Azərbaycanda sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb.
"Ölkə.Az" xəbər verir ki, koronavirusa yoluxanların sayında yenidən artımın baş verməsi böyük həyəcanla qarşılanır.
Hər kəsi bir sual maraqlandırır ki, yoluxma sayında nə üçün bu qədər artım qeydə alınıb. Bu sualı cavablandıran deputat Rəşad Mahmudov bildirib ki, dünyada son 10 gündə tam səbəbi bilinməyən koronavirusa yoluxanların sayında yüksəlmə müşahidə olunur:
"Buna havaların qeyri-stabil keçməsi, mövsüm dəyişikliyi olarkən insanlarda baş verən proses, eləcə də bizim bilmədiyimiz səbəblər göstərilir. Amma son iki ayda dünyada yoluxanların sayında rəqəmlərin aşağı düşməsi insanlarda arxayınçılıq yaratmışdı. Üst tənəffüs yolu infeksiyalarının ən çox yayılması təmaslar, insanların bir-birilə ünsiyyəti zamanı yaranır.
Rəqəmlərin sabahdan etibarən bir qədər də artması bizi qorxuda bilər. Arzu edək ki, bu tendensiya artan isiqamətdə getməsin. Bu rəqəmlər yüksələrsə, yoluxmaqdan çox, ölkələrdə səhiyyə sisteminin zədə görməsi və reanimasiya otaqlarının tükənməsi ehtimalı var.
ÜST-ün dünyada bir il ərzində apardığı tədqiqatlar nəticəsində məlum olub ki, yeni yoluxma sürəti artıdığı bir vaxtda sərt qapanma tədbirləri o qədər də məsləhət görülmür. Burda əsas məsələ sərt karantindən çox, insanların bu prosesə qarşı həssas davranması və gündəlik davranışlara əməl etməsidir. İnsanlar qəbul etməlidir ki, ətrafındakıların gündən-günə yoluxma ehtimalları var və onlarla təmas artırıldığı zaman, xüsusən də Novruz bayramı ilə bağlı adət-ənənələr təhlükə yaradır".