• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Rauf Arifoğlu: “Siyasi mühit o qədər pisdir ki, istəyirəm oraya bir düzən verim” – MÜSAHİBƏ

  • 07.11.2019, 09:22,
  • Siyasət
  • Baxılıb: 88
Rauf Arifoğlu: “Siyasi mühit o qədər pisdir ki, istəyirəm oraya bir düzən verim” – MÜSAHİBƏ

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun APA-ya müsahibəsi

– “Yeni Müsavat” qəzetinin təsis olunmasının 30 illiyi tamam olur. Sizcə, bu illər ərzində oxucuların qəzetə marağı hansı templə inkişaf edib?

– Oxucuların adından danışmaq doğru olmazdı, amma bu 30 il ərzində mövcudluğumuz davam edibsə, bunun əsas səbəbi elə oxucu marağı, oxucu diqqətinin var olmasıdır. Müxtəlif periodlarda oxucular tərəfindən təpkilər müxtəlif olub. Elə periodlarımız olub ki, oxucu marağı zəifləyib. Məsələn, 1993-1997-ci illərdə oxucu marağı nisbətən zəifləmişdi, ancaq 1997-ci ildən bu günə qədər olan dövrdə mən oxuculardan şikayətçi deyiləm.

– 1993-1997-ci illərdə oxucu marağının zəifləməyinin səbəbi nə idi?
– Səbəb senzura idi. Eyni zamanda qəzet və media bazarına düzgün yanaşa bilməməyimiz də başqa bir səbəb idi. Çünki şərtlərimiz ağır idi. Üçüncü səbəbsə maliyyə imkanlarımızın çox qısıtlı olmasıydı. Amma 1997-ci ilin sentyabr ayından sonra radikal dəyişikliklər etdik; qəzetin formatını dəyişdik, ideoloji-siyasi qəzetdən ictimai-siyasi qəzet konseptinə keçdik. O vaxtdan bəri Azərbaycanın print-media bazarında liderik. Hazırda isə print-media vahidini elektron media vahidlərinə çevirə bildiyimiz üçün tirajımız daha yüksək nöqtəni göstərir. Çünki əvvəllər əlimizdə yalnız bir qəzet və on minlərlə ölçülən tirajımız var idisə, indi həmin qəzetin üzərində bir neçə elektron media qurmuşuq və media qrup yaratmışıq, əhatə dairəmiz kifayət qədər genişlənib.



– Yeni çıxan dövrlərdə qəzetin tirajı 15-20 mini əhatə edirdi. Təbii ki, buna o dövrkü gərgin ictimai-siyasi mühit də təsir edirdi. Lakin indi qəzetin tirajı 4-5 min səviyyəsindədir. Bunun kökündə təkcə print-medianın elektron mediaya uduzması dayanır, yoxsa başqa səbəblər də var?

– Səbəb budur ki, artıq dünyada, xüsusi ilə Azərbaycanda print-media çökməkdədir. Yalnız print-media kimi qalsaydıq, mən redaksiyada heç beş-altı adam da saxlaya bilməzdim, ümumiyyətlə, “Yeni Müsavat”ın yaşaması belə mümkün olmazdı. Biz istehsalçı olaraq, qəzetə diqqəti azaltmamışıq, sadəcə, oxucu artıq xəbəri telefondan oxuyur. Burada bizim edə biləcəyimiz bir şey yoxdur. Artıq evlərdə və ofislərdə televizorlar saatlarla söndürülmüş vəziyyətdə qalır, hər kəs xəbəri hər dəqiqə telefonundan alır. Bu durumu vaxtında sezdik və qəzetlər içərisində ilk olaraq biz bu prosesə adaptə olduq. Biz uğurlu adaptasiya prosesini həyata keçirə bildik deyə, bu gün yaşayır və mövcud olmağa davam edirik.

– “Yeni Müsavat” fəaliyyətə başlayanda müxalifət qəzeti statusunda idi. İndi də həmin status qalırmı?

– Mərhələlərə bölsək, ilk vaxtlar ideoloji-siyasi qəzet statusunda idik. Səbəb də o idi ki, biz Azərbaycana müsavatçılıq ideologiyasını gətirmək istəyirdik, Müsavatın qayıdış prosesinə flaqmanlıq edirdik. Daha sonra ictimai-siyasi qəzet olduq. Həmin periodda biz müxalifət düşərgəsində əsas komponent olan Müsavat Partiyasının yanındaydıq, onunla bərabər hərəkət edir, onun maraq və mövqelərindən, informasiya siyasətindən çıxış edirdik. Daha sonra isə biz müstəqilləşdik, depolitizasiya konsepsiyası əsasında xəbər qəzeti statusuna keçdik. Hazırda bizim media qrupunun həyata keçirdiyi informasiya siyasəti tamamilə fərqlidir; siyasi düşərgələrin və siyasi liderlərin maraqları ilə deyil, media qrupumuzun və kollektivimizin maraqlarından çıxış edirik.

– Yəni “Yeni Müsavat”a daha müxalifət qəzeti demək olmaz?

– Tənqidçi mövqedə olan media quruluşu demək olar.



– Sizin şəxsi nüfuzunuzun hər zaman “Yeni Müsavat”ın vəziyyətinə həlledici təsiri olub. Bilmək istərdim ki, 2015-cı ildə Müsavat Partiyasından çıxmağınız, daha sonra müəyyən mövqelər sərgiləməyiniz qəzetin tirajına təsir göstəribmi?

– Siz sualları “Yeni Müsavat” qəzetinin üzərində fokuslanmağa çalışsanız da, mən məcburən media qrupunun təsisçisi kimi, cəm halında cavab verirəm. Əgər “Yeni Müsavat” qəzetini bu media qrupundan ayırsaq, o qəzet bir ay sonra çapını dayandırar, çünki tək qəzet olaraq “Yeni Müsavat”ın öz xərclərini ödəmək imkanı yoxdur. Amma bütöv media qrupu olaraq baxanda, az da olsa, gəlirlə işləyirik. Bayaq da dedim, daha detallı izah edirəm; biz “Yeni Müsavat”ın üzərində analoqu olmayan bir sistem qurduq. Print-media ilə saytların birgə-sinxron fəaliyyəti və xəbərləşmədə paslaşma sistemini yaratdıq. Qəzetimiz bazisdir; hər şey onun üzərində inşa olunub; media qrupdakı bütün informasiya vasitələrinin mühərriki “Yeni Müsavat” qəzetidir; lakin onun özünün fiziki tirajı istehsal etdiyi xəbərlərin tirajından 10 dəfələrlə azdır. “Yeni Müsavat” xəbər, məqalə istehsal edir, biz onları yayın aqreqatı olan musavat.com saytı üzərindən daha yüksək tirajla yayırıq… Bütöv şəkildə götürəndə, mən partiyadan ayrılandan sonra qəzetin istehsal etdiyi xəbər və yazıların əhatə dairəsi və tirajı artıb, üstəlik bizim həm azərbaycandilli, həm də rusdilli resurslarımız güclənib. Ən önəmlisi, “Youtube”, “Facebook” platformalarında onlayn yayın sistemi qurmuşuq. Bunlar hamısı həmin depolitizasiya konsepsiyasına keçid nəticəsində mümkün oldu. Politik ortamda və hansısa siyasi düşərgəyə bağlı halda bunu edə bilməzdik. Ona görə də durumu dəyərləndirdik və düşərgələrə qarşı məsafə qoyduq, nəticədə qloballaşan informasiya sistemində öz seqmentimizi yaratdıq. Razılaşın ki, bunu bircə print-media ilə, yəni qəzetlə həyata keçirmək qeyri-mümkün idi. Çünki qəzetin hazırladığı xəbəri kənara ötürmək üçün onun özünü kənara daşımaq lazımdır. Məsələn, “Yeni Müsavat” qəzetinin xəbərini ölkə xaricinə yaymaq üçün bir zamanlar onun özünü fiziki olaraq ölkə xaricinə nəql etdirirdik. Amma indi nə edirik? Xəbər “Yeni Müsavat”ındır, amma biz artıq çağa, texnoloji inkişafa uyğunlaşmışıq, həmin xəbərləri qəzetin elektron versiyası vasitəsi ilə yayırıq. Artıq “Yeni Müsavat”ın xəbərini soydaşlarımız Almaniyada, İtaliyada, Moskvada, İstanbulda anındaca oxuyurlar. Xəbər istehsalçısı “Yeni Müsavat”dır, ötürücüsü isə başqa vasitələrdir. Biz bu yeniliyi qəzetin üzərinə montaj edə bildik, başqa qəzetlər bunu bacarmadılar deyə, sıradan çıxdılar.

