Aydın Mirzəzadə: “YAP yarandığı gündən indiyə…”
Hakim Yeni Azərbaycan Partiyasının qurulmasında iştirak etmiş sabiq deputatlar Əli Əlirzayev və Maksim Musayev “Yeni Müsavat”ın ötən saylarına müsahibələrində ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi kadr dəyişikliklərini alqışladıqlarını bəyan ediblər. Eyni zamanda onlar bildiriblər ki, ölkədə islahatlar daha da dərinləşdirilməlidir, islahatlar Yeni Azərbaycan Partiyasında da həyata keçirilməlidir. YAP Siyasi Şurasının üzvü, keçmiş deputat Musa Musayevlə mediaya müsahibəsində bunları deyib: “Mən prezidentin Əli Əsədova tapşırıqlarından sonra bəyan etdim ki, Nazirlər Kabineti ilə yanaşı Prezident Administrasiyasında və Yeni Azərbaycan Partiyasında da islahatlar aparılmalıdır. YAP-ın yaradıcılarından biri, partiyanın Siyasi Şurasının üzvü kimi deyim ki, YAP-da İcra Katibliyində və rəhbər strukturlarda, Siyasi Şurada, mərkəzi aparatda da islahatlar getməlidir. İnanıram ki, Prezidentin apardığı bu kadr islahatı tezliklə Yeni Azərbaycan partiyasının rəhbər orqanlarını da əhatə edəcək. Konkret olaraq İdarə Heyətini, İcra Katibliyini və Siyasi Şuranı. Biz yeniliklərin şahidi oluruq və mənə elə gəlir ki, bu yeniliklər hakim partiyada da həyata keçirilməlidir”.
YAP-çıların partiya daxilində islahatlar təklifinə münasibət öyrəndik. Yeni Azərbaycan Partiyası YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Yeni Azərbaycan Partiyasının fəlsəfəsi islahatçılıqdır. Heç də təsadüfi deyil ki, YAP-ın şüarı “Yeni Azərbaycan uğrunda”dır: “Yenilik həmişə islahatların aparılmasını, günün tələblərinin nəzərə alınmasını və həyata keçirilməsini özündə ehtiva edir. YAP yarandığı gündən indiyə qədər həmişə həm partiya içində yenilikləri tətbiq edir, eyni zamanda cəmiyyətin özünə də yenilənmə təkliflərini verib, onun təşəbbüskarı olub. Hər bir qurultayımızda cəmiyyətin inkişafı ilə bağlı çox ciddi, düşünülmüş və real tələblərə cavab verən təkliflərimiz olub və bunun da həyata keçdiyinin şahidiyik. O cümlədən, hər qurultayda rəhbər orqanlara yeni simalar seçilir, gənclər cəlb edilir, müxtəlif sahələrin tanınmış insanları rəhbərlikdə təmsil olunurlar. Ona görə də hesab edirəm ki, yenilənməyə Yeni Azərbaycan Partiyasının özü həmişə hazırdır, yenilənməni həyata keçirir və başqaları üçün də nümunə olur. Həmişə belə olub Yeni Azərbaycan Partiyası içərisində və bundan sonra da belə olacaq”.
Aydın Mirzəzadə qeyd etdi ki, sözügedən sabiq deputatların hər birinin Yeni Azərbaycan Partiyasının yaranmasında, formalaşmasında və fəaliyyət göstərməsində xidmətləri olub. YAP onların xidmətlərini unutmur və onları öz tarixinin çox şərəfli səhifələrindən və simalarından biri hesab edir: “Yeni Azərbaycan Partiyasının 750 min üzvü var və hər bir üzvün bu gün partiyanın içərisində özünü göstərməsi üçün real imkanlar var. Düzdür, ola bilsin ki, həmin qocaman partiya üzvlərini hansısa bir proqramların hazırlanmasında, hansısa tədbirin həyata keçirilməsində daha çox istifadə etmək olar və bu barədə də düşünmək olar. YAP çalışır ki, hər bir üzvünün potensialından istifadə etsin. Şübhəsiz ki, vaxtilə partiyanın fəaliyyətində xidmətləri olan insanları heç vaxt unutmuruq və bundan sonra da onlar unudulmayacaq”.