Ötən ilin sonundan etibarən 2020-ci ildə maşın bazarında qiymətlərin artacağı barədə məlumatlar dolaşırdı. Səbəb isə Dövlət Gömrük Komitəsinin rüsumları artıracağı haqda məlumatlar yayması və hökumətə bununla bağlı təkliflər göndərməsi oldu.
"Ölkə.Az" bldirir ki, belə ki, təkliflərdə istehsal ili 2013-cü ildən aşağı olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat rüsumunun yeni avtomobillərə nisbətən artırılması qeyd olunub.
Bundan əlavə, Rusiyada əsas istehsalçı olan “AvtoVaz” zavodunun 2020-ci ildən istehsal olunan avtomobillərin qiymətini artıracağı barədə açıqlaması Azərbaycanda sovet maşınlarının qiymətində artım olacağına nişanə verdi.
“Hazırda maşın bazarında durğunluq yaşanır. Bu durğunluq fevral və mart ayları da daxil olmaqla yaz aylarına qədər davam edəcək”.
Maşın bazarında mövcud durum barədə avtomobil bazarını araşdıran Sərxan Qədirov Lent.az-a münasibət bildirib. Onun sözlərinə görə, son illər Dövlət Gömrük Komitəsinin rüsumları qaldırması ilə əlaqədar yeni il qabağı qiymətlər artıb:
“Hazırda maşın bazarında qiymətlərdə artım yoxdur. Deyilən bütün məlumatlar boş söhbətlərdir. Son illər hər yeni il qabağı qiymətlərdə artım müşahidə olunub. Səbəbi də Dövlət Gömrük Komitəsidir. Ona görə ki, son 2-3 ildə hər il gömrük rüsumları qalxıb. Camaat hər yeni ildən sonra qiymətlərin qalxacağını düşünür. Buna görə də bazara gedib ucuz maşın almaq istəyirlər. Ancaq əksinə, baha alırlar. Hazırda maşın bazarında durğunluq yaşanır. Bu durğunluq fevral və mart ayları da daxil olmaqla yaz aylarına qədər davam edəcək. Ümumiyyətlə, hər bir bayramdan əvvəl qiymətlərdə artım qeydə alınır. Qış ayları alver zəif olur. Maşın satan insanlar havanın yağışlı və ya soyuq olmasından dolayı bazara çıxmağa tərəddüd edirlər. Bu vaxtları əsasən, alverçilər maşın alırlar. Bu da alverçilərin dəyərindən ucuz avtomobil almasına şərait yaradır”.
Sovet maşınlarının bahalaşdığını deyən S.Qədirov, mart ayından etibarən bazarda qiymətlərin artacağını bildirib:
“Sovet maşınlarının qiymətlərində artım müşahidə olunur. Çünki onları əvəz edən avtomobillər hələ ki, yoxdur. Olsa da, azlıq təşkil edir. Amma alman maşınlarının qiyməti stabil qalır. Səbəbi isə ölkəyə alman maşınlarını əvəz edən digər avtomobillərin gəlməsidir. Onları əvəz edən maşınlar əsasən, dizel mühərrikli “KİA”, “Hyundai” avtomobilləridir. Hazırda bazardakı durğunluqla əlaqədar hibrid avtomobillərinin də bazarı dayanıb. Artım yaz aylarında olacaq. Rayon əhalisi əkin-biçinlə məşğul olub pul qazanıb maşın almağa gələcəklər. Onda bazar canlanır. Artıq mart ayından sonra maşın bazarında qiymətlərin qalxmasını görəcəyik. O vaxta qədər isə gömrük rüsumlarında artım olmasa, bazarda da qiymətlər artmayacaq. Ancaq hazırda dediyim kimi, sovet maşınlarının qiymətində artım müşahidə olunur”.