– Belə çıxır gələcəkdə bu şərtlər daha da dərinləşsə, print-mediadan tamamilə imtina edə bilərsiniz?

– Menecer olaraq, əslində, mən “Yeni Müsavat” adlı bir qəzetdən çoxdan imtina etməli idim. Çünki dediyim kimi, şərtlər dəyişib. Ancaq “Yeni Müsavat” tarixdir, ənənədir, onu dayandırmaq ən azı bu baxımdan yolverilməzdir. Bir də ki Həsən bəy Zərdabinin məmləkətində qəzetlər qalmalı, print-media davam etməlidir. Ona görə də biz redaksiya olaraq, bu fədakarlığı davam etdirəcəyik. Həm də bayaq da dediyim kimi, biz media qrupumuzun mexanizmini “Yeni Müsavat”ın üzərində qurmuşuq. Məsələn, hər səhər bizdə planlaşma olur və bu, “Yeni Müsavat” qəzetinin planlaşmasıdır, saytın deyil. Və hər sabah biz digər media quruluşlarından fərqli olaraq Azərbaycan informasiya məkanına 150 min işarəlik materialla giririk. Digər saytlar əgər 5-6 xəbərlə günə başlayırsa, biz hazırladığımız qəzeti bir saatın içində elektron versiyaya çevirib oxucuya təqdim edirik.



– Əməkdaşlarınızla münasibətiniz necədir?

– Məncə bunu onlardan soruşsanız yaxşı olar.

– Qəzetdə tətbiq etdiyiniz hər hansı prinsiplər, daxili senzura varmı?

– Yaradıcılıqla bağlı deyirsinizsə, daxili senzura var və bu bizi incidir, əzir, yaradıcılıq eqomuzu içəridən gəmirir. Bəzən adi bir xəbəri də hüquqşünasımızla məsləhətləşib, sonra veririk. Yəni narahatlığımız var və bu Azərbaycandakı mətbu mühitə aid neqativlərdən biridir. Özünüsenzura günün ən mühüm tələblərindən birinə çevrilib.

– Bunun qarşısını necə almaq olar?

– Bunun qarşısını almaq üçün dövlət özünün informasiya siyasətinə yenidən baxmalıdır. Biz bəzən hansısa vəzifəli məmurla bağlı xəbəri yaymağa qorxuruq, çəkinirik. Baxmayaraq ki, həmin xəbər artıq sosial mediada trendə çevrilir, “Youtube”də tiraj yığır və bəzən milyonlarla oxuyan-baxan olur. Lakin biz media qrupumuza zərər verər deyə, çəkinirik və milyonluq xəbəri səhifələrimizə qoymuruq. Belə bir durum bizi və digər media nümunələrini sözün bütün mənalarında kiçildir. Hesab edirəm ki, informasiya siyasətinə aid bu durum aradan qaldırılmalıdır. Azərbaycanda fəaliyyət göstərən, ənənəsi olan, vətənə, millətə, dövlətə bağlı media quruluşlarına daha geniş imkanlar verilməlidir. Əks halda, sosial media bizim əlimizdən oxucunu, dinləyicini, seyrçini alır. Azərbaycan mediasından tənqidi rakursu yığışdırmaq olmaz. Tam tərsinə, Avropa malına çevrilmiş tənqidi yenidən transfer etməyə ehtiyac var. Heydər Əliyevin dövründə olduğu kimi, canlı yayın konsepsiyası ilə ictimai-siyasi müzakirələrə başlamaq lazımdır. Narazı elektorata, yəni narazı Azərbaycan vətəndaşına xitab edən ictimai fiqurların, rəy və siyasi liderlərin efirdə görünməsini təmin etmək zəruridir. Onlar niyə getsin Avropadan yayım yapan “Youtube” platformalarında, “Facebook”da fikirlərini ifadə etsinlər? Biz nə üçünük? Sosial mediada hazırda bir xəbər anarxiyası var, sistemsizlik, cəzasızlıq, söyüş-təhqir mühiti hökm sürür. Və bu mühit hər gün daha çox Azərbaycan ictimai rəyinə otuzdurulur… Bu dediklərim edilməyəcəyi təqdirdə kənar platformalar Azərbaycanın ictimai rəyini getdikcə daha çox yönləndirəcək. İnformasiya sahəsi də eyni ilə vətənin ərazisi kimidir. Bizim quru, dəniz, hava sərhədlərimiz olduğu kimi, informasiya sərhədimiz də var. Bu gün bizim informasiya sərhədlərimiz yanlış informasiya siyasəti nəticəsində təcavüzə məruz qalır və millətimiz auditoriya olaraq, “əsir’’ götürülür; axşamlar azərbaycanlıların siyasətlə maraqlanan kəsiminin hamısının diqqəti xaricdən yayılan verilişlərə yönəlir. Onların da əksəriyyətinin səviyyə və sferaları yüksək deyil; çoxu söyüşlə başlayır, söyə-söyə də saatlarla davam edir… Hansı ki, özümüzün keyfiyyətli televiziyalarımız var, jurnalistlərimiz var, onları gücləndirmək, maraqlı etmək lazımdır ki, tamaşaçı türk seriallarından tutmuş, Avropadakı siyasi seriallara qədər, kənar məhsullara az baxsın. Düzdür, AzTV və İctimai Televiziyada ciddi dəyişikliklər baş verib, REAL TV xəbər televiziyası konsepsiyasını Azərbaycana gətirib… Amma yenə də bunlar azdır. Özünüsenzuraya səbəb olan bütün faktorlar qeyd-şərtsiz aradan qaldırılmalıdır.



