ABŞ-nin Azərbaycana ayırdığı hərbi yardımın həcmi Azərbaycanın özünün müdafiə və milli təhlükəsizlik məsələlərinə xərclədiyi pulun cəmi 0,03%-dən 1%-nə qədərini təşkil edir. Amerika Azərbaycana hərbi yardımı dayandırdığını bildirdi.
Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Ekspert mövzunun kökündə dayanan məqamı belə izah edib: "ABŞ 1991-ci ildə SSRİ-dən sonra müstəqil olan dövlətlərə yardımla bağlı qanun qəbul etdi. 1992-ci ildə erməni lobbisinin təzyiqi ilə yalnız Azərbaycanı bu siyahıdan çıxardı. Yəni bu qanunun 907-ci maddəsinə düzəliş edildi.
2001-ci ildə Amerikanın İraqda və Əfqənistanda apardığı işlərlə bağlı Azərbaycana ehtiyacı olduğu üçün düzəlişi dayandırıldı və Azərbaycana yardımlar edilməyə başladı.
Dünən isə yenidən Amerika tərəfi Ceyms O-Braynin timsalında bildirdi ki, Ermənistanla sülh danışıqlarında irəliləyiş olmayana qədər Azərbaycana yardımlar dayandılacaq.
Amerika birmənalı olaraq hər zaman öz maraqlarına uyğun Azərbaycandan istifadə etmək üçün bu yardımı artırıb və azaldıb. Corc Buş Yaxın Şərq siyasəti zamanı Azərbaycanın müsəlman ölkəsi olaraq beynəlxalq antiterror əməliyyatlarına hərbi-siyasi dəstək verməsi, xüsusən də Əfqanıstana yüklərin daşınmasında əhəmiyyətli tranzit ölkə olması üçün Azərbaycana hərbi yardımı artırdı.
İranla nüvə sazişi imzaladığı və rəsmi Bakıya ehtiyacın azaldığı illərdə isə B.Obama Azərbaycana hərbi yardımları azaltdı. Hətta 2016-2017-ci illər ərzində ABŞ-nin Azərbaycana hərbi yardımı illik 3 milyon dollardan artıq olmadı. Halbuki əvvəlki illərdə bu rəqəm dəfələrlə böyük idi".
Azərbaycan nələri itirəcək?
Ekspert deyir ki, itkiləri bilmək üçün əvvəlcə onun Amerikadan hər il nə qədər yardım aldığını bilmək lazımdır:
"Ümumiyyətlə, 2002-ci ildən Amerikanın bu yardım sənədi üzrə 411,6 milyon dollar vəsaitin təhlükəsizlik sahəsinə aid 20-dən artıq layihələr vasitəsilə bu ölkələr arasında bölüşdürülməsi nəzərdə tutulmuşdu. 2002-ci ildən başlayaraq, hər bir büdcə ilində Azərbaycan cəmi 13 milyon dollar təşkil edən yardım almışdı.
2017-ci ildən sonra regionda gərginlik artan kimi Amerika yenidən Azərbaycanla hərbi sahədə əməkdaşlığı gücləndirdi. Buna görə də, 2018-ci ildə cənub sərhədlərinin təhlükəsizliyi rabitə, enerji, tikinti, dəniz avadanlıqları və nəqliyyat vasitələri üçün Azərbaycana 47,5 milyon dollar ayırdı. Bundan əlavə bildirildi ki, Xəzər dənizdə təhlükəsizlik məsələlərinə dair Azərbaycana əlavə 11,5 milyon dollar ayrılır.
2024-cü ilin dövlət büdcəsində Azərbaycanın Müdafiə və milli təhlükəsizlik məsələlərinə görə 6 milyard 421 milyon manat vəsait ayırıb. Bu, 3,77 milyard dollar deməkdir. Yəni Amerikanın bizə ayırdığı yardım bizim ayırdığımız pulun maksimum 1%-ni təşkil edib. Hətta elə illər olub ki, 0,03%-i qədər az olub. Odur ki, bunu qaçırılacaq maddi imkan kimi qiymətləndirməyə dəyməz".
E. Əmirovun sözlərinə görə, Amerikanın Ermənistanla sülhü bəhanə edərək yardımı dayandırmasının arxasında yenə də başqa məqamlar gizlənir: "Çünki regionda vəziyyət dəyişdikcə Amerikanın Azərbaycana yardım siyasəti də dəyişir. Lakin Cənubi Qafqazda söz sahibi olmaq istəyən bir ölkə Cənubi Qafqazda bir nömrəyə çevrilmiş Azərbaycanla münasibətlərini yaxşılaşdırmalıdır. Amerika isə həm burada mövqeyini gücləndirmək istəyir, həm də Rusiyanın Cənubi Qafqazda sıxışdırılmasını. Bu istəklər isə Azərbaycana qarşı sərt münasibət qarşılığında reallaşa bilməz. Ona görə də, qarşıdakı müddətdə yenidən ABŞ-nin mövqeyinin dəyişəcəyinə qəti şübhə etmirəm".