İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bayramqabağı qiymətlərlə bağlı sahibkarlara müraciət edib.
Qurumdan bildirilib ki, sahibkarlıq subyektləri təklif etdikləri mal və xidmətlərin qiymətləri barədə istehlakçılara dəqiq və düzgün məlumat verməlidirlər. Satışda olan bütün malların üzərində malın adı, növü, qiyməti və doldurulma tarixi göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Məhsulun satış qiyməti məhz üzərində (piştaxta və ya vitrinlərdə) göstərilən qiymət olduğundan istehlakçılarla hesablaşmalar həmin qiymətə uyğun aparılmalıdır.
Ödəniş edərkən istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların hüquqlarının pozulmasıdir. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət tədbiri nəzərdə tutulub. Mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə inzibati qaydada cərimə edilir.
Qeyd edək ki, son dövrlərdə ticarət obyektlərində vətəndaşların hesabda aldadılması halları ilə bağlı Dövlət Xidmətinə daxil olan şikayətlərin sayında artım müşahidə olunur. Cari ildə Dövlət Xidmətinə hesabda aldadılma halı ilə bağlı ümumilikdə 67 müraciət daxil olub ki, bu da ötən illə müqayisədə 36,7% çoxdur. Daxil olmuş şikayətlər əsasında 10 sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub.
Bayramqabağı alış-verişin daha da artacağını nəzərə alaraq, istehlakçılara diqqətli olmağı, sahibkarlara isə belə hallara yol verməməyi tövsiyə edirik.
İstehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması, eləcə də digər qanun pozuntusu halları ilə rastlaşdıqda 195-1 Çağrı Mərkəzi, rəsmi internet səhifəsi (//competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt (
[email protected]) vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər.