“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci il ərzində 728,3 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr yenidən qurulub və təmir olunub”.
Bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov 2021-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib. O qeyd edib ki, bura respublika əhəmiyyətli 128,4 km, yerli əhəmiyyətli 425 km, həmçinin 174,9 km Bakı şəhər yolları daxildir.
S.Məmmədov əlavə edib ki, uzunluğu 101 km, 2 hərəkət zolaqlı olan “Zəfər Yolu” olduqca çətin dağlıq-meşəlik ərazidən keçməsinə baxmayaraq, tikintisi 10 ay ərzində başa çatdırılaraq 2021-ci il noyabr ayının 7-də istifadəyə verilib: “Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır, Alxanlı kəndi, Füzuli Hava Limanı, Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Çanaqçı, Sığnaq, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır.
Prezident 2021-ci il yanvar ayının 14-də Şuşa şəhərinə gedərkən Füzuli rayonunda Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin təməlini də qoydu. Qarabağımızda icra olunan digər yol infrastrukturu layihələri kimi, Füzuli Beynəlxalq Hava Limanını da əlaqələndirməklə Şuşa şəhərinə doğru uzanan və uzunluğu 81,6 km olan, birinci texniki dərəcəyə uyğun 4-6 hərəkət zolaqlı olmaqla 2-ci avtomobil yolu yüksək sürət və keyfiyyətlə inşa edilir”.
S. Məmmədovun sözlərinə görə, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması üçün iki növbəli şəkildə tikinti işləri icra olunmaqdadır: “Bu yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən götürür. Yol üzərində körpü və tunellərin tikilməsi nəticəsində yüksək sürət təmin olunacaq və “Zəfər Yolu” ilə müqayisədə 19,4 km qısa olacaq.
Məmmədovun sözlərinə görə, ötən il iki qardaş ölkənin dövlət başçıları tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) da tikintisi sürətlə davam etdirilir: “123,6 km uzunluğa malik, birinci texniki dərəcəyə uyğun 4-6 hərəkət zolaqlı olmaqla inşa edilən sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. Bundan başqa, bu yolun regional əhəmiyyəti də olduqca böyükdür.
Sədr onu da əlavə edib ki, hazırda Zəngəzur dəhlizi yolunun ölkəmizdən keçən hissəsində tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir: “Yol üzərində körpü və tunellər inşa edilir. Artıq yolun bəzi hissələrinin asfaltlanması işlərinə də başlanılıb”.