– Sizə tez-tez təzyiqlər olur?

– “Mənə təzyiqlər olur’’, demək düz olmaz. Mən olanları təzyiq saymıram. Amma istənilən halda məni narahat edən məqamlar çoxdur.

– “Yeni Müsavat” haqqında bəzən dindar kəsimə daha çox yer ayırması barədə iddialar səslənir. Bu iddialar barədə nə deyə bilərsiniz?

– Sizcə elədirmi? …Mən dindar kəsimə xitab eləmirəm, sekulyar seqmentə daha çox xitab edirəm. Özüm inanclıyam, amma iman da, inanc da insanın ürəyində, içində yaşamalıdır. İnancın, imanın ideologiya, partiya olmasının və hakimiyyətə gəlməsinin qəti əleyhinəyəm.

– Dini şəxsiyyətlərdən kimi özünüzə örnək sayırsınız?

– Mən ölümlü bəndələrdən özümə örnək seçməməyi öyrənmişəm. Amma İslam peyğəmbərini özümə örnək götürürəm. Hər bir çətinlikdə Allaha xitab eləmişəm, ona görə də sınmadan, əyilmədən, bütün proseslərdən çıxa bilmişəm.



– Mütaliəyə vaxtınız olur?

– Kitabları oxumağa başlayıram, amma bitirə bilmirəm (gülür).

– Sonuncu dəfə hansı kitabı oxuyub yarımçıq qoymusunuz?

– Noah Yuval Hararinin “Homo Deus” kitabını oxumağa başladım, çox maraqlı, içində yeni baxışlar, yeni sistemlər olan kitabdır, maşınımda gəzdirirəm, bir-iki vərəq oxuyuram, son vaxtlar isə ümumiyyətlə üzünü aça bilmirəm.

– Bədii ədəbiyyat necə, oxuyursunuz?

– Bədii əsərləri son vaxtlar azaltmışam, oxuya bilmirəm. Bir neçə ildir ki, saytlar və onlardakı fəaliyyətimə görə mütaliəyə vaxt qalmır. Gün ərzində 17-18 saat telefonda saytları izləyirəm.

– Özünüzün xəbər yazıb redaksiyaya göndərdiyiniz hallar çox olub?

– Bəli, çox olub. Bəzən hansısa tədbirdə müxbirlərim olmur, o zaman həmkarlarımın, media patronlarının yanındaca çəkinmədən xəbər yazır, şəkil çəkib ötürürəm və bunu özümə şərəf bilirəm. Düzdür, bəzi dostlarım məni qınayır ki, niyə belə edirsən? Ancaq məncə jurnalist əməyi çox şərəfli əməkdir, mən də özümü reportyor-jurnalist sayıram və düşünürəm ki, məndə heç də pis alınmır.



– Özünüzü daha çox siyasətçi hesab edirsiniz, yoxsa jurnalist?

– Hər hansı ölkədə media qrupunun rəhbəri olmaq istənilən halda siyasi postdur.

