Son günlərdə dünya bazarında təbii qaz qiymətləri durmadan yüksəlir. Belə ki, ötən gün Avropa fyuçers bazarında qazın qiyməti min kubmetr üçün 700 dolları keçib. Bu isə yeni rekord hesab olunur.
Bəs təbii qazın sürətlə bahalaşmasının səbəbi nədir?
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “Ölkə.Az”a açıqlamasında bildirib ki, son bir neçə ayda Avropa və Asiya bazarlarında həm təbii qaz, həm də sıxılmış təbii qaz qiymətlərinin durmadan artması bir neçə fundamental faktorlarla bağlıdır:
“Yeraltı qaz anbarlarında kifayət qədər qaz həcmləri yoxdur”
“Onlardan birincisi, Asiya və Avropanın yeraltı qaz anbarlarında qış mövsümünün gəlişi ilə bağlı kifayət qədər qaz həcmlərinin mövcud olmamasıdır. Bu da 2019-cu ilin dekabrından 2020-ci il aprelin əvvəllərinə qədər Avropa və Asiyada anomal soyuq hava şəraiti ilə bağlı olub. Bu zaman yeraltı qaz anbarlarının kifayət qədər qaz həcmləri əhali xəttinə çıxarılıb. Eyni zamanda 2021-ci ilin əvvəllərindən başlayaraq dünyanın bir çox ölkələrində karantin tədbirlərinin yumuşaldılması ilə bağlı həm Asiya, həm də Avropada sənaye aktivliyi, işgüzar aktivlik fonunda təbii qaza olan tələbat artıb.
“Yay aylarında anomal istilərin yaşanması qaz istifadəsini artırıb”
Digər səbəb isə budur ki, əgər cari ilin əvvəlində anomal soyuqlar müşahidə edildisə, yay aylarında da anomal istilər qarşılığında elektrik enerjisinə tələbat artdı. Belə ki, bu zaman istilik elektrik stansiyalarının təbii qaz ilə yüklənməsi ilə bağlı kifayət qədər qaz həcmlərinə ehtiyac vardı. Lazım olan tədarük həcmlərinin bir hissəsi müqavilə əsasında kənar mənbələrdən əldə edilirdisə, digər tədarük həcmləri yeraltı qaz anbarlarından götürülürdü. İndi isə həm Avropa, həm də Asiya bazarlarında qarşıda duran əsas məsələ qış mövsümünün gəlişi ilə yeraltı qaz anbarlarının qaz ilə doldurulmasıdır. Mövsümün normal qaz təchizatını həyata keçirmək üçün aktiv qaz həcmləri 92%-dən yuxarı olmalıdır. Bu kimi faktorlar təbii qaza olan tələbatı qarşılamaq üçün qiymətlərə aqressiv təsir edir”.
“Qış mövsümü sərt keçərsə, təbii qazın qiymətlərində artım müşahidə olunacaq”
Ekspert bildirir ki, Avropanın qaz təchizatında müəyyən problemlər yarandığından yeraltı qaz anbarlarından əlavə qaz həcmləri götürülürdü. Rusiyanın təbii qaz inhisarçısı - “Qazprom” Almaniya, Niderland və Avstriyada mövcud olan yeraltı qaz anbarlarında ona aid olan sərbəst gücləri lazım olan təbii qazla doldurmamış, bu məsələdə gözləmə mövqeyində dayanmışdı: “Eyni zamanda Belarusiya və Polşa üzərindən Almaniyaya qaz nəql edən “Yamal-Avropa”nın ötürücülük gücündə azalmalar müşahidə olunub ki, biz bunu indiyə qədər müşahidə edirik. Düzdür, Rusiya tərəfi bunu Urenqoyda qaz emalı kompleksindəki qəza ilə bağlayır, həmçinin “Yamal”ın Avropada aparılan mövsümü texniki baxış üzrə dayanması ilə əlaqələndirir, lakin bu, belə deyil. Avropa və Asiyada təbii qaza olan tələbatın aşağı olması “Qazprom” və ABŞ-ın qaz bazarındakı rəqabəti ilə bağlıdır. Qarşıdakı aylarda da qış mövsümü sərt keçərsə, təbii və sıxılmış təbii qazın qiymətlərində artım müşahidə olunacaq.
“Yüksək qiymətlərin üzunmüddətli alqı-satqı müqavilələrinə ciddi təsiri yoxdur”
Hazırkı yüksək qiymətlərin üzunmüddətli alqı-satqı müqavilələrinə ciddi təsiri yoxdur. Rusiya son açıqlamasında Avropada qaz qiymətlərinin artmasında marağının olmadığını dedi. Hazırda Rusiyanın uzunmüddətli müqavilə əsasında Almaniyaya tədarük etdiyi qazın min kubmetrinin qiyməti 220 dollar təşkil edir. Təbii ki, qarşıdakı aylarda bu qiymət qalxa da bilər. Çünki uzunmüddətli qaz müqavilələri neftin dünya bazarındakı qiymətinə bağlıdır. Eyni formula ilə Azərbaycan da işləyir. Yeraltı qaz anbarlarının olduğu bazarlarda eyni zamanda spot qiymətlərlə qaz həcmləri satılır. Lakin əgər həm Asiya həm də Avropada yumuşaq qaz qıtlığı davam edəcəksə, bu, uzunmüddətli müqavilələrə də təsir edəcək. Çünki hər 3 və ya 6 ayda dünya bazarında neftin və dizel yanacağının qiymətindən asılı olaraq qiymətlərə yenidən qayıdıla bilir”.
“Azərbaycanın qaz ixracından gəlirləri arta bilər”
“Azərbaycanın Cənub Qaz Dəhlizi sayəsində növbəti illərdə enerji daşıyıcılarından əldə edilən gəlirinin böyük hissəsi qaz satışından gəlirlər hesabına baş tutacaq. Bu baxımdan qiymətlər qalxacağı təqdirdə gəlirlərimiz də artacaq. Eyni zamanda sərt iqlim tələblərinin qüvvəyə minməsi, karbonlaşma siyasətinin vüsət alması, karbon emissiyalarının azaldılması ilə bağlı ortaya qoyulan siyasi iradə qarşıdakı illərdə təbii qaza tələbatı dəfələrlə artıracaq. Yeni enerji keçidində təbii qaz aralıq yanacaq növü kimi dəyərləndirilir. Çünki təbii qazın ətraf mühitə təsir dərəcəsi daha aşağıdır və daha ekoloji təmiz yanacaq kimi dəyərləndirilir”, - deyə ekspert əlavə edib.