisinin ixracı 175,1 milyon kVt-saat, idxalı isə 11 milyon kVt-saat təşkil edib.
Yanvar-mart aylarında isə respublikada elektrik enerjisinin istehsalı 6 milyard 924,9 milyon kVt-saat olub. Hesabat dövründə ötən ilin üç ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 59,1 milyon kVt-saat azalaraq 6 milyard 604 milyon kVt-saat, SES-lərdə 15,69 milyon kVt-saat artaraq 236,09 milyon kVt-saat, digər mənbələr üzrə isə 4,7 milyon kVt-saat azalaraq 84,9 milyon kVt-saat olub.
Bu dövrdə külək elektrik stansiyalarında 22,56 milyon kVt-saat, günəş elektrik stansiyalarında 9,2 milyon kVt-saat, bərk məişət tullantılarının yandırılması zavodunda 53,14 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 milyard 257,2 milyon kVt-saat, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 81,64 milyon kVt-saat, müstəqil elektrik stansiyaları üzrə 569,8 milyon kVt-saat, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 16,24 milyon kVt-saat təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin idxalı 32,1 milyon kVt-saat olub. İrandan 8,2 milyon kVt-saat, Rusiyadan 15,3 milyon kVt-saat, Gürcüstandan isə 8,6 milyon kVt-saat elektrik enerjisi idxal edilib.
2021-ci ilin üç ayı ərzində elektrik enerjisinin ixracı 509 milyon kVt-saat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,9 milyon kVt-saat artıb. İrana 8,3 milyon kVt-saat, Türkiyəyə 12,7 milyon kVt-saat, Rusiyaya 23,1 milyon kVt-saat, Gürcüstana isə 464,9 milyon kVt-saat elektrik enerjisi ixrac edilib.