– Mir Şahindən müsahibə götürəndə demişdi ki, jurnalistikasız yaşaya bilməz, həyatının amalı jurnalistikadır. Sizdə də bu cürdür?

– Jurnalistikasız bir gün də yaşaya bilmərəm.

– Amma içinizdə deyəsən yenidən siyasətə qayıtmaq havası da var…

– Siyasi mühit o qədər pisdir ki, bəzən istəyirəm oraya bir düzən verim. Mənim siyasətdə qoyub gəldiyim dostlarım o vaxt necə qoymuşamsa, elə orda da qalıblar. Manevr edə bilmirlər. Doğru-dürüst qərar verə bilmirlər. Son 30 ildə öz ətraflarını da bədbəxt ediblər, özlərini də, ölkəni də.

– Bayaq yeni mediaya keçiddən danışdınız. Bunu da uğurla həyata keçirmisiniz. Bəs Sizcə müasir siyasətçi, müxalif siyasətçi necə olmalıdır, siyasətə qayıtsanız nələri dəyişərdiniz?

– Hamı deyir iqtidardan başlamaq lazımdır, qəti şəkildə elə deyil. Gəlin, birinci müxalifət düşərgəsindən başlayaq. Müxalifət münasibətlərin yenilənməsində maraqlı olmalıdır. Azərbaycan müxalifətinin öndə gələn aparıcı liderləri və təşkilatları Azərbaycan hakimiyyətini və prezidentini qəbul etmirlər. “Prezident” deyə xitab etmirlər və gözləyirlər ki, onların qəbul etmədikləri və xitab etmədikləri prezident onları tanısın, bu da mümkün deyil. Bu 1993-cü ildən qalma ənənədir. Səhv düşüncə idi və böyük itkilərlə nəticələndi. Prezident Heydər Əliyevi hakimiyyətə dəvət edib, sonra onu tək qoydular, vəzifələrini dondurdular və dedilər ki, biz səni tanımırıq. Halbuki özləri çağırmışdılar ki, gəl ölkəni xilas elə. 1995-ci il mart hərbi qiyamından sonra ölkənin xilas prosesi yekunlaşdı. Amma AXC-Müsavat iqtidarının əsas simaları kənara çəkildi və Heydər Əliyevi ilk gündən tək qoydular. O da yaxın zamanlara qədər Azərbaycanda problemə çevrilmiş bəzi kadrlarla işləmək məcburiyyətində qaldı.



– Hamı deyəndə ki, Siz də onların içində deyildinizmi?

– Mən son 30 ildə “Yeni Müsavat” qəzetinin baş redaktorluğundan başqa vəzifə daşımamışam.

– Siz həm də partiyada məsul vəzifədə idiniz.

– Partiyada, Azərbaycan Xalq Cəbhəsində yüksək siyasi mövqelərim olub. Lakin həmin təşkilatlara yön verən deyildim. Yön verənlər böyük səhvlər etdilər və o səhvlər indiyə kimi davam edir.

– Siz deyirsiniz ki, iqtidar-müxalifət münasibətləri ən azı Türkiyədəki kimi olmalıdır?

– Əlbəttə. Müxalifət nifrəti, kini buraxmalıdır. Elə rakurs yaradıblar ki, hər hansı ziyalı gedib hakimiyyət nümayəndəsi ilə görüşəndə, haqqı olan mükafatı dövlətdən alanda onu topa tuturlar, gözdən salırlar.

– Elə Sizin özünüzü…

– Mən heç… Mənim siyasi immun sistemim çox gəlişib, narahat deyiləm. Amma insanları linç edir, mənəvi terrora məruz qoyurlar. Öz ölkənin iqtidarı ilə görüşmək qüsurdursa, elə müxalifətlə görüşmək də qüsurdur. Sən bu ölkədə müxalifət olmağı qəbul etmisənsə, deməli, dövlətin bir parçası olmağı qəbul etmisən. Lütfən bu dövlətin parçası olaraq öz mandatın istiqamətində hərəkət elə, nifrət dili yayma, kin qusma, insanları nifrətə səsləmə, onları yanlış yönləndirmə. Siyasət istənilən halda hakimiyyətə gəlmək üçün vasitədir və o vasitəni düzgün istifadə etmək lazımdır. “Bizimkilər’’ siyasi mövqeyi o həddə gətiriblər ki, sanki əqidə də, din də, iman da, milli kimlik də odur…

