Fransanın Azərbaycana qarşı qərəzli siyasəti davam edir. İllərdir ölkəmizə qarşı məkrli siyasət yürüdən Fransa artıq bu mövqeyini açıq nümayiş etdirir.
Fransa torpaqlarımızın işğal altında qaldığı 30 ilə yaxın müddətdə istər ölkə, istərsə də ATƏT səviyyəsində Ermənistana dəstək nümayiş etdirib. Lakin Emmanuel Makronun hakimiyyətə gəlişindən sonra rəsmi Paris bütün dünyanın gözü qarşısında İrəvana açıq dəstəyini ifadə etməkdən çəkinmir. Bütün beynəlxalq qanunları və haqq-ədaləti görməzdən gələn Makron özünü Fransadan çox Ermənistanın Prezidenti kimi aparır. Makron sonuncu açıqlamaları ilə də öz çirkin niyyətini növbəti dəfə nümayiş etdirib.
Lakin bu məqamda başqa bir məsələ diqqət çəkir. Əslində Fransa üçün Ermənistanın o qədər də maraqlı olmadığı aydındır. Makron hakimiyyəti Fransada yaşayan erməniləri nəzərə alaraq bu addımları atır. Bununla yanaşı, başqa bir reallıq da var. Nəzərə almaq lazımdır ki, qardaş Türkiyə dövlətinin nüfuzu həm regional, həm də beynəlxalq səviyyədə yüksəlir. Bu isə rəsmi Parisi olduqca narahat edir. Türkiyənin hərbi və siyasi təsir gücü baxımından yüksəlməsini həzm edə bilməyən Makron hakimiyyətinin türk düşmənçiliyi özünü açıq biruzə verir.
Ekspertlər hesab edirlər ki, Makron Türkiyənin qarşısını ala bilmək üçün Cənubi Qafqazdakı proseslərdə aktiv rol oynamağa və Ermənistana açıq dəstəyə çalışır.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Fransanın ölkəmizə qarşı apardığı bu məkrli siyasətin arxasında xristian təəssübkeşliyi və türk düşmənçiliyi var:
“Həmçinin, rəsmi Parisin Cənubi Qafqazda öz nüfuz dairəsini qoruyub saxlamaq və genişləndirmək hədəfi də var. Bu maraqlar üst-üstə düşdüyü üçün Fransa hazırda Ermənistana dost, Azərbaycana isə düşmən mövqeyi sərgiləyir. Əslində bu mövqe yeni deyil və bu siyasəti Fransa 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədri olaraq həyata keçirib. Biz torpaqlarımızın işğal altında olduğu illərdə də Fransanın Azərbaycana xoş olmayan münasibətinin şahidi olmuşuq. Təbii ki, Fransanın daxili siyasətinin bu məsələlərə təsir etdiyi amilini də diqqətdən qaçırmaq olmaz. Bilirik ki, Fransada ermənilərin böyük diaspor təşkilatları var. Orada yaşayan ermənilər təşkilatlanaraq Fransa siyasətinə bu və ya digər formada təsir etmək imkanları əldə ediblər. Yəni Fransanın bugünkü siyasətində bu amili gözdən qaçırmaq olmaz”.
Partiya sədri vurğulayıb ki, Fransa birmənalı şəkildə Türkiyənin bölgədə və dünyada artan nüfuzunun qarşısını almağa çalışır:
“Osmanlı İmperiyasının uzun illər dünyanın aparıcı gücü olması heç kimin yadından çıxmayıb. Onu da unutmayaq ki, ötən əsrin əvvəllərində Türkiyəni tamamilə parçalamağa çalışdılar. Amma Mustafa Kamal Atatürkün liderliyi ilə bunun qarşısı alındı və Türkiyə Cümhuriyyəti yarandı. Bu gün Türkiyə dünyanın əsas güclərindən birinə çevrilib. Dünyada baş verən bütün proseslərdə Türkiyənin nüfuzu gündəmə gəlir və vasitəçilik edir. Hətta digər vasitəçilərin əldə etmədiyi uğurları əldə edə bilir. Ukrayna-Rusiya müharibəsi və Yaxın Şərqdə baş verən prosesləri buna misal göstərmək olar. Üstəlik, Türkiyə hazırda NATO-nun ikinci ən güclü dövlətidir. Qardaş ölkə təkcə regional deyil, həm də qlobal gücə çevrilib. Türkiyə Azərbaycan və digər türk dövlətlərilə birlikdə çoxqütblüyə çevrilən dünyanın əsas güclərindən birinə çevrilməkdədir. Təbii ki, bunun qarşısını almaq və türk dünyasını zəiflətmək istəyirlər. Bu məqsədlə də türk dünyasının əsas aparıcı gücü olan Türkiyəyə qarşı siyasət yürüdürlər. Məhz bu faktor Fransanın Azərbaycan və Türkiyəyə qarşı yürütdüyü siyasətin əsasını təşkil edir”.