Bu gündən Azərbaycanın ticarət şəbəkələrində və marketlərdə polietilen torbalar ödənişlidir.
Bununla bağlı göstəriş Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ticarət şəbəkələrinə göndərilən məktubda qeyd olunub.
Bidirilib ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulla satılır.
Qeyd edək ki, artıq ticarət şəbəkələri və mağazalarda iri ölçülü polietilen torbalar 5 qəpiyə, daha kiçik ölçülü torbalar isə 3 qəpiyə satılır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən yaydığı məlumatda bildirilir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, sahibkarlar Azərbaycan qanunvericiliyinə əməl etməklə öz malları (məhsulları, işləri, xidmətləri) üçün qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna malikdir: “Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli 178 saylı qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib: “Polietilen torbaların qiymətləri həmin siyahıya daxil edilmədiyi üçün onun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır. İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə mal və xidmətlər təklif olunur. Mövcud qanunvericiliyə əsasən istehlakçı onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı və ya xidməti öz ehtiyacına və zövqünə görə sərbəst seçərək ala bilər.
Bildirilir ki, “Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 28 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir. Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir. Əks halda bunu etməyən ticarət obyektlərini 6 min manata qədər cərimə gözləyir”.