24 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Şamaxı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Şamaxı “ASAN xidmət” mərkəzi əsasən Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.
5 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
Hazırda 16 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, digər 11-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.
Şamaxı “ASAN Həyat” kompleksi Şamaxı “ASAN xidmət” mərkəzi ilə yanaşı ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. Kompleks vətəndaş rahatlığı üçün, həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.
Şamaxı “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin iyun ayında başlanılmışdır. 2019-cu il ilin dekabr ayında tikinti başa çatmışdır.
“ASAN Həyat” kompleksində ASAN Lounge, ABAD Food Hall, ASAN Təlim Mərkəzi, Şamaxı “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, avtobus dayanacağı, avtodayanacaq, istirahət meydançası, fəvvarə yaradılıb.
Şamaxı “ASAN Həyat” kompleksi Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində inşa edilmişdir.
Mərkəzdə əməkdaşların sayı 209, könüllülərin sayı 50 nəfər nəzərdə tutulur:
Şamaxı regional “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək.
Şamaxı ABAD Food Hall
Şamaxı “ASAN Həyat” kompleksinin tərkibində növbəti ABAD Food Hallun fəaliyyətə başlaması nəzərdə tutulur.
Digər ABAD Food Hallarda olduğu kimi burada da ABADçılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsullarının sərgi-satışı təşkil ediləcəkdir.
ASAN Təlim Mərkəzi
Şamaxı “ASAN Həyat” kompleksinin tərkibində ASAN Təlim Mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulur.
Mərkəz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin kadr hazırlığını həyata keçirir. Həmçinin Dövlət Agentliyinin, mərkəzlərin, habelə ezam olunmuş digər dövlət orqanlarının əməkdaşları üçün kadr potensialının artıtılması üçün təlimlər, kurslar təşkil edir,. Təlimlər əməkdaşların şəxsi keyfiyyətlərinin yüksəldilməsinə, bilik və bacarıqlarının artırılmasına yönəlmişdir. Bu günə qədər 2500- dən çox təlim keçirilmişdir.
Təlimlər idarəetmə qabiliyyətinin artırılmasına, dövlətimizin vətəndaş yönümlü siyasətində əsas yer tutan vətəndaş məmnuniyyətinin təmin olunması texnikalarına, etik davranış və korrupsiyaya qarşı mübarizə metodlarına və sosial-psixoloji biliklərin artırılmasına yönəlir.
Şamaxı “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi
Şamaxı “ASAN Həyat” kompleksinin tərkibində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulur.
“INNOLAND” Azərbaycanda, eyni zamanda onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir.
Şamaxı “ASAN Həyat” kompleksi Smart ASAN konsepti əsasında inşa edilib. Bu konseptin tərkib hissələri isə Smart Parkinq, Ağıllı tullantı yeşikləri, Ağıllı işıq dirəkləri, Ağıllı güzgü və LoRaWAN texnologiyasıdır.