Aprelin 11-də Azərbaycan-Ermənistan arasında şərti sərhəddə 7 nəfərin həlak olması ilə nəticələn növbəti hərbi qarşıdurma sülh müzakirələrini gündəmdən çıxara bilmədi. Rusiya Xarici İşlər Nazirliyi tərəfləri Moskvada görüşə dəvət etdi və müsbət cavab aldı, amma müzakirələrin hansı formatda, nə zaman baş tutacağı barədə hər hansı informasiya yoxdur. Qeyd edək ki, hazırda ABŞ və Avropa İttifaqı Bakı və İrəvanla intensiv dialoqu davam etdirirlər.
Srağagün ABŞ Dövlət Departamentinin Qafqaz məsələləri üzrə baş danışmanı Luis Bono, daha sonra dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla müzakirələr aparıb. XİN-in məlumatına görə, Ceyhun Bayramov “Ermənistanın hələ də silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığını, Azərbaycanın erməni sakinləri reinteqrasiya etmək səylərinə maneçilik törətdiyi” barədə məlumat verib.
“Derek Hoqan bölgədə davamlı sülhün, təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin uğurla nəticələnməsinin, mövcud məsələlərin danışıqlar yolu ilə həllinin vacib olduğunu bildirib. ABŞ-ın sülh prosesinə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb” – deyə məlumatda vurğulanıb.
Aprelin 18-də isə Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonu qəbul edib. Baş nazir ABŞ-ın regionda sabitlik və sülhün bərqərar olması üçün səylərinin vacibliyini vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ erməniləri ilə Bakı arasında beynəlxalq dialoq mexanizminin formalaşdırılması, münasibətlərin nizamlanması ilə bağlı məsələləri müzakirə ediblər. Ermənistanla Azərbaycan arasında və regional nəqliyyat infrastrukturunun blokdan çıxarılması da gündəmdə olub.
Dünən isə Baş nazir N.Paşinyan parlamentin iclasında diqqətçəkən açıqlamalar verib. O, bildirib ki, beynəlxalq ictimaiyyət 29800 kv.km ərazinin Ermənistanın ərazisi kimi tanındığını açıq şəkildə bəyan etdikdə region üçün sülh gələcək:
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır. Azərbaycanla sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün səmimiyyətlə çalışırıq. Amma sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var. Sülh sazişinin həyata keçirilməsinə zəmanət verən beynəlxalq mexanizmlərin yaradılması son dərəcə vacibdir. Əks halda, imzalanan gündən bir gün sonra müharibə başlaya və ya yeni eskalasiya baş verə bilər. Bölgədə sülhün təmin olunması kommunikasiyaların açılması vacibdir. Bu, tərəflərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Azərbaycan birbaşa, yaxud dolayısı ilə enerji və ya logistika lahiyələrin kəsişməsinə çevrilib. Bu, onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyətini artırıb. Sülhə nail olmaq – dörd qonşu ölkə ilə normal münasibətlərin olması deməkdir. Burada söhbət Gürcüstan və İranla əməkdaşlığın daha da dərinləşdirilməsindən, Türkiyə və Azərbaycanla isə münasibətlərin normallaşdırılmasından gedir”.
Maraqlıdır, Rusiya və Qərbin regionda toqquşan maraqları Azərbaycan və Ermənistan arasında sülhə imkan verəcəkmi? Paşinyanın növbəti sülhpərvər ritorikası nə qədər inandırıcıdır?
Politoloq Fərhad Məmmədov Moskva və Vaşinqtonun fəallığına diqqət çəkərək, Rusiyada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəyini bildirib. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti də bütün imkanları ilə normallaşma prosesi ilə məşğuldur. “Vaxtı ilə ABŞ-ın Azərbaycandakı səfirliyində işləmiş Derek Hoqan, eyni zamanda Erika Olson və Lui Bono tərəflərlə intensiv müzakirələr keçirirlər”, – ekspert əlavə edib.
Təhlilçi hesab edir ki, diplomatik intensivlik Vaşinqtonda və ya müttəfiq ölkələrin birində Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkil etmək üçün ciddi iş aparılmasından xəbər verir. Onun fikrincə, Dövlət Departamenti görüşün məzmunlu keçməsinə çalışır.
F.Məmmədov hesab edir ki, Azərbaycan üçün danışıqların məzmunu vacibdir. Onun sözlərinə görə, Azərbaycan diplomatiyasının əsas nailiyyəti ondan ibarətdir ki, hər iki danışıqlar platformasında eyni gündəm müzakirə olunur:
– Sülh müqaviləsi prioritetdir;
– Sülh müqaviləsi Azərbaycanın təklif etdiyi beş prinsipə əsaslanır;
– Kommunikasiyaların açılması mövzusu siyahıda ikincidir;
– Sərhəd mövzusu qoşunların çıxarılmasını nəzərdə tutmur, lakin sərhədin dəqiqləşdirilməsi üçün əsaslar müəyyən edilməlidir;
– Ermənistan tərəfinin cəhdlərinə baxmayaraq, Qarabağ mövzusu dövlətlərarası gündəmdə deyil və bunu rəsmi İrəvan da etiraf edir.
Ekspert vurğulayır ki, danışıqların məzmunu eynidir, lakin müəyyən mövzularda vasitəçilərin maraqları prioritetdir. Onun sözlərinə görə, ABŞ üçün sülh müqaviləsi faktının özü, Rusiya üçün onun iştirakı ilə kommunikasiyaların açılması və Ermənistan ərazisində yeni əlavə funksiyasının olması vacibdir:
“Lakin Ermənistan Qarabağın ermənidilli əhalisi mövzusunu Azərbaycanla münasibətlərdə müəyyən mənada ilkin şərtə çevirir. Əgər bu, yeganə ilkin şərtdirsə və Azərbaycan tərəfindən qəbul edilmirsə, o zaman İrəvan Qarabağın ermənidilli əhalisinin taleyində həmin minimal subyektivlikdən tamamilə məhrum olmalıdır. Artıq beynəlxalq ictimaiyyət buna hazırdır. Görünən odur ki, danışıqların pozulması və prosesin uğursuzluğa düçar olması Azərbaycanın bu istiqamətdə ciddi fəaliyyətinə şərait yaradacaq”.
F.Məmmədov əlavə edir ki, ABŞ və Rusiya müxtəlif səbəblərdən şərti sərhəddə nəzarət-keçid məntəqəsinin yaradılmasına qarşı həmrəylik nümayiş etdirirlər.
“Lakin Azərbaycanın prinsipial xarakteri və danışıqlar prosesinin alqoritmi şərti sərhəddə keçid məntəqəsinin quraşdırılmasını qaçılmaz edir. Danışıqlar prosesinin gedişi üçün şərtləri dəyişmək lazımdır. Ermənistan rəhbərliyi danışıqların dalana dirənməsi üçün əlindən gələni edir” – deyə, təhlilçi vurğulayıb.
Pressklub.az