Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində aparılan danışıqlar tam dayanmasa da, dalana dirənmiş kimi görünür. Ermənistanın Brüssel danışıqları formatına Fransanın da vasitəçiliyini əlavə etmək istəyi, Azərbaycanın isə buna qətiyyətlə “yox” cavabı əvvəlki intensivliyi azaldıb. Dekabrın 7-də liderlərin Brüsseldə görüşü gözlənilirdi ki, bu, Azərbaycan Prezidentinin imtinası ilə baş tutmadı.
Üstəlik, hazırda Laçın-Şuşa yolunda Azərbaycan ekofəallarının, vətəndaş cəmiyyəti nümayəndələrinin “Ekoloji terrora son!”, “Təbii sərvətlərin talanına son!” şüarı ilə 11 gündür keçirdiyi aksiya da müəyyən böhranlı vəziyyət yaradıb. Belə ki, tərəflər qarşılıqlı ittihamlar səsləndirirlər. Ekspertlər hesab edirlər ki, indiki proseslər Ermənistanın xeyirinədir. Çünki rəsmi İrəvan sülh sazişini imzalamamaq üçün zaman qazanmaqdadır.
Vəziyyətlə bağlı AYNA-nın suallarını cavablandıran Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, hazırda Ermənistanda vəziyyət mürəkkəbdir:
- Nikol Paşinyanın və onun komandasının durumu heç də yaxşı deyil. Bir tərəfdən Paşinyan Qarabağ məsələsindən canını qurtarmaq istəyir, hansı ki, bu, bəyanatlarda, atdığı addımlarda görünür. Digər tərəfdən Paşinyanın hakimiyyətini dəstəkləyən Qərb qüvvələri ona güclü təzyiq edirlər. Həmin qüvvələr anlayırlar ki, sülh sazişi imzalanmadan Ermənistanın Rusiya və İrandan asılılığı bitməyəcək. Sülh sazişi imzalansa, Ermənistan Türkiyə ilə də, Azərbaycanla da barışacaq, normal münasibətlər yaranacaq. Regionda təhlükəsizlik təmin olunacaq, Ermənistana investisiya gələcək, ölkə sosial-iqtisadi baxımdan dirçələcək. Əslində Paşinyanın da istədiyi budur. Qərb də ona təzyiq edir ki, bu yola getsin. Amma ABŞ-da, Rusiyada, Avropada erməni diasporası var ki, onlar İrəvana təsir gücündədirlər. Eyni zamanda, erməni kilsəsinin təsirləri mövcuddur. O cümlədən, Ermənistanın içərisində olan Rusiyanın “5-ci kolon”u var, güc strukturlarında, ordunun içərisində. Yəni Paşinyan bir tərəfdən sülh müqaviləsini imzalamaq istəyir, digər yandan sadaladığım amillər səbəbindən qorxur.
- Bu qorxu davam edəcək deyə, sülh uzun müddət əldə olunmayacaq?
-Düşünürəm ki, Paşinyan 2023-cü ilin mart ayını gözləyir. Ümumiyyətlə, martda Paşinyanın manevr müddəti bitəcək. Paşinyan Rusiya-Ukrayna müharibəsində qış kampaniyasında Ukrayna ordusunun uğurlu əks hücumunu, Rusiyanın uğursuzluğunu gözləyir. Rəsmi İrəvan Rusiyada aranın qarışmasına, Putin hakimiyyətinin sonunun gəlməsinə ümid edir.
Xatırladım ki, Paşinyan Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı danışarkən belə bir mesaj verdi ki, İrəvan 2023-cü ilin fevral ayının sonunadək təşkilatla bağlı vəziyyəti müşahidə edəcək. Yəni ki, ondan sonra Ermənistanın KTMT-dən çıxması ilə bağlı addım atacağı gözlənilir. Diqqət edin, KTMT-nin İrəvanda keçirilən iclasında Paşinyanın sənədləri imzalamaması, Putinin gözü qarşısında iclası yarımçıq dayandırması əslində Ermənistanın Rusiya ilə münasibətləri simvolik şəkildə bitirməsi demək idi. Bu mənada, düşünürəm ki, gələn ilin yazında bir çox məsələlər aydınlaşacaq. Digər yandan, biz Brüsseldə baş verənlərdən çox, Gürcüstandakı sülh prosesi ilə bağlı gedənlərə diqqət etməliyik.
- Nə mənada?
-Gürcüstanda proses ABŞ-ın patronajlığı ilə gedir. Biz Brüsseldəki danışıqlara, Moskvadakı danışıqlara diqqət edirik, amma Tiflisdəki danışıqlara fikir vermirik. Məncə, Gürcüstandakı danışıqlara baxmalıyıq. Orada moderatorluğu Gürcüstan yox, məhz ABŞ edir. Sevindirici hal odur ki, ABŞ sülh sazişi ilə bağlı Azərbaycanın təkliflərinə “hə” deyib. Prinsipcə, Azərbaycanın təklifləri ilə ABŞ da, Avropa İttifaqı da razıdır. Hətta son açıqlamasında Lavrov da Rusiyanın buna etiraz etmədiyini bildirdi. Moskva düşünür ki, əks halda, danışıqlar prosesindən kənarda qala bilər. Deməli, biz keçmiş Minsk Qrupu həmsədrlərinin Fransa xaric, ikisinin, üstəlik, Avropa İttifaqının dəstəyini almışıq. Bu qüvvələr Ermənistana təzyiqləri artırsa, sülh sazişinin imzalanması müddəti yaxınlaşa bilər. Sadəcə Azərbaycan strateji səhvə yol verməməlidir. Xüsusilə, London və Təl-Əviv üzərindən Vaşinqtonla yaxşı iş aparsaq, sonda istəyimizə nail olacağıq.