Müxalif düşərgədə çox fədakar, təmiz kadrlar var ki, sadəcə durduqları yer və arxasınca getdikləri liderləri yanlışdır. O baxımdan, hər zaman mənim qəlbimdən belə bir istək keçir ki, o cür kadrları, kütləvi səhnələrin rejissoru olmuş, savaşlarda iştirak etmiş, həm siyasi, həm də hərbi səhnələrin yaradıcısı olmuş insanları doğru yönəltmək, onları bir yerə toplayıb dövlətin strateji bir parçasına-normal müxalifətə çevirmək yaxşı olardı.

– O zaman 2020-ci ildə keçiriləcək parlament seçkilərində iştirak etməyiniz gözlənilir?

– Mənim ürəyimdən keçir, ancaq hər ürəyindən keçəni də həyata keçirmək mümkün olmur.

– Qəzetdə ədəbiyyat materialları niyə verilmir? Türkiyənin bir çox qəzetləri ədəbiyyat əlavələri buraxırlar. Eyni şeyi “Yeni Müsavat” qəzeti də edə bilməzmi?

– Biz bunu hamıdan əvvəl eləmişik. “Dünya” adında ədəbiyyat jurnalı buraxırdıq. Bu mənim arzum idi.

– İndi niyə buraxmırsınız?

– Çünki xitab elədiyimiz auditoriya bunu istəmir. Yeni auditoriya qurmaq üçün də həm zaman, həm vəsait, həm də işçi lazımdır. Bizim isə buna imkanımız yoxdur. “Yeni Müsavat” Media Qrupu hələ düzə çıxmayıb. Biz həmişə ekstremal vəziyyətdə fəaliyyət göstərmişik, 1989-cu ildən indiyə qədər belədir. Bizim yaratdığımız elektron TV-lər belə prosesin içində yaranıb. Heç bir əlavə vəsait qoymadan, kənardan işçi belə cəlb etmədən öz potensialımız hesabına bunları həyata keçirmişik… Gələcəkdə ədəbiyyat əlavəsi qurmaq mənim arzularımdan biridir, həm jurnal, həm də yaxşı bir ədəbiyyat saytı yaratmaq istəyirəm.

– Bir vaxtlar qəzetiniz ətrafında xeyli köşə yazarı cəmlənmişdi. Son illər sanki qəzetdə köşə yazarları azalıb, eyni zamanda onları izləyən oxucular da yoxdur.

– Doğru buyurursunuz. Son sözü əlahəzrət oxucu deyir. Biz gördük ki, köşə yazısında olan tiraj hər hansı agentlikdən aldığımız xəbərdə olan tiraj qədər belə özünü doğrultmur. Buna görə də həm menecer, həm də oxucu seçimi olaraq köşə yazarlarına diqqəti azaltdıq, xəbər saytı sisteminə keçdik və bu özünü doğrultdu.

– Amma Türkiyədə bu ənənə qalır və uğurla irəliləyir.

– Doğrudur, Türkiyədə köşə yazarları ən bahalı yazarlardır. Onların yazıları da yüz minlərlə oxunur. Bu, Türkiyə oxucusunun seçimidir. Halbuki türk köşə yazarları hadisəyə olduqca bəsit, sadə yanaşırlar. Bəlkə də onlara marağın səbəbi budur. Ancaq mən etiraf edim ki, bizim köşə yazarları türk köşə yazarlarından məzmunlu, həm də bədii yazırlar. Çünki bizim köşə yazarları həm türk, həm rus jurnalistika məktəblərindən bəhrələniblər.

– Gələcəkdə “Yeni Müsavat”ı TV-yə çevirmək perspektivi varmı?

– Bəli, var, efir məkanında iddialıyıq. Biz artıq efirə çıxmışıq və internet televiziyasını gəlişdirməyə çalışırıq. Artıq qlobal TV dövrü keçib. İnternet televiziyalar gələcək baxımdan daha əlverişlidir və hələ ki, bu istiqamətdə çalışırıq.

Mirmehdi Ağaoğlu
Apa.az
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ədalət Verdiyev həbs edildi

  • Dünən, 18:18
  • 10
  • 0

Əli Əsədov qərar imzaladı

  • Dünən, 12:37
  • 17
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 099
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 